23 Dekabr 2015 15:05
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Prezident İlham Əliyev idmançılarla görüşlərin artıq ənənəyə çevrildiyini, ildən-ilə idman uğurlarımızın artdığını, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazandığını bildirdi. Qeyd etdi ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar ki, onların da 321-i qızıl medallardır. İdmançılara dövlət tərəfindən göstərilən qayğının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev onların sosial problemlərinin həli istiqamətində hər il tədbirlərin görüldüyünü, bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Artıq Azərbaycanın dünyada idman dövləti kimi tanındığını deyən Prezident İlham Əliyev bu faktın beynəlxalq idman qurumlarının rəhbərləri tərəfindən də təsdiqləndiyini vurğuladı. Ölkədə yeni idman bazalarının yaradıldığını, təlim-məşq prosesinin və federasiyaların işinin yaxşı təşkil olunduğunu qeyd edən Prezident İlham Əliyev hazırda Azərbaycanda 41 Olimpiya-İdman Kompleksinin olduğunu, 10-nun isə tikildiyini bildirdi. Paytaxtımızda da güclü idman infrastrukturunun yaradıldığını söyləyən dövlətimizin başçısı bu il Avropanın idman tarixində ilk dəfə baş tutan birinci Avropa Oyunlarından danışaraq idmançılarımızın qazandığı uğurları qeyd etdi.


Gələn il Bakının dünyada çox nüfuzlu “Formula-1” yarışlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev vurğuladı ki, 2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək.

2015-ci ilin yekunlarından danışarkən dövlətimizin başçısı vurğuladı ki, dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, ölkəmiz inkişaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib.

Dövlətimizin başçısı hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının, yanacağın qiymətlərinin sabit saxlanması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev idmançılarımıza 2016-cı ildə, xüsusilə də qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında yeni qələbələr arzuladı.

Sonra 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.


Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim etdi.

Respublikamızda idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənəd təqdim olundu.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.


Müəllif: