26 İyul 2014 11:48
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Qasımlı və Mirmahmud Mirəlioğlu üz-üzə gəldi

“Alternativlər” layihəsində bu dəfə Sumqayıt şəhərinin 42 saylı seçki dairəsində bir-birinə rəqib olan iki deputatlığa namizəd üz-üzə gəlib. Bu dairədə əsas rəqabət Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və tarixçi-alim, professor Musa Qasımlı arasında gedib. Adı çəkilən hər iki şəxs bu dairədən, aparılan seçki mübarizəsindən, bundan sonra namizəd olub-olmayacaqlarından, seçicilərlə ünsiyyətdən və digər mövzulardan danışıblar.

Xatırladaq ki, hazırda bu dairənin deputatı professor Musa Qasımlıdır.

“Məktubları şəxsən özüm oxuyuram”

Deputat , professor Musa Qasımlı deyib ki, hazırda yay tətilidir və Milli Məclis istirahətə çıxıb: “Buna baxmayaraq, mən Bakıdayam. Xaricdə beynəlxalq elmi konfransda məruzəm var idi və ölkəyə yenicə gəlmişəm. Tətil müddətində seçicilərimdən mənə müraciət edən olub. Tətil və yay mövsümü olmasına baxmayaraq, onlarla təmaslarım qırılmayıb. Son dörd ildə seçicilərimdən mənə hansı sayda müraciət və məktubların olduğunu desəm, yanlışlığa yol verərəm. Bu müraciətlərin hamısı köməkçim tərəfindən qeydiyyatdan keçirilir. Gələn bütün məktubları, demək olar ki, özüm şəxsən oxuyuram. Məktubları təsnifatlaşdırdıqdan sonra müvafiq yerlərə göndəririk. Səhv etmirəmsə, son dörd il müddətində bizə yüzdən çox məktub daxil olub. Bu məktublar təkcə seçildiyim Sumqayıt 42 saylı seçki dairəsindən deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarından göndərilir. Heç bir məktub indiyə qədər diqqətdən kənarda qalmayıb”.

“Şikayətlər sosial problemlərlə bağlıdır”

Seçicilərinin problem və şikayətləri haqqında danışan Musa Qasımlı deyib ki, ona edilən müraciətlər, əsasən, sosial problemləri əhatə edir: “Burada söhbət mənzil təmiri, elektrik kabellərinin dəyişdirilməsi, asfalt örtük çəkilməsi, işsizlik və təhsillə bağlıdır. Bu müraciət və problemlərin həlli deputat səlahiyyətinə aid olmadığı üçün müvafiq qurumlara göndərilib. Mən 42 saylı dairənin ərazisində seçki kampaniyası aparan zaman hər bir seçiciyə özümün mobil telefon nömrəmi vermişəm. Bu günə qədər telefon nömrəmi dəyişməmişəm və demək olar ki, telefonum 24 saat müddətində daima açıq olur. İstənilən telefon zənginə şəxsən özüm cavab vermişəm. İclaslarda olduğum zaman cavab verə bilmədiyim zənglərə, hətta tanımadığım nömrələrə zəng etmişəm”.

“Xeyir və şər məclislərində iştirak edirəm”

Professor deyib ki, onun seçicilərlə çox isti və normal münasibətləri var, bu münasibətlərdə hər hansı bir axsaqlığın baş verməsi mümkün deyil. Onun sözlərinə görə, imkanı daxilində seçki dairəsində olan seçicilərinin xeyir və şər məclislərində iştirak edir: “Bunu hər bir seçicidən soruşa bilərsiniz. Mən istənilən vaxt seçicilərim üçün əlçatan deputat olmuşam. Təbiidir ki, seçicilərlə görüşlərim də baş verir.

