18 İyul 2014 18:28

"Onlara lazımdır ki, durub Əli Kərimlini tərifləyəsən, ondan bir büt düzəltmək istəyirlər”

Teleqraf.com Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Kaspi” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Sərdar bəy, xalq hərəkatında fəal iştirak edən siyasətçilərdən biri kimi AXC-nin 25 illiyinin AXCP və Müsavat Partiyası tərəfindən ayrı-ayrılıqda qeyd edilməsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Müsavat və AXCP Azərbaycan tarixindən sui-istifadə etməyə, bununla reytinq qazanmaqda maraqlıdır. Müsavat Partiyası öz aləmində 1911-ci ildə yaradılmış Müsavatın davamçısı sayır özünü. Bununla reytinq əldə etməyə çalışır. AXCP də AXC-nin reytinqindən istifadə etmək istəyir. O dövrdə bütünlüklə Azərbaycan xalqının apardığı siyasi mübarizəni bu gün Əli Kərimlinin rəhbərlik etdiyi AXCP öz fəaliyyəti, öz siyasəti kimi qələmə verir. Bu baxımdan hər ikisi yanlış yoldadır. Bunu AXC liderlərinin hər biri yaxşı başa düşür. Bilirlər ki, nə Müsavat Partiyası əski Müsavatın, nə də indiki AXCP 1989-cu ildə yaradılan AXC-nin varisidir. Hazırda AXCP-nin bir neçə variantı var. Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi KXCP, Qüdrət Həsənquliyevin sədrlik etdiyi BAXCP və Əli Kərimlinin lideri olduğu AXCP. Ola bilər ki, sabah bir nəfər də çıxıb adında xalq cəbhəsi olan başqa partiya yaratsın. Bunlar bu cür dağınıq şəkildədirlər. O vaxtkı AXC ilə indiki AXCP-nin heç bir əlaqəsi yoxdur. Mənim AXC-nin yaradılmasında şəxsən Əli Kərimlidən daha böyük xidmətim var. Azərbaycan xalq hərəkatında olan adamların hər biri bunu dəqiq bilir. Lakin mən bunu əsas tutaraq, heç zaman AXC-ni bu və ya başqa bir formada öz adıma çıxmağa cəhd göstərməmişəm. AXC dövründəki fəaliyyətimi də bugünkü ADP-yə reytinq yığmaq naminə xərcləmirəm. Bunlar isə Azərbaycan xalq hərəkatının bütün nailiyyətlərini öz adlarına çıxırlar. Bu hərəkatın əksər təsisçiləri də adıçəkilən partiyaların bu hərəkətlərini gördükləri üçün onların təşkil etdikləri tədbirlərə qatılmırlar. Əli Kərimlinin yubiley tədbirindəki çıxışının bütün leytmotivi də AXC-nin nailiyyətlərini AXCP-nin adına çıxmağa yönəlmişdi. Əli Kərimli çıxışında partiya olmadıqlarını, qrup maraqlarını müdafiə etmədiklərini diqqətə çatdıraraq, AXC-nin davamçısı kimi ümumi və xalq maraqlarına xidmət etdiyini, hər bir vətəndaşın hüquqlarını qoruduqlarını bildirdi. Amma həmin tədbirdə istəmədiyim halda mənə danışmaq üçün söz verirlər, fikrimi ifadə edib tarixin gerçəkliklərini ortaya qoyanda dərhal sözümü kəsir, fitə basır, ayaqlarını döşəməyə çırpır, fikrimi tamamlamağa imkan vermirlər. Əli Kərimli də bircə dəfə də olsun durub demir ki, ay camaat, imkan verin bu adam sözünü sona çatdırsın.

- Sizcə AXCP-nin keçirdiyi yubiley tədbirində çıxışınıza qarşı aqressiv münasibət göstərilməsi nədən qaynaqlanır?

- Mən tədbirdəki çıxışımda dedim ki, Azərbaycan tarixini Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy arasında sıxışdırmaq olmaz. Bunlar elə bilirlər ki, tarix Məhəmməd Əmində yaranıb, oradan da tullanıb Əbülfəz Elçibəyə. Halbuki Azərbaycan tarixində xidməti, yeri olan onlarla şəxsiyyətlər var. Mən də bunu əsas götürüb Şah İsmayıl Xətaidən üzü bu yana Azərbaycan tarixində xidməti olan insanlardan danışanda, SSRİ-yə qarşı tək Azərbaycanın deyil, bütün müttəfiq respublikaların, həmçinin 20-yə yaxın Şərqi Avropa ölkəsinin mübarizə apardığını və məhz bu gücün sayəsində SSRİ-nin məğlub olduğunu deyəndə, fikrimi tamamlamağa qoymadılar. Görünür belə reallıqlar bunlara lazım deyil. Onlara lazımdır ki, durub Əli Kərimlini tərifləyəsən, onu Azərbaycan xalqının xilaskarı, Əbülfəz Elçibəyin davamçısı kimi qələmə verəsən. Yaxud deyəsən ki, tarixdə yalnız Məhəmməd Əmin Rəsulzadəyə və Əbülfəz Elçibəyə Allahdan bir lütf verilib, indi də bu, Əli Kərimliyə keçib. Ondan başqa, Azərbaycan tarixində, dövlətçiliyində xidmətləri olmuş adamların, siyasi xadimlərin heç bir əhəmiyyəti yoxdur. Yəni, bunların düşüncə tərzi budur.

- Sizcə, alternativ fikrə, tənqidə qarşı niyə belə dözümsüzlük var onlarda?

- Adətən, bəzi insanlar özlərinə barama qurdu kimi imaqo yaradırlar. Siyasətdə də hamının, o cümlədən mənim də imaqom var. Bu belə izah olunur ki, lider tam çılpaqlığı ilə xalqın qarşısına çıxanda o, xalq tərəfindən lazımi səviyyədə dəstək qazana bilmir. Ona görə də bütün dünyada imicmeykerlərin əsas işlərindən biri liderlər üçün imaqo qurmaqdır. Amma elə adamlar var ki, onlar elə imaqodan ibarətdir. Yəni, onların içərisində bir şey yoxdur. Onun işi-gücü həmin imaqonu qurmaqdan ibarətdir. AXCP-nin bir qədər əvvəl söylədiyim məsələlərə özünəməxsus şəkildə reaksiya verməsinin səbəbi də içi boş imaqoya malik olmaları ilə bağlıdır. Əgər onlar bir balaca elmə, mənaya, tarixə, həqiqətə tərəf getsələr, düzəltdikləri imaqo puç olacaq. Ona görə də bunlar heç cür alternativ fikri qəbul etmir, gerçəklikləri görmək istəmirlər. Məni təqsirləndirirlər ki, niyə çıxışlarını akademik, elmi səviyyədə edirsən? İzah edirəm ki, insan hər zaman savadlı, elmi danışmalıdır. Məgər təkcə “istefa-istefa” deməklə iş qurtarır? Bundan başqa hər bir siyasi partiyanın, onun liderinin əsas öhdəliklərindən biri də insanlar arasında siyasi maarifləndirmə aparmaqdır. Bu öhdəlikləri, vəzifələri yerinə yetirmək əvəzinə siyasi imaqo yaratmaq düzgün deyil. Bu qanuna da, əxlaqa da, siyasi mədəniyyətə də zidd hərəkətdir.

- “Azadlıq” qəzetinin bu günkü (red. Dünənki) sayında AXCP-nin keçirdiyi yubiley tədbirindən hazırlanan reportajı oxudum. Digər iştirakçılardan fərqli olaraq, Sizin çıxışınız çox qısa şəkildə əhatə olunub. Bunu necə qarşıladınız?

- Mən ümumiyyətlə “Azadlıq” qəzetini oxumuram. Yaxşı bilirəm ki, həmin qəzet çox ciddi senzuradan keçir. O qəzetin səhifələrində Əli Kərimlinin xoşuna gəlməyən hər hansı adamın AXCP sədri, eləcə də onun partiyası haqqında söylədiyi fikirləri çap edilə bilməz. Bilirəm ki, bu qəzetdə qabaqcadan seçilmiş materiallar çap olunur. Belə olan halda nəyə görə həmin qəzeti almalı, yaxud da oradakı materialları oxumalıyam? Heç vaxt həmin qəzeti oxumuram. Etiraz əlaməti olaraq, bu günə qədər həmin qəzeti bir dəfə də açmamışam.

- Siz Müsavatın keçirdiyi yubiley tədbirinə də dəvət almışdınızmı?

- Müsavat Partiyasının keçirdiyi yubiley tədbirinə məni dəvət etməmişdilər. Çünki İsa Qəmbər ağıllı adamdır və bilir ki, Sərdar Cəlaloğlu o tədbirdə olacağı təqdirdə, necə Əli Kərimlinin tədbirində çıxış edibsə, orada da çıxış edə bilər. Yəni, Müsavatın yubiley tədbirinə dəvət alsaydım, orada da hadisələrə obyektiv münasibət bildirəcəkdim, AXC-nin fəaliyyətini düzgün təhlil edəcəkdim. Bu isə onlara qətiyyən sərf etmir.

- Sərdar bəy, AXC-nin yubiley tədbiri və orada baş verənlərdən kənara çıxıb AXCP ilə Müsavat arasındakı münasibətlərlə bağlı sual da vermək istəyirəm. Sizcə onlar arasındakı gərginlik, bir-birinə qarşı olan qısqanclıq, düşmənçilik münasibətlərinin səbəbi nədir?

