20 Fevral 2020 18:23
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib:

“Şikayətin araşdırılması zamanı çox maraqlı faktlar ortaya çıxıb. Müəyyən edilib ki, şikayətdə göstərilən faktların çox böyük əksəriyyəti öz təsdiqini tapmır. O, 12 seçki məntəqəsi üzrə 20-yə yaxın videogörüntü təqdim edib. Sosial şəbəkələrdə və mətbuatda yayılan “ölübdü, ölübdü, o sənin üçün ölübdü” videosu da bu seçki dairənin ərazisindəki məntəqələrin birində çəkilib. Biz bu məsələni də araşdırdıq. Məsələ belədir ki, həm “o ölüb” sözünü deyən seçici, həm də məntəqə seçki komissiyalarının üzvü qonşu binalarda yaşayır.

Ümumiyyətlə, onlar hamısı yaxınlıqda yaşayır. Həmin sözü deyən seçici Rusiyaya gedib, onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həm həmin şəxslərin izahatları, həm də rəsmi dövlət orqanının – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanının rəsmi arayışı ilə təsdiq olunub.

Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında bəhs olunan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” deyir, məntəqə üzvü də haqlı olaraq deyir ki, “o, sənin üçün ölüb”, yəni, “sən onun əlindən acıqlısan, o sənin üçün ölüb”.

Bu məsələ MSK-da gülüşlə qarşılanıb. MSK sədri Məzahir Pənahov bu seçkinin ən yaddaqalan hadisəsinin məhz bu hadisə olduğunu bildirib.


Müəllif: Səxavət