Bu, daimi prosesdir. Bu görüşlər həm dairədə olan xeyir-şər evlərində baş tutur, həm də Milli Məclisə gələn seçicilərimi də qəbul edirəm. Eləcə də, deputat səlahiyyətlərinə daxil olan funksiyaları yerinə yetirməyə çalışmışam. Qanunvericilik prosesində aktiv iştirak etmişəm. Beynəlxalq tədbirlərə göndərildiyim zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. Fikrimcə, ötən dörd ildə səlahiyyətlərim çərçivəsində seçicilərimlə yaxşı təmaslar qura bilmişəm. Onu da bildirim ki, ötən 4 il müddətində seçildiyim dairədə olan bütün orta məktəblərə baş çəkmişəm, səhiyyə müəssisələrində olmuşam. Hesab edirəm ki, həm seçildiyim dairə səviyyəsində, həm qanunvericilik səviyyəsində, həm də beynəlxalq toplantılar çərçivəsində effektiv fəaliyyət göstərə bilmişəm”.

“Hələ qərar verməmişəm”

Deputat Musa Qasımlı daha sonra söyləyib ki, hələlik namizədliyini hansı dairədən irəli sürəcəyini konkretləşdirməyib: “Milli Məclisin fəaliyyətinin başa çatmasına hələlik bir il müddət qalır. Fikrimcə, bir il az müddət deyil. Mən hazırda deputat fəaliyyətimi davam etdirərəm. Bir il az müddət olmadığından indi bir söz demək istəməzdim. Bunu zaman göstərəcək”.

“Rəqibimlə seçkidən sonra bir neçə dəfə görüşmüşəm”

Bu dairədən çoxlu sayda alternativləri olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, onun alternativi olan şəxslərlə münasibətləri hər zaman normal olub: “Onlardan biri ilə seçkidən sonrakı dövrlərdə də bir neçə dəfə görüşmüşəm, əlaqəmiz olub. İndi də münasibətlərimiz çox normaldır. Mən Oqtay müəllimi nəzərdə tuturam. Digərləri ilə, təəssüflər olsun ki, seçkidən sonra heç zaman görüşməmişik və telefon təmaslarımız da olmayıb. Bu, seçki yarışıdır. Yarışdan sonra münasibətlər normal olmalıdır”.

Mirmahmud Mirəlioğlu: “Seçkidən sonra məhkəməyə müraciət etmişəm”

Bu dairədən Musa Qasımlıya əsas rəqib olan KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyir ki, 2010-cu ilin parlament seçkiləri bitəndən dərhal sonra nəticələrlə barışmayaraq hüquqi müstəvidə mübarizəsini davam etdirib. Onun sözlərinə görə, Azərbaycan məhkəmə-hüquq instansiyalarını keçdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub: “Məndə olan məlumata görə, hazırda Avropa İnsan Hüquqları Məhkəməsi mənim şikayətimi icraata götürüb. Ancaq qərarın nə zaman veriləcəyini deyə bilmərəm”.

“Bu dairədə yaşayıram, seçicilərlə yaxın təmaslarım var”

Bu dairədən namizədliyini hansı səbəbdən irəli sürdüyünə gəldikdə, KXCP sədri bildirib ki, namizədliyini məhz bu dairədən irəli sürməsi dostlarının, partiyanın Sumqayıt şəhər təşkilatının fikri ilə olub: “Həm də nəzərə alın ki, mən bu ərazidə yaşayıram. İndi dairədə dislokasiya olsa da, öncədən bu dairədən namizədliyim olmuşdu. Sumqayıt seçiciləri də mənimlə tanış idi. Mən də bu şəhərdə yaşayan insanları tanıyırdım. Əslində, başqa dairələrdən də getmək olardı. Amma yaxın məsafə daha az məsrəf sərf etmək, daha çox vaxt əldə etmək baxımından uğurludur. Bir daha vurğulayım ki, mən Sumqayıtda yaşayıram, buranın insanları ilə yaxın təmaslarım var. Üstəlik də, şəhərin xeyir-şər məclislərində rastlaşırıq, tədbirlərdə oluruq, küçədə belə daimi təmaslarımız baş verir”.

