Fikrət Məmmədov: "İclasın Azərbaycanda keçirilməsi məsuliyyətli missiyadır"
Dünən Bakıda Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 23-cü plenar iclasının açılış mərasimi keçirilib. İclasda Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbərləri, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin üzvləri, yüksək məhkəmələrin və hakim assosiasiyalarının sədrləri iştirak ediblər.
Ədliyyə naziri Fikrət Məmmədov iclasın açılış mərasimində çıxış edərək CEPEJ-nin plenar iclasının ənənəvi olaraq Strasburqda deyil, Azərbaycanda keçirilməsinə görə dərin minnətdarlığını bildirib. Nazir qeyd edib ki, bu, bizim üçün həm şərəfli, həm də məsuliyyətli missiyadır:
"Bu gün heç bir dövlət demokratik cəmiyyətdə müstəsna rolu olan ədalət mühakiməsi sisteminin tam mükəmməlliyi və islahatlara ehtiyac qalmaması ilə öyünə bilməz. Cəmiyyətimiz inkişaf etdikcə islahatlar davamlı və labüd xarakter alır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-nin bu sahədə mühüm rolu vardır. CEPEJ-nin 12 illik uğurlu işi nəticəsində onun nüfuzu daim artıb və fəaliyyəti Avropanın hüdudlarını aşıb. Artıq Afrika, Amerika və bir sıra Şərq dövlətləri də bu qurumun imkanlarından səmərəli istifadə edir. Qurumun məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən nadir hesabatları bütün dünyada məhkəmə islahatlarının "yol xəritəsi"nə çevrilib. Əminəm ki, bu iclasda qəbul ediləcək növbəti belə hesabat görülən işlərə daha bir töhfə olacaq".
Nazir daha sonra deyib ki, Azərbaycan tarix üçün qısa müddətdə məhkəmə sistemində mütərəqqi dəyişikliklərə nail olunub:
"Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsaslı hüquqi islahatlar aparılıb və demokratik prinsiplərə uyğun yeni, üçpilləli müstəqil məhkəmə sistemi bərqərar olub. Məhkəmə islahatlarına böyük əhəmiyyət verən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması işi daha da sürətləndirilib. Bu sahədə Avropa Şurası ilə birgə səylərimizi xüsusi qeyd etmək istərdim. Müxtəlif istiqamətlər üzrə birgə işçi qrupları yaradılaraq, qanunvericilik və institusional islahatlar aparılıb, o cümlədən məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurası təsis edilərək, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər onun müstəsna səlahiyyətinə aid edilib. Bu qurumun tərkibi hakim assosiasiyaları tərəfindən irəli sürülən hakimlərdən, eyni zamanda, Prezidenti Administrasiyasının, parlamentin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən formalaşdırılıb".
CAVİDAN