II Yazı
Əvvəli burada
Əlifba məsələsində Məhəmmədəmin Rəsulzadənin islahatçılar qanadında yer almasını özü də mühacirətdə yazdığı bir məqaləsində qeyd edib. Amma Rəsulzadənin Sovet Azərbaycanında qəbul edilən Latın əlifbasına qarşı çıxmasının səbəbləri məhz bu konteksdə deyildi.
M.Rəsulzadə “Yeni Kafkasya” jurnalının 1923-cü ildə çap olunan ikinci sayındakı “Azərbaycanda Latın əlifbası” adlı məqaləsində mühacir azərbaycanlıların buna qarşı çıxmasının əsl səbəbini bu şəkildə qeyd edib: “Azərbaycan Latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar edəcək əsərləri Anadolu oxuya bilməz”.
Rəsulzadəyə görə, Latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər. Bu əlaqənin qırılmasını Çar Rusiyasının fərqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gəlişinə qadağa qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazan Rəsulzadə fikrini bu şəkildə izah edib: “Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası – D.Ə) cəbrən Latın hərflərini də tətbiq etdirsəydi, bugünkü milliyətpərvərlikdən və milli kültürdən bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibətdə bulunan yerli mətbuat idi”.
Rəsulzadə bu məsələdə olduqca haqlı idi. Çar Rusiyası dövründə İstanbulda yaşanan hadisələri, oradakı fikir və siyasi mücadilələri Qafqaz Azərbaycanında məhz mətbuat vasitəsilə xəbər tuturdular. Təkcə Osmanlı ilə deyil, Krım, Türküstan, Misir və s. bölgələrlə də əlaqələr bu əlifba üzərindən qurulurdu. İstanbulda çıxan mətbuata Bakıda abunə olunurdu, eləcə də Bakıda çıxan qəzetlər Osmanlı paytaxtına göndərilirdi. Əgər Çar dövründə Azərbaycanda Latın əlifbası qəbul olunsaydı, bu mədəni əlaqələrdə qopuqluq olacaqdı. Rəsulzadə 1922-ci ildə Azərbaycanın Latın əlifbasına keçməsini də məhz bu səbəbdən qəbul edə bilmirdi. Çünki təkcə Azərbaycanın Latın əlifbasına keçməsi onu Türkiyə və türk-müsəlman dünyasından ayıracaqdı. Buna görə də Rəsulzadə həmin məqaləsində yazırdı: “İşğal hökuməti Azərbaycanın əsgəri, siyasi, iqtisadi istiqlalını imha eylədiyi kimi, Latın hərflərinin tətbiqi ilə mədəni istiqlalını da imha edir. İştə bu siu-qəsdi duyan Azərbaycan gəncliyi bütün qeyrəti ilə Latın hərflərinin feilən tətbiqinə mane olur”.
Rəsulzadə Türkiyədə bu məqaləni yazdığı zaman yeni qurulan Türkiyə Cümhuriyyətində Latın qrafikasına qarşı çıxanlar çoxluq təşkil edirdi. 1923-cü ildə toplanan İzmir İqtisadi Konqresində Nazmi bəy Latın əlifbası ilə bağlı təklif irəli sürsə də, Kazım Karabekir paşa buna açıq şəkildə qarşı çıxmışdı. Karabekir “Hakimiyyəti-Milliyyə” qəzetində yazdığı məqaləsində 350 milyonluq müsəlman dünyasının bu hərflərdən istifadə etdiyini bildirib:
“Bu fikrin müdhiş bir fəlakət olduğunu Arnavut qövmü də çox gec olsa da anladı. Təəssüflə ərz edirəm ki, azərbaycanlı qardaşlarımız da bu fəlakətə bu gün düçar oldu”.
Göründüyü kimi Karabekir paşa Azərbaycanın Latın əlifbasına keçməsini fəlakət olaraq qeyd edib. Rəsulzadə də bu kimi fikirləri birbaşa oxuduğu üçün Türkiyənin Latın əlifbasına qısa zamanda keçəcəyini zənn etməyib.