“Bu dairədə hər kəs bir-birinin gücünü bilir”

Alternativləri haqqında danışan Mirmahmud Mirəlioğlu söyləyib ki, əslində, onun bu dairədən neçə rəqibinin olmasını artıq xatırlamır: “Amma mən namizəd olan şəxslərin hamısına hörmətlə yanaşıram. Hesab edirəm ki, insanlar bir-birinə hörmət etməli və bu, qarşılıqlı olmalıdır. Bu dairədən yerli camaatdan olan, seçicilərin tanıdığı, bu şəhərin sakini olan namizədlər də var idi. Onlarla münasibət, salam-sağ ol indi də var. Bu dairədə, əslində, hər kəs bir-birinin gücünü bilir. Ancaq seçkidə kənardan gələn, seçicinin tanımadığı namizədlər də var idi”.

Bununla belə, KXCP sədri söyləyib ki, bu dairənin hazırkı deputatı Musa Qasımlını seçkidən çox əvvəllər tanıyıb: “Əvvəllər kifayət qədər münasibətimiz olub, demək olar ki, bir düşərgənin adamları olmuşuq. Ona alim kimi də hörmətimiz olub. Ancaq siyasi baxımdan mövqe dəyişikliyindən sonra isə bizlər əks qütblərdə dayanmışıq”.

“Problemlərin həllinin deputata aiddiyyəti yoxdur”

Sumqayıtın problemləri haqda danışan deputatlığa keçmiş namizəd deyib ki, şəhərin sosial-iqtisadi vəziyyəti ilə bağlı həllini tapan problemlərin millət vəkilinə, deputatlığa namizədə heç bir aidiyyəti yoxdur: “Bu problemlər həllini tapmaqdadır. Ancaq mən seçki vaxtı seçicilərin qaldırdığı problemlərin həll edildiyinə inanmıram. Buna kimsə inana bilməz. Bu problemlər hər zaman var və davam edir. Konkret olaraq problemləri mənim deyil, seçicinin sadalamağı daha doğru olardı. Əslində, Sumqayıtın problemləri Azərbaycanda olan problemlərdən ciddi fərqlənmir. Sosial problemlər, ərazi problemləri var. Bu haqda seçici danışmalıdır. Şəhərin ümumi problemləri var və həm də bunun həll edilən və edilməyəni də var”.

“Bizə indi də seçici müraciətləri olur”

Mirmahmud Mirəlioğlu deyib ki, indinin özündə də seçicilər və sakinlər ona müəyyən şikayətlər edir: “Biz insanlarla daima müzakirələr aparırıq. Problemlərlə bağlı mənə müraciət edənlər, eləcə də, mənim müraciət etdiklərim də olur. Bəzən müraciətlərimə qulaq asılan, yerinə yetirilən və heç yerinə yetirilməyəni də olur. Bəzən məsləhətləşib deyir ki, filan işi filankəs daha yaxşı görər və işi də ona yönəldirik. Bu mandat olanda da, olmayanda da baş verir. Sözümüzü eşidənlər də olur və buna görə ona təşəkkür edirik. Müxtəlif qurumlarda təmsil olunanlara, sakinlərin sözlərinə qulaq asanlara allah da yardımçı olsun”.

“Seçkiyə rəsmi start veriləndə qərarımızı açıqlayacağıq”

Bu dairədən yenidən namizədliyini irəli sürüb-sürməyəcəyinə gəldikdə, KXCP sədri bildirib ki, vaxtı gələndə bunu deyəcək: “Çünki hələ seçkilərə start verilməyib. Dairə dəyişməsi ola da, olmaya da bilər. Və yaxud mümkündür ki, bu və ya digər dairədə elə namizəd olar ki, biz, sadəcə, ona dəstək verə bilərik. Eləcə də, partiyanın qərarı ola bilər və s. İndi qarşıdan bələdiyyə seçkiləri gəlir. Bütün fəaliyyət bu istiqamətdədir. Əlbəttə, seçki bitən gündən digər seçki hazırlığına start verilir. Amma parlament seçkilərinə hələ start verilməyib, MSK-nın qərarı, Milli Məclisinin tövsiyəsi yoxdur. Bunlar olanda, biz də qərarımızı açıqlayacağıq”.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər