Teleqraf.com Ermənistanda son durum, rəsmi İrəvanın Qərb və Rusiya arasında var-gəl etməsi, Qarabağ danışıqları, bu ölkənin parlamentli respublika quruluşuna keçidi və digər mövzularda professor Əli Abbasovla müsahibəni təqdim edir.
- Əli müəllim, Ermənistan Prezidenti Serj Sərksiyan Soçidə Rusiya prezidenti ilə görüşərək müzakirələr aparıb. Bu görüşü necə şərh edirsiniz?
- Sərksiyanı Soçiyə çağırıblar. Bu, həmişə belə olub. İkincisi, nəzərə alın ki, son zamanlar Ermənistan rəhbərliyi Rusiya ilə paralel olaraq Qərblə də əməkdaşlıq edir, NATO təlimlərinə qatılır, Avropa ilə müzakirələr aparır. İrəvan düşünür ki, əgər ortada iki imkan varsa, ikisindən də istifadə etmək lazımdır.
- Ermənistanın son anda Avropaya üz tutmaq ehtimalı varmı?
- İlk öncə nəzərə almalıyıq ki, Ermənistanın daxili vəziyyəti o qədər bərbaddır ki, onlar hər şeydən istifadə etməyə çalışırlar. Bu başadüşüləndir. İndi Qərblə yaxınlaşırlar ki, hansısa çıxış yollarını araşdırsınlar. Həm də düşünürlər ki, mən bir güc mərkəzi ilə yaxşı əlaaqələr yaradanda digər güc mərkəzi üçün maraqlı oluram, onlar başlayır mənimlə maraqlanmağa, mənim problemlərimin həlli üçün vədlər verir və s. İndi erməni gedişi bununla bağlıdır.
- Düşünürsünüz ki, Ermənistan özünü Rusiya üçün qiymətli olduğunu göstərmək və daha baha satılmaq xəttini tutur?
- Prinsipcə bu da düşünülə bilər. Ancaq konkret belədir ki, həm Qərb, həm də Rusiya ilə isti münasibətlər qurmağa və faydalanmağa çalışırlar. Sonda kimin yanında duracaqlarını isə proseslər göstərəcək. Hər halda indi Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilir. Ola bilsin ki, bu, Ermənistanı müəyyən qədər narahat edir. Çünki bu sanksiyaların Ermənistana da təsirləri ola bilər.
İkincisi, MDB məkanında bir sıra ölkələr həm Rusiya, həm də Qərblə isti münasibətlər saxlamağa və mümkün qədər müstəqil siyasət aparmağa çalışırlar. Ermənistan buna nə dərəcədə nail ola biləcək? Daha maraqlı məsələ bu sualın cavabındadır. Cavab isə bir müddətdən sonra bəlli olacaq.
- Hazırda erməni siyasətinin mahiyyəti nədən ibarətdir?
- Hələ uzun illər əvvəl İrəvan bəyan edirdi ki, çoxşaxəli siyasət yürüdəcək. Ancaq indi biz görürük ki, erməni siyasəti çoxşaxəli deyil. Üstəlik imkanları da çox deyil. Əsas məsələ maliyyədir. Bu da Ermənistanda yoxdur. Odur ki, çalışırlar bütün imkanlardan istifadə etsinlər.
Həm də Ermənistanın daxili siyasəti məsələsi var. Ermənistan referendumla parlamentli respublika quruluşuna keçid edib. İndi onlarda siyasi mənada dəyişikliklər olmalıdır. Çox güman ki, bu dəyişikliklərdən sonra Ermənistanda söz sahibi olan şəxslərin sayı şoxalacaq. Söz və nüfuz sahibi olacaq şəxslərin arasında fikir birliyi və ya müxtəlifiyinin necə olacağı da əslində əhəmiyyətlidir. Bundan sonra Ermənistanda bir deyil, bir neçə adamın sözü keçərli olacaq. Lakin bu durum Ermənistanı düşdüyü vəziyyətdən çıxaracaqmı? Məncə, çıxarmayacaq.
- Ermənistanda gözlənilən siyasi dəyişikliklərin Qarabağ münaqişəsinin taleyinə hansı təsirləri ola bilər?
- Hazırda vəziyyət aydındır. Mənə elə gəlir ki, xüsusi dəyişikliklər olmayacaq. Qarabağ münaqişəsinə dair durum eyni nöqtədə qalıb. Hələlik real durum bundan ibarətdir.
- Danışıqlar prosesi yoxdur, əvəzində erməni tərəfi cəbhədə daima təxribatlar törədir, gərginlik yaradır. Məqsəd nədir?
- Bilirsinizmi, Aprel döyüşləri zamanı ermənilər ciddi zərbə aldılar. İndi təxribatlar və gərginliklər yaratmaqla göstərmək istəyirlər ki, vəziyyəti dəyişməyə imkanları var. Hansı imkanlarının olduğu isə bəlli deyil və ya ümumiyyətlə yoxdur.
- Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilərmi?
- Düşünmürəm ki, Ermənistanın Rusiyaya hansısa formada təsiri ola bilər. Bu mümkünsüzdür. Əksinə, Rusiyanın Ermənistana ciddi təsirləri ola bilər. Sadəcə, indi Ermənistanın oyunu odur ki, nəsə nümayiş etdirsin və bundan sonra Moskva tərəfindən daha çox diqqətə alınsın. Xüsusilə, Rusiyanın Azərbaycana silah satması İrəvanı ciddi narahat edir və bunu dilə də gətirirlər.
- Ermənistan Qərblə əməkdaşlıq görüntüsü yaratmaqla Rusiyanı aldadır?
- Siyasətdə bütün ölkələr çalışırlar ki, qarşısındakı aldatsın, öz maraqlarını təmin etsin və dvidentlər götürsün. Ancaq problem ondadır ki, Ermənistanın Rusiyanı aldada bilməsi real deyil. Baxın görün Ermənistanın hansı resursları var? Mən Ermənistanın Rusiyanı aldatması üçün hər hansı ciddi resursunun olduğunu görmürəm.
- Qarabağ münaqişəsinin həlli üçün yaxın gələcəkdə hansı irəliləyişlər gözləyirsiniz?
- Ola bilsin ki, təsadüfən nəsə hərəkətlilik olsun. Amma indi biz danışıqlar prosesinin aktivləşməsini, hansısa pozitiv proseslərin getməsini görmürük.
- ABŞ ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib. Buna münasibətiniz necədir?
- İndi bir nəfərdən soruşsaq ki, bu ABŞ-ın Minsk Qrupuna göndərdiyi neçənci həmsədrdir, heç kim sayı deyə bilməyəcək. Bu günə qədər Minsk Qrupunda çoxlu sayda həmsədrlər, diplomatlar fəaliyyət göstərib. Lakin onlar ortaya konkret bir sənəd çıxara bilməyiblər. Bəziləri də üstüörtülü formada Ermənistanı dəstəkləyib. Odur ki, mənim həmsədrlərdən xüsusi gözləntim yoxdur.