Digər tərəfdən mühacir mətbuat da ərəb əlifbasında çıxdığı üçün yeni yetişən gənclik gizli şəkildə Sovet Azərbaycanına daxil edilən bu mətbu orqanları oxuya bilməyəcəkdi. Həm də Latın qrafikası ilə çıxan kitablar bolşevik ideologiyasına xidmət edəcəkdi. Buna görə də Rəsulzadə “Yeni Kafkasya” jurnalının 1926-cı ildə çıxan 5-6-cı qoşasayında dərc olunmuş “Türk harsı təhlükədə” adlı məqaləsində yazırdı: “Azərbaycan Rus kültürü ilə Türk kültürünün mücadiləsinə səhnədir. Bu mücadilədə Rus kültürü qalib gəlir və bu qələbəni ruscaya təmin edən şey, bilxassə Latın hərfinin tətbiqidir. Oxumaq-yazmaq ehtiyacında bulunan amələ ya əski əlifbanı, yaxud ruscanı tərcih edirmiş... Çünki latın yazısı ilə oxumağı öyrənən amələ mədəni və həyati ehtiyacını rəf üçün oxuyacaq hansı kitabı bulur deyə düşünmək məcburiyyətindədir. Halbuki rusca öyrənərsə “mümtaz və zəngin” bir lisanın açarını əldə edir ki, bu lisanda hər cür əsərləri bulduğu kimi üstəlik olaraq haiz olduğu “Oktyabr qüdsiyyəti”ndən də fayda görə bilər”.
Göründüyü kimi Rəsulzadəyə görə Latın qrafikası ilə əsər tapa bilməyən gənc məcburi şəkildə rusca öyrənib daha geniş şəkildə bolşevik təbliğatına məruz qalacaqdı. Türkiyənin Latın əlifbasını qəbulu və Rəsulzadənin mövqeyi Rəsulzadənin bu məqaləsini yazmasından cəmi iki il sonra Türkiyə Cümhuriyyəti latın qrafikalı Türk əlifbasını qəbul etdi. Mustafa Kamal Atatürkün bu radikal islahatı etirazlara rəğmən həyata keçdi və qısa zamanda yaradılan Dil heyəti və Millət məktəblər vasitəsilə yeni əlifba xalqa kütləvi şəkildə öyrədilməyə başladı. Bu işin liderlərindən biri də “Baş müəllim” ləqəbini alan Mustafa Kamalın özü idi. Türkiyənin bu addımı Sovet Azərbaycanında Rəsulzadəyə qarşı ittihamlara səbəb oldu. Keçmiş parlament üzvü, bolşevizmin qızğın tərəfdarlarından Əliheydər Qarayev “Kommunist” qəzetində yazdığı “1 Yanvar-Böyük inqilab bayramıdır” adlı yazısında Rəsulzadəyə qarşı ağır ifadələr sərgiləyib, məqaləsində təhqirəmaiz karikatura da çəkərək onun “Azəri Türk” jurnalındakı məqaləsinə də toxunub. Çünki həmin məqaləsində Rəsulzadə Türkiyə də Latın əlifbasına keçəcəyi üçün fikirlərində dəyişiklik edib.
Ə.Qarayev Rəsulzadənin yanıldığını, Rusiyanın məqsədinin ruslaşdırmaq olmadığını qeyd edib. (Amma Əliheydər Qarayevin ömrü cəmi 10 il sonra Latın əlifbasının rus əlifbası ilə əvəzlənəcəyi dövrü görməsinə yetmədi). Artıq Türkiyə də latın qrafikasına keçdiyi üçün mühacir mətbuat da bu əlifba ilə nəşr olunacaqdı. İstanbulda nəşr etdiyi “Azəri-Türk” jurnalında çap etdiyi, Qarayevin də məqaləsində sitat verdiyi yazısında Rəsulzadə fikrinin nə üçün dəyişdiyini geniş izah etməklə bərabər özünün də vaxtilə islahatçılar qanadından olduğunu bilavasitə bildirib. Rəsulzadənin özünün təsbiti ilə biz onun əlifba müzakirələri zamanı ərəb əlifbasının islah edilməsi tərəfdarlarından olduğunu görürük.
“Azəri Türk” jurnalının 1928-ci ildə çıxan 18-ci sayında dərc olunan “Hərf inqilabı müvacəhəsində” adlı məqaləsində M.Rəsulzadə öz fikirləri ilə üzləşib. Əlifba islahatı haqqında geniş xülasə verən Rəsulzadə vaxtilə dərc etdirdiyi məqalələrində Latın əlifbasına qarşı çıxmalarının səbəbini bu şəkildə izah edib: “Biz ötədən bəri vuqu bulan nəşriyyatımızda bu məsələdə islahatçıların nöqteyi-nəzərini müdafiə etmiş bulunurduq. Azərbaycandan başlayaraq bugünkü Sovetlər İttihadı daxilində qalmaq zərurətində bulunan bütün Türk cümhuriyyətlərində tətbiq olunan Latın hərflərinə bu nöqteyi-nəzərdən qarşı gəlirdik”.
