10 İyul 2014 17:22
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda mübarək Ramazan ayını yaşayırıq. Son illər Azərbaycanda oruc tutan, ibadətlə məşğul olanların sayı sürətlə artır.

Maraqlıdır, Azərbaycanda nazir, deputat və digər səlahiyyətlilərdən kimlər oruc tutur?

YAP-çı millət vəkili Aydın Mirzəzadə oruc tutmadığını bildirib: “Dini qaydaların bir qisminə riayət etsəm də oruc tutmuram. Bu günədək heç vaxt oruc tutmamışam”.

“Qorxmaz müəllimin oruc tutub-tutmadığını bilmirəm” - deyən, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı özü barədə bunları söyləyib: “2 ay əvvəl əməliyyat olunduğuma görə oruc tuta bilmirəm. Həyatım boyu təxminən 3-4 dəfə oruc tutmuşam. Namaz qılmasam da araq da içmirəm, siqaret də çəkmirəm”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bu sualın şəxsi həyatla bağlı olduğunu düşünüb, nazirlə bağlı cavab vermək istəmədiyini bildirib. Özünün oruc tutub-tutmamasını xəbər aldıqda isə tutduğunu söyləyib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə nazir Mikayıl Cabbarovun oruc tutub-tutmaması barədə danışmaq istəmədiyini deyib.

Millət vəkili Zahid Oruc isə “Mən ömürlük orucam”-deyə, soyadının bu sualla yaxınlıq təşkil etdiyini söyləyib: “O vaxt namizədliyim ərəfəsində “Dində mübarək oruc, namizəddə Zahid Oruc” - deyə, şüar tərtib edilmişdi. O vaxt istəyən-istəməyən xeyli insan üstümüzə gəlmişdi. Halbuki bu, sırf piar texnoloqlarının işlədiyi üsul idi. İndi bu sualı verdiniz, o zamanlar yadıma düşdü. Ümumən isə oruc tutanlara dəyər verirəm. Çevrəmdə namaz qılan, oruc tutan adamlar mövcuddur. Mən isə sırf işimlə əlaqədar olaraq oruc tutmuram. Özümü gələcək perspektivdə oruc tutmaqdan da kənar görmürəm. Mənə görə həyatını doğru-dürüst yaşayan insanlar elə oruc tutanlara bərabərdir”.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər