27 Aprel 2018 15:36
5 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan şərəfsizliyi qədər əzəmətli heç nə yoxdu, çünki hüdudsuzdu, sərhədi bəlli deyil, üfüq belə onun yanında toya getməlidi. Bu qara əzəmətə nəylə qalib gəlmək olar, kim bunu bacarar? Əlbəttə, sevgi. Sevgi kimdi? Ağlımdan keçən ilk adam Aqşin Yenisey oldu. Zalımoğlu o adamlardandı ki, öldüyün an yadına düşsə, dodağın püstə boyda qaçmayınca, ölə bilməzsən. Mən də səhərin gözü açılar-açılmaz hiss elədim ki, ürəyim açılmaq istəyir. Dedim, şair, gəl bir az “göftügu” edək. “Sözün açığı, mən də burda danışmağa, dərdləşməyə adam axtarıram”, - deməyinə imkan vermədim, ən sarsaq, darıxan sualı verdim:

- Şair, qəfildən səndən “hardasan” soruşsalar, nə deyərsən?

- Qocaman bir dostumuz bir dəfə mən dedi ki, şair, mənim ailəmi “hardasan” sualı dağıtdı. Yəni bu “hardasan” sualı özü qədər asan cavablarla qane olmayan sualdır. Bu il 40-ım çıxır və bu yaşda gəldiyim nəticə budur ki, “hardasan” sualına kimin soruşmağından asılı olmayaraq düzgün cavab verməməlisən. Həyatla gizlənpaç oynamağı bacarmalısan. Ona görə sənin bu sualına aldığım dərsə uyğun cavab verəcəyəm; heç özüm də bilmirəm hardayam. Düzdü, bir az şit çıxdı, amma mənim böyüdüyüm və indi olduğum yerdə heç kim olmalı olduğu yerdə deyil, öz yerində olanlar da olduğu yeri danmağa məhkumdu.

- Bütün dünya poeziyasında qürbət də sevgi kimi əzəli-əbədi mövzulardandı. Onu realda yaşayan şair bu mövzuda nələr hiss edir?

- Düzü, mənə görə qürbət mövzusunu şairlər çox şişirdiblər, eynən sevgi, vətən mövzuları kimi. Elə vətənlər var ki, qürbət ondan min dəfə doğmadır. Şair vətənin bioloji varisidir, buna nə şair, nə də vətən qıcıqlanmalıdır. Bu yaxınlarda Argentina yazıçısı Daniel Montavaninin həyatından bəhs edən bir filmə baxdım. Adam 40 il getmədiyi və ömrü boyu əsərlərinə mövzu seçdiyi Salas qəsəbəsinə qayıdır və onu qız üstündə öz dostu qaban gülləsi ilə arxadan vurur. Bunu hər bir şair hər bir vətəndən gözləməlidir və təbii qəbul etməlidir. Mən Azərbaycanda olanda Azərbaycan üçün buradakından çox darıxırırdım. Yəqin ki, qayıdandan sonra da belə olacaq.

- Bir türk şairi deyirdi ki, mən qürbətdə deyiləm, qürbət mənim içimdə… Qürbət sənin harandadı?

- Mən romantikanın bu qatını heç vaxt sevə bilmədim. Bu cür ayrıla bilməmək, unuda bilməmək kimi giley-güzar poeziyası şüurun müqəddəslik dövrünə aiddir. Vətəni müqəddəsləşdirmək, qadını müqəddəsləşdirmək, usağı müqəddəsləşdirmək insanın, millətin gözünü bağlayır, gələcəyi görməyə qoymur. Ona görə dəvədəlləyinə oxşayan bir xanıma görə biri gedib özünü asır, başqa bir millət müqəddəs keçmişinə elə aludə olur ki, öz kosasını, keçəlini gətirib süni zəkaya qarşı qoyur. Buna görə də mənim nə həyatımda, nə yaradıcılığımda müqəddəs heç nə yoxdur. Qürbət məni şeir yazdıracaq qədər sarsıda bilmədi.

- Qürbətdə deyirdin ki, Zülali, vətənim var,

Ensin gözünə qarə su, Ağsu vətən oldu?.. - Qürbəti qürbət, vətəni vətən eləyən nədi?

- Sözün açığı, Türkiyəyə qürbət demək bir az xətrimə dəyir. Pivənin bakalı 1.50, kababın şişi 5 AZN olsaydı, Türkiyəyə Azərbaycan deyərdim mən. Bu iki ölkədəki fərqlər yalnız Azərbaycanın 200 il işğal altında olması, Türkiyənin həmişə azad olmasına görə yaranan səthi fərqlərdir. Hər iki xalqın milli şüuru, milli psixologiyası, əxlaqa, zamana münasibəti, aşağı-yuxarı eynidir. Bir-birilərindən səthi üstünlkləri və çatışmazlıqları var. Məsələn, bizdə orta təhsilin səviyyəsi yuxarı, universitet təhsili aşağı səviyyədədir, Türkiyədə əksinə. Buna görə də Türkiyədə adını yazıb-oxuya bilməyənlərin sayının çox olmasına baxmayaraq, akademik beyinləri dünya səviyyəlidir. Azərbaycanda isə hamı yazıb-oxuya bilir, amma dünyaya çıxarılası akademik beyinlərimiz, demək olar ki, yoxdur. Hər iki ölkə bir-biri ilə təhsil bazarlığı edib bu fərqi, uzağı 20-30 ilə aradan qaldıra bilər. Yaxud Türkiyə səhiyyəsindəki sığorta sisteminin tətbiqini Azərbaycan özününküləşdirə bilər. İnanın ki, vətəndaşlarımızın narazılığı yetmiş faiz aradan qalxar və burada təhsil alan, dünyada bircə ərizə ilə işə qəbul edilən uzman həkimlərimiz öz ölkəmizə qayıdar. Mən qürbətdə belə şeyləri fikirləşirəm, gözümə də nə qara, nə də ağ su enir.

- Məsələn, Ankarada vətənin nəyi üçün darıxırsan? Ya elə bir hiss yoxdu?

- Bu barədə bir dəfə yazmışdım; dostlar və kababdan başqa heç nə üçün darıxmıram. İkincisi, mən bizim darıxmaqdan şikayət edən şairlərimizi başa düşmürəm. Şair darıxmayıb da kim darıxmalıdır bu dünyada. Mən darıxmadığım gün özümü çox mənasız hiss edirəm. Keçmişdə qaraciyərimin qız vaxtı, belə günlərdə içib özümü mənalandırırdım. İndi yeni ziyanlı vərdişlər axtarışındayam. Nitsşenin sözü olmasın, məncə, şair həmişə özünü təhlükələrin içində hiss etməlidir. Ancaq mən burada pul, şöhrət gətirən təhlükələrdən danışmıram. Bircə cümlə ilə özümü həbs etdirib adımı ağızdan-ağıza uçuraram. Amma mən Bulqakovla Soljenitsinin fərqini çox yaxşı bilirəm. Mən öz təhlükələrini yaradan müəllifləri sevirəm. Stalin getdi, Putin gəldi, Soljenitsin bitdi.

- Heç bir kommuniukasiya vasitəsi olmasa, qürbəti ölümün imitasiyası kimi təsəvvür etmək olarmı? Ölmüş adam haqda da düşünürlər, yada salırlar, ancaq əl çatmır, qürbətdəkinə də. Sadəcə, bircə ümid var: Qayıdacaq haçansa…

- Abi, nəsə bu gün sən pessimist, mən nikbinəm. Amma bunun əksi olmalıydı. Çünki vətəndə olan sənsən, qürbətdə olan mən. Bir dəfə Stefan Sveyqin faşizmin təqibindən əvvəlcə Avropanın bir neçə ölkəsinə, daha sonra Braziliyaya qaçıb orada arvadı ilə intihar etdiyini oxuyanda durub bu acınacaqlı yazıçı taleyinin təsiri altında evdə güzgüyə baxdım və məşhur lətifədəki alkaş kimi öz-özümə dedim:

“Aqşin Yenisey, sənin nəyin çatışmır?” Bizim ədəbiyyatın ağlağanlığı bohem həyata olan qorxudan irəli gəlir. Modernizm oğurluqdur bizim poeziyada. Yaşamadıqlarımızı başqalarının misraları ilə yazmışıq. Yaşadıqlarımız isə o qədər kütləvi vəziyyətlərdir ki, yazmağa utanırıq. Bu yaxınlarda bir Azərbaycan repçisinin erotik videosu yayılmışdı. Adam çıxıb “əcəb eləmişəm” demək əvəzinə, ağlaya-ağlaya, az qalırdı etiraf etsin ki, mən, əslində, repçi yox, muğam ustasıyam. Dünyada insanlara qurşaqdanaşağı azadlıq dərsini repçilər öyrədir. Bizim repçinin ailə tərbiyəsi haqqında bircə hədis danışmadığı qaldı. Demək istədiyim odur ki, yaradıcı adam gərək mərsiyəxan olmasın, lazım gələndə, qürbətdən vətən, vətəndən qürbət düzəltməyi bacarsın.

- Şairlərin dediyi o “qürbət ağrısı” həqiqətən var, ya şair sözü əlbəttə, yalandır?

- Əlbəttə, yalandır. Azərbaycanın sərhəd-keçid məntəqələrinə gedin, görün nə qədər adam vətən ağrısını müalicə etmək üçün qürbətə üz tutur. İstər oliqarx olsun, istər mənim kimi vələmyesir.

- “Gəzməyə qürbət ölkə” fəlsəfəsinə necə baxırsan?

- Boş söhbətdir. Milli kompleksdir. Məişət kişnərtisidir. Sadəcə, biz insan azadlıqlarının ailəmizə, evimizə girməsinin istəmirik, ona görə gözümüz onun-bunun ailəsində, evindədir. Mən bir dəfə yazmışam, bir də yazıram: evində olmayan demokratiyanı, azadlığı hansısa hakimiyyətdən istəməyə heç bir vətəndaşın haqqı yoxdur.

- Nə vaxt qayıdırsan e?))

- Yayda Bakıda NZS-lə noxudun toyuna dəvətliyəm.)))


Müəllif: Pərviz Cəbrayıl

Oxşar xəbərlər