Rəsulzadə qeyd edir ki, əgər nəşrlərimiz diqqətlə tədqiq olunsa, ən böyük əndişəmizin türk millətləri arasındakı mədəni birliyin qarşısının alınması olduğu görünər: “Milli Azərbaycan hökuməti zamanında da məsələ müzakirə edildikdə bu əndişə Azərbaycan siyasilərinin məfkurəsi üzərində hakim bir təsir göstərmişdir... Azərbaycanın yanı başındakı qardaş Türkiyə də Latın hərfləri ilə yazmağa başlayınca kültür sahəsindəki ayırma siyasəti təbiəti ilə sarsılmış olur”.
Rəsulzadə məqaləsində islahatçıların inqilabçılara məğlub olmasının səbəbini də dəqiq şəkildə izah edib: “İslahatçılıq cərəyanının əməliyyat sahəsində geri qalması, Türk ellərindəki kültür xadimlərinin və ümumiyyətlə müasir həyatın idarəsinə müvəkkil bulunan münəvvər qismin Avropa kültürü təsirində olması, siyasi, iqtisadi və ictimai sahələrdə Avropa metod və texnikasının istər-istəməz idealizə edilməsi Şərq milliyyətçiliyi sistemində müəyyən bir ruhu hakim qılmışdır ki, bu, vaxtında hərəkət edə bilməyən hərf islahatçılığının hərf inqilabçılığına məğlubiyyətinə səbəb olub”.
Rəsulzadə açıq şəkildə islahatçıların praktik fəaliyyətdə zəif davrandıqlarını bildirib. Çünki həm Osmanlıda, həm Azərbaycanda islahatçıların təklifləri yetərli diqqət görmədiyi üçün praktikada tətbiq olunmayıb. Ənvər paşanın ordu üçün hazırladığı əlifba da uğursuzluqla nəticələnmişdi.
Rəsulzadə məqaləsində önəmli bir məsələyə də toxunub. Baxmayaraq ki, Türkiyə və Azərbaycan hər ikisi artıq Latın əlifbasında yazacaqdı, amma əlifbada bəzi işarələrdə fərqliliklər də vardı. Buna görə də Rəsulzadə 1929-cu ildə artıq latın qrafikası ilə çap etdiyi “Odlu Yurt” jurnalında “Arapça, Türkçe, Sovyetçe” başlıqlı cədvəl də təqdim etmişdi. Burada məqsəd mühacirətdəki azərbaycanlıların Sovet Azərbaycanındakı Latın əlifbasını öyrənmələri üçündü. “Odlu Yurt” jurnalında Rəsulzadənin müsavatçıların Türkiyədəki Latın əlifbasını öyrənmələrinin zəruri olması ilə bağlı qərarı da dərc olunub.
Rəsulzadənin sadiq silahdaşlarından Mirzəbala Məhəmmədzadə də “Odlu Yurt” jurnalının 1929-cu ilin mart ayında çıxan 1-ci sayında yer alan “Yeni Türk əlifbası və bolşevik mətbuatı” adlı məqaləsində eyni mövqeni bölüşüb: “Bizcə, Azərbaycanın təkbaşına Ərəb əlifbasından Latın sisteminə keçməsi və bütün Türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olacaqdı. Türkiyənin Ərəb əlifbasında qalması və Azərbaycanda yeni əlifbanı tətbiq edənlərin milli kültür və milli mədəniyyət düşməni bolşeviklərdən ibarət olması Azərbaycanda bütün türkçü və milliyətpərvər ünsürləri Latın əlifbasının əleyhdarı etmişdi... Türkiyənin ərəb hərflərindən vaz keçərək Latın əsasından yeni bir əlifba qəbul etməsi məsələnin şəklini dəyişdi”.
Beləliklə, “Məhəmmədəmin Rəsulzadə Latın əlifbasına niyə qarşı çıxmışdı?” sualına cavabı məhz onun öz yazıları ətrafında cavab verməyə çalışdıq. Rəsulzadə qarşılıqlı təsir altında olan Osmanlı-Qafqaz, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin və dolayısı ilə ictimai-siyasi əlaqələrin qarşısının alınması məqsədilə bolşeviklərin Latın əlifbasını tətbiq etdiklərini düşünüb. Amma Türkiyə də Latın əlifbasına keçdiyi üçün ən azından mədəni sahədə bu əlaqələrin davam edəcəyini hesab edib.
Amma bolşeviklər kimi Rəsulzadə də 10 il sonra tamam fərqli bir addımın atıldığını görəcəkdi. Türkiyə ilə əlaqələri kəsmək üçün Sovet İttifaqına daxil olan türk və müsəlman xalqları kiril əlifbasına daxil ediləcəkdi.