24 Fevral 2018 01:25
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın “Aşıq Ədəbiyyatı Antologiyası” toplusu nəşr edilib.

Teleqraf.com xəbər verir ki, toplunun təqdimatında mədəniyyət və incəsənət xadimləri, yazıçılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev və başqaları "Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun əhəmiyyətindən danışıblar.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

Nəşrin tərtibçilərindən biri filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının sözlərinə görə, ilk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də böyük ustad-sənətkarlarımız Dədə Qorquddan üzü bəri bir toplu halında cəmlənir: “Bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir. Son dövrlərdə Azərbaycan folklorşünaslığı milli ədəbiyyatımızın ən qədim nümunələrinin tədqiqi, toplanıb ortaya çıxarılması və nəşri istiqamətində mühüm nailiyyətlərə imza atmaqdadır. Antologiyaya daxil edilən nümunələr müxtəlif mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır. Nəşrlə bağlı maraqlı məqamı vurğulamaq istərdim, 2015-ci ilin əvvəllərində layihə üzərində işlərkən, biz, o zaman Azərbaycan Aşıqlar Birliyinin sədri olan, aşıq sənətinin görkəmli bilicisi Xalq şairi Zəlimxan Yaquba müraciət etdik və ondan antologiya üçün məqalə yazmasını xahiş etdik. Daim “Xalq Əmanəti” layihəsinin poetik toplularının təqdimatlarında iştirak edən şairimiz gördüyümüz işə çox sevindi, xeyir-duasını verdi və nəşr üçün mütləq məqalə yazacağına söz verdi. Yazdı da... Amansız xəstəlik onu taqətdən salsa da, o öz sözünə sadiq qaldı. Əfsuslar olsun ki, antologiyanı görmək Zəlimxan Yaquba qismət olmadı, “Aşıq poeziyası” cildinə daxil olan “Dahilik, müdriklik və sadəlik” məqaləsi isə böyük şairimizin ömrünü həsr etdiyi poeziya sənətinə son töhfələrindən biri oldu.

“Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb. Layihənin rəhbəri Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər