Başqa dünyalı - insan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr...
“İntellektual mətn” anlayışı “orta statistik oxucu”nu müəyyən mənada çəkindirdiyi kimi, elə “orta statistik yazıçı”nı da qorxudur.
Dərketmə dərəcələri həmişə bu tip mətnlərin yaranmasının ən böyük əngəllərindən olub, zaman-zaman yaranan bir ovuc oxucusunun ümidinə qalıb. Amma bəzən dövrünü irəliləyən ideyaları özündə ehtiva edən elə əsərlər yaranıb ki, zamanının kütləvi anlayış dərəcəsinin hədəfini vura bilib.
Çin əsilli amerikalı fantast yazıçı Ted Çanın “Sənin həyat tarixçən” kitabı məhz bu cür ədəbi nümunələrdəndir.
Ədibin karyerası ta başlanğıcdan uğurla irəliləyib.
1990-cı ildə nəşr etdirdiyi debüt romanı “Vavilon qalası” gözlənilmədən “Nebula”, “Hüqo” və “Lokus” ədəbiyyat mükafatlarına layiq görülür. Bu uğurdan ilhamlanan Çan bir-birinin ardınca tamam fərqli elmi yanaşmaları ehtiva edən əsərlər çap etdirir, XX əsrin sonlarında rəqib tanımayan dünya şöhrətli fantasta çevrilir.
Qazandığı mükafatların sayı yazdığı əsərlərin sayından çox olan Ted Çanın tənqidçilərdən ən çox müsbət rəy alan əsərləri “72 hərf”, “Cəhənnəm Tanrı olmayan yerdir” və “Sənin həyat tarixçən”dir. 2016-cı ildə kanadalı rejissor Deni Vilnev tərəfindən ekranlaşdırılan “Gəliş” (“Arrival”) filmi məhz “Sənin həyat tarixçən” povestinin motivləri əsasında çəkilib. Əsər barədə danışan linqvist Aleksandr Piperski demişdi ki, heptapod yazısının hədsiz qeyri-adi qurulmasına və tanıdığımız heç bir həqiqi dilə uyğun gəlməməsinə baxmayaraq bu dilin vasitələri elə də “heyrətləndirici” deyil. Şifahi və yazılı dil arasındakı radikal fərqlər orta əsr Avropası üçün səciyyəvi hal idi, çünki orada az qala hamı alman və italyan dilində danışıb, latınca yazırdı.
1998-ci ildə işıq üzü görən “Sənin həyat tarixçən” əsərinin ana xətti linqvistikanın Sepir-Uorf fərziyyəsinə[1] əsaslanır. Bu yanaşma güman edir ki, dil quruluşunun, onun daşıyıcısının dünyagörüşü və anlayış dərəcəsinə, eləcə də koqnitiv[2] proseslərinə birbaşa təsiri var. Məlum təsir zamanla düşüncələrini dəyişərək həyat tərzinə çevrilir. Amma əsərin quruluşu bununla kifayətlənmir.
Təsəvvür edin, başqa dünyadasınız, orada eyni fiziki qanunlar işləyir, amma tamam ayrı təyinatla. Doğuluşdan təzahürlərinə rast gəldiyiniz bu fiziki qanunlar fərqli interpretasiya qazanaraq başqa vəzifələr yerinə yetirir. Sanki adət etdiyiniz qablarda ilk dəfə gördüyünüz yeməklər yeyirsiniz. Hər şey ənənəvi, bircə dad başqadır və məlum dad bütün bu quruluşun fövqündə dayanmaqla anlayışınıza yeni üfüqlər bəxş edir.
Bu ideya indiyədək insan ağlına gələn ən fantastik nağıllara belə, həqiqət donu geyindirmək gücündədir. Əsrlərlə beynimizdə oturuşmuş və tabuya çevrilmiş qaydalar xaricində təklif olunan quruluşları qəbul etmək üçün həmişə bizə keçid yozumlar lazım olur. Burada da elə düstur qurulmalıdır ki, istənilən həyati sahəni əhatə etməklə yanaşı, allüziya yaratmamaq şərtilə bütün məntiqi mühakimələrdə keçərli olsun. Fiziki qanunlara fərqli baxmaq da min illərdir yaşadığımız və yaxşı tanıdığımızı zənn etdiyimiz bu dünyanın hələ boylanılmamış fərqli qatını önümüzdə açmış olur. Əsərdən həm də belə anlaşılır ki, bu baxışı bütün həyati sahələrə tətbiq etmək lazımi (tələb olunan) “şüur inqilabı”nın mühüm şərtlərindən asılı qalır. “Səbəb-nəticə” zəncirini ən primitiv uşaq oyunundan tutmuş, “yaradılma-dağılma” intervalına kimi böyütmək mümkündür. Müəllifə görə, “iradə azadlığı” bu məqamda düşünən beyinlərin köməyinə çatır: məxsusi təyinat – seçim etmək imkanı o sistemi qəbul edib-etməyəcəyinə stimul verir.
Əsərdə ən sevdiyim forma – intellektuallıqla emisionallıq bir-birindən yağla su kimi ayrılan məhfumlar kimi deyil, əksinə, bir-birini tamamlayan anlayışlar olaraq təqdim edilir. Bu da yaradılışın vahid formada müxtəlif yozumlar imkanına hesablanmış üsul təsiri bağışlayır.
Üslub, dil, ideya və mərkəzdəki insan – əsərdə bunlar hamısı özündən danışır. Kiçik bir əsər və bizi aydınlatmağa gəlmiş başqa dünyalılar – dolayısıyla beynimizdə yeni materiklər açacaq ideya gəmisi (artefakt). Sanki əsər öz quruluşu ilə janrını (elmi-fantastika) inkar edir, öz ideyasını özündən danışan ən səhih “müqəddəs kitab”a çevirir. Sevimli, eyni zamanda, cəsarət tələb edən yanaşmadır.
“Sənin həyat tarixçən” sonsuz elmi təcrübələrlə – cəhd və yanılmalarla yaradılan ümumi dairənin üzərinə örtük ataraq, “quyruğunu dişləyən ilan” modelini təklif edir. Burada zamanda səyahətin mümkün problemi paradoksla əlaqəli heç nə yoxdur, əvəzində keçmişlə gələcəyi qüsursuz birləşdirən zamanı dərketmə anlayışı var. Məlum məsələdə Ted Çan sələfi Robert Haynlaynı dekonstruksiya edir, ağır metalların ərimiş halıyla susuzluğumuzu yatırmağa çalışır. Bu bənzətməni təsadüfən misal çəkmədim: elmi-fantastik ədəbiyyatın patriarxı hesab olunan Haynlayn zaman anlayışını əsasən sosioloji amillərlə şübhə altında qoymağı hədəf seçmişdi, bunun üçün yetişə bildiyi ən yaxşı nəticə paradoks idi (təxminən belə: “Əgər zamanda səyahət mümkün olsa, bütün bəşəriyyətin bir fərdə çevrilmək ehtimalı böyükdür”). Çanın dünyasındasa istənilən fərd gələcəyinə toxunmaq iqtidarındadır. Bu iki ideyadan heç biri zamanın elmi biçiminə qətiyyən zərbə vurmur, əksinə, zamanın nisbiliyi qaydasının görünməyən tərəflərinə işıq salır. Bunun elmi-kütləvi ədəbiyyatla fərqi budur ki, məlum baxışların mərkəzindəki sosioloji problemlərə indiyədək toxunulmamış, amma elmə söykəndiyinə görə səhih hesab edilmə ehtimalı yüksək olan çıxış yolları təklif edir. Konkret misallar çəkərək düşüncəmizi bilərəkdən azdırıb, anlayışımızdakı qara dəliklərdən başqa dünyalara keçirir.
Göründüyü kimi, ideyalar fantastik, amma təzahürləri gerçəkdir. Özünü Ted Çanın oxucusu hesab etmək bu dünyanın “başqa dünyalısı” olmaqdır.
[1] Sepir-Uorf fərziyyəsi - Linqvistikanın nisbiliyi fərziyyəsi. Amerikalı linqvist və etnoloq Edvard Sepirlə yerlisi linqvist və Amerika hinduları dili mütəxəssisi Bencamin Li Uorfun birgə irəli sürdüyü fərziyədir.
[2] Koqnitivlik - Dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətini təsvir edir.
Səbuhi Şahmursoy