"Amerikadan qeyri-adi istedada aid istedad vizası almışam. Artıq altı aydır ki, Amerikadayam. Burada həmişəlik yaşaya bilərəm. Amma inanmıram ki, ömrümün sonuna qədər Amerikada yaşayım. Təəssüf hissim var ki, niyə bunu çoxdan etmədim".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı aparıcı Hüsniyə Məhərrəmli həmkarı Səxavət Nurun "Americano" yutub layihəsində deyib:
"Mən kariyerist insan deyiləm. Son illər tükənmişdim, artıq o işlə məşğul olmaq istəmirdim. Mənim üçün pul qazanmaq yolu o idi. Uzun illər etdiyim peşəm bu idi, ona görə onunla məşğul olurdum. Zövq alırdım? Yox... İnsanlar komfort zonalarından çıxa bilmir. Amma mən əksinə...Stabil qalmaq mənim üçün bataqlıqdır. Buradakı adi məişət problemlərindən belə zövq alıram. Kariyeray gəldikdə Bakıda gördüyüm işi Amerikada etmək istəmirəm. Televiziyada da iş axtara bilərdim, amma müraciət etmədim. Yəqin ki, ticarətlə məşğul olacağam".
Aparıcı şəxsi həyatı haqqında da danışıb:
"Mənə o qədər şəxsi suallar verirlər ki... Hamını maraqlandırır ki, Amerikaya kiminlə köçmüşəm, kiminlə yaşayıram, uşaqlarım haradadır? 20 ildir televiziya sahəsində işləyirəm, amma şəxsi həyatımı heç vaxt işıqlandırmamışam. Gizlədəsi heç nə yoxdur. Buraya Ailəmlə, uşaqlarımla köçmüşəm. Onlar Bakıya tez-tez gedib gəlirlər. Mən də onlarla gedirdim, amma gördüm buradakı işlərim qaldı. Ona görə indi mən burada qalıram, ailəm gedib-gəlir. Biz demokratik ailəyik, hər kəsin fikri önəmlidir. Amerikaya köçmək mənim qərarım idi, amma narahat idim ki, mən istəyirəm, bəlkə ailəm istəməz. Amma onları geri qaytara bilmirdim".
Aparıcı haqqında sosial şəbəkədə mənfi fikir bildirənlərdən də danışıb: "İnsanların kütləvi şəkildə fikrinə güvənmirəm və inanmıram. Üzüldüm və sevindim deyənlərə də çox inanmıram. Bir çevrəm var ki, onların fikrinin düzgünlüyünə inanıram. Bu gün səni söyürlər, səhəri gün tərifləyirlər. Ona görə də sosial şəbəkədəki şərhlər mənim üçün göstərici deyil. Və məni mənfi fikirlər ruhdan salmır".