- Azərbaycan xalq hərəkatına qoşulan insanlar əsasən iki prinsipə görə bura qoşulmuşdular. Birinci prinsip səmimi olaraq hərəkat, Azərbaycanın müstəqilliyi naminə özünü fəda etmək idi. Bir çoxları da məhz buna görə hərəkata gəlmişdilər. İkinci prinsip isə bu hərəkatdan qazancla çıxmaq idi. Çox təəssüf ki, bəziləri buna görə hərəkata qoşulmuşdular. Bu hərəkatdan qazananlar özləri də müxtəlif qruplara bölünmüşdülər. Onlar arasında pul, vəzifə, siyasi reytinq və sair qazananlar var idi. Əli Kərimli ilə İsa Qəmbər Azərbaycan xalq hərəkatında reytinq qazanmaq uğrunda yarışa girmişdilər. Hətta yadıma gəlir, Əbülfəz Elçibəy hakimiyyətdə olanda İsa Qəmbərin nəzarəti ilə çıxan qəzetlərdən biri yazırdı ki, İsa Qəmbər bu qədər ağıllıdırsa, nəyə görə ikinci adam olmalıdır? Çox kəskin və tənqidi ruhda olan bu yazı Əbülfəz Elçibəyin prezidentliyinin ikinci ayında yazılmışdı. Bununla demək istəyirdilər ki, Əbülfəz bəy prezidentlikdən getsin onun yerinə İsa Qəmbər gəlsin. O zamankı mübarizə indi də davam etməkdədir. Vaxtilə Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinin bir səbəbi də Əli Kərimli ilə İsa Qəmbərin intriqaları, rəhbərlik etdiyi dəstələrin bir-biri ilə boğuşması, iqtidar daxilində bir-birilərini nüfuzdan salmaları idi. İndi də həmin intriqa, savaş davam edir. Həm İctimai Palatada, həm də Milli Şurada biz bunların bir daha şahidi olduq. Heç bir blokda bunlar bir ildən artıq qalmırlar. Çünki istənilən blok və ya birlikdə ya Əli Kərimli istəyir öz liderliyini təmin etsin, ya da İsa Qəmbər. Maraqlar toqquşduğu üçün sonda ya həmin birliyi tərk edir, ya da siyasi bloku parçalayırlar. Yeri gəlmişkən, AXC-nin 25 illiyi ilə bağlı AXCP-nin keçirdiyi tədbirdə Əli Kərimli dedi ki, guya indiyə kimi yaranan bütün blokların təşəbbüskarı AXCP olub. Halbuki, Azərbaycanda heç bir blokun yaradılmasının təşəbbüskarı AXCP deyil. Əsl gerçəklikdə bütün blokların parçalanmasında, dağılmasında AXCP aktiv şəkildə iştirak edib. Göründüyü kimi tarixi, əsl gerçəkliyi tərsinə çevirib insanlara təqdim edirlər. Bununla da tərəfdarları Əli Kərimlidən bir büt düzəltmək istəyirlər. Bu adamın ətrafında savadlı şəxslər olsa, onu başa salarlar ki, ay bala, bu şəxsiyyət kultu demokratiya ilə bir araya sığmır. Əgər sən partiyaya, ətrafına insanları cəlb etmək istəyirsənsə, bunu gördüyün işlərlə, savadla, qabiliyyətlə etməlisən. Yoxsa, istənilən tədbirə özü ilə 20-30 adam gətizdirib onlara “Yaşasın Əli Kərimli” dedirtməklə, tarixi reallıqlar barədə fikir söyləyən adamları fitə basmaqla nailiyyət əldə etmək olmaz. Bu, siyasi savadsızlıq, siyasi mədəniyyətsizlikdir.

- Sizcə partiyalararası bu didişmə, qarşılıqlı ittihamlar bütövlüdə müxalifətin ümumi işinə necə təsir edir?

- Bu münasibət yalnız müxalifətə deyil, Azərbaycanda siyasi rəqabətin formalaşmasına, normal siyasi mühitin yaranmasına, siyasi inkişafa, dialoqa, xalqın həmrəyliyinə mənfi təsir göstərir. Hətta o qədər ağır zərbə vurur ki, Azərbaycan müxalifətinin bir araya gəlməsi ikinci plana keçir. Bunların intriqaları effektli iş görməyə imkan vermir. Azərbaycan müxalifəti siyasi maarifləndirmə işi apara bilmir. Buna cəhd edən adamı, partiya sədrini fitə basır, söyür, təhqir edir, nəzarət etdikləri qəzetlər vasitəsi ilə onlara qarşı kampaniya aparır, “siyasi ekspert” və “təhlilçilər” vasitəsilə onları söydürürlər. Bu, Azərbaycan müxalifətinin xəstəliyidir.


Müəllif:
Загрузка...