18 Sentyabr 2020 13:09
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.

Bunu Teleqraf.com-a telejurnalist Xoşqədəm Hidayətqızı deputat Jalə Əhmədovanın təklifinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Jalə Əhmədova qeydiyyatdan keçməyi nəzərdə tutub: “Əslində, bu təklif bir müddət öncə Türkiyədə Milliyyətçi Xalq Partiyası (MHP) tərəfindən səsləndirilmişdi, hətta bununla bağlı parlamentə təklif də verilmişdi. Türkiyə ictimaiyyəti də bunu çox xoş qarşılamışdı. Çoxları düşünür ki, bu, onlayn platformada mümkün deyil. Amma son dövrlərdə tanınmış ziyalılara olunan təhqirlər göz önündədir. Hesab edirəm ki, sosial şəbəkələrdəki təhqirlərə, böhtanlara son qoyulmalıdır. Bir insanın 15-20 saxta profili var. Bu saxta profillərdən insanlara böhtan atmaq, təhqir etmək nə dərəcədə doğrudur?!

Hansısa məmurdan və ya dövlət adamından yazırlar. Bəlkə də işlərindən dolayı onlar cavab vermir, susurlar. Bunu normal qarşılayıram. Amma tanınan insanlar, ziyalılar - hər kəs buna münasibət bildirməlidir. Yetər artıq!”

Xoşqədəm Hidayətqızı dəfələrlə sosial şəbəkələrdə əsassız təhqirlərlə qarşılaşdığını deyib:

“Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bəzi hallarda tapılıb, bəziləri haqda araşdırmalar gedir. Əgər sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsa, onda istifadəçi təhqiri də, tənqidi də öz ad və soyadı ilə yazacaq. Niyə gizli hesablardan fikir bildirməlisən?! Niyə bir insana münasibətini açıq-açıq öz ad-soyadınla bildirmək istəmirsən?! Kim deyir ki, söz azadlığının qarşısını almaq olar? Kim deyir ki, onlayn platformada öz fikrini yazma? Yenə də öz fikrini yaz, öz sözünü de, amma saxta profillə yox, öz ad və soyadınla. Bəzən 30-40 profil açırlar, hansısa mövzuda şərhlər yazırlar, paylaşımlar edib ictimai rəyi çaşdırırlar”.

Telejurnalistin sözügedən məsələnin necə tənzimlənəcəyi və təklifin ictimaiyyət tərəfdən necə qarşılanacağı barədə fikri olmadığını vurğulayıb: “Amma bunun qarşısı alınmalıdır. Tənqid inkişafdır, hər kəs öz fikirlərində azaddır və kimsə hər kəsi bəyənmək məcburiyyətində deyil. Hər kəs azad şəkildə tənqidini də, təhqirini də ifadə edəcək. Jalə xanımın bu fikrini dəstəkləyirəm”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Jalə Əhmədova bildirib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır.


Müəllif: Yeganə Oqtayqızı