2 Aprel 2021 16:18
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun parlaq, tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən beş il ötür. 2016 - cı ildə başlayan 4 günlük döyüş 4 il sonra 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Bu hərbi əməliyyat böyük hərbi, siyasi, tarixi əhəmiyyət kəsb edir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, Aprel döyüşləri Ermənistan tərəfindən yaradılan və dünya dövlətlərinin də qəbul etdiyi mifləri dağıtdı:

“Torpaqlarımız işğal ediləndən sonra təkcə ermənilərdə deyil, bir çoxlarında belə bir fikir formalaşmışdı ki, Azərbaycan Qarabağı azad etmək iqtidarinda deyil. Lakin Prezident İlham Əliyevin dediyi kimi heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün istiqamətlərdə iş aparılırdı. Bunun üçün hüquqi, siyasi, iqtisadi əsaslar yaradıldı. Ölkədə milli birliyə nail olmaq lazım idi. Son 17 ildə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət öz nəticəsini verdi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin bu fikrini darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. 5 il əvvəl işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərimizin fədakarlığı nəticəsində Ermənistan ordusuna ciddi hərbi və mənəvi zərbə vuruldu. Ermənilər hər zaman Azərbaycan Ordusunu texniki cəhətdən zəif və nizamsız ordu kimi təbliğ edirdilər. Bu yalana özləri da daxil olmaqla, bir çox ölkəni inandıra bilmişdilər. Lakin Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çoxşaxəli və güclü siyasət nəticəsində Ordumuz günü-gündən gücləndi, müasirləşdi və maddi-texniki bazası artırıldı. Artıq bu Ordu I Qarabağ müharibəsindəki ordudan fərqli idi. Güclü maddi-texniki imkanları, nizamlı Azərbaycan Ordusunun rəşadətli, qəhrəman, cəsur əsgər və zabitləri öz qanları-canları hesabına Aprel döyüşləri ilə Böyük Qələbənin təməlini qoydular. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu bir daha əyani şəkildə göstərdi”.

Hicran Hüseynovaya görə, ermənilər illərlə belə bir rəy formalaşdırmışdılar ki, Azərbaycan uduzub, məğlub olub və heç vaxt bu sindromdan xilas ola bilməyəcək:

“Aprel döyüşləri düşmənin yaratdığı bu yalanı da darmadağın etdi. Bu tarixi Qələbə xalqımızın döyüş, mübarizə ruhunu daha da yüksəltdi. Cocuq-Mərcanlının yenidən tikilib- qurulması, sakinlərin o torpaqlarda yaşaması “Böyük Qayıdış”ın rəmzinə çevrildi”.

Millət vəkili qeyd edib ki, uzun illər münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam edirdi:

“Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi demək olar ki, gündəmdən çıxarmağa başlamışdılar. Lakin Aprel döyüşləri bu məsələni yenidən aktuallaşdırdı, münaqişənin hərbi yolunu sübut etdi. Prezident, Ali Baş Komandan dəfələrlə deyirdi ki, bu məsələnin hərbi həll yolu var. Ancaq biz məsələnin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin nə Ermənistan, nə də onun havadarları bu məsələyə ciddi yanaşmırdılar. Özlərinin də üzv olduqları BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə səylər göstərmirdilər. Azərbaycan Ordusu bu məsələni həll etdi. Aprel döyüşləri bir daha göstərdi ki, erməni ordusu xarici müdaxilə olmadan heç vaxt qalib gələ bilməz”.

Komitə sədri əlavə edib ki, bu gün bölgədə yeni reallıq yaranıb və bu reallığın əsas təşəbbüskarı Azərbaycandır:

“Artıq Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu adda hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan tarixi Qələbə qazandı. Tezliklə dağıdılmış ərazilərimiz bərpa ediləcək. Yenidən qurulacaq, bu torpaqların əsl sahibləri öz doğma yurdlarına qayıdacaq. Azərbaycanın dilbər güşəsi olan Qarabağda həyat yenidən canlanacaq. Bu Şanlı Zəfəri bizə yaşadan şəhidlərimizi ehtiramla yad edirik!".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər