1 İyul 2015 13:39
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Birinci Avropa Oyunlarının nəticələri, bu idman yarışı ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya və son günlər Ermənistanda güclənən sosial narazılıqlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Asim bəy, Birinci Avropa Oyunlarının nəticələrini necə qiymətləndirirsiz?
- Bakıda keçirilən Birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Mənə elə gəlir ki, gələcəkdə hansısa ölkə cəhd göstərsə də belə, Avropa Oyunlarını Azərbaycandakı kimi keçirə bilməyəcək. Azərbaycan Avropa Oyunlarını keçirməklə hər şeydən əvvəl ölkədə idman infrastrukturunun inkişafı ilə bağlı böyük işlər gördü. Azərbaycan çoxsaylı xarici qonaqlara öz mədəniyyətini nümayiş etdirdi. Ölkəmizdə olan idmançılar, nümayəndə heyətləri ölkəmizin xaricdə tanınması üçün aparılan təbliğatın bir parçası oldular. Onlar ölkələrinə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını bölüşəcəklər. Azərbaycan çoxlu dost qazandı. Avropa Oyunları Azərbaycan gəncliyi üçün gözəl məktəb oldu. Onlar bu prosesdə yaxşı təcrübə qazandılar. Azərbaycan idmançıları ölkəmizi layiqincə təmsil etdilər və Olimpia Oyunlarına vəsiqə qazandılar. Ümumiyyətlə, bu mötəbər idman yarışının Azərbaycan üçün əhəmiyyəti böyük oldu.

- Sizcə, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya nəticə verdimi?
- Qətiyyən. Əksinə, biz bu məkrli kampaniyanı ifşa etdik. Biz bu kampaniyanın arxasında kimlərin durduğunu aşkarladıq və ictimaiyyətə təqdim etdik. Bu mənada hesab edirik həmin qüvvələrin əziyyətləri boşa çıxdı və onlar məqsədlərinə çata bilmədilər.

- Oyunlar bitər-bitməz ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabat yaydı. Bu hesabatı da qarayaxma kampaniyasının tərkib hissəsi saymaq olarmı?
- Hesabat ənənəvi olaraq hər il yayılır və ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərmir. Mən əminəm ki, gələcəkdə iki ölkənin münasibətlərində inkişaf olacaq. ABŞ təhsil, terrorla mübarizə, enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq edib. Bir-birimizi daha yaxından tanımaq üçün əlaqələrimizi genişləndirməliyik. Azərbaycan böyük mədəniyyətə, unikal svilizasiya ənənələrinə malik dövlətdir və Amerika ölkəmizin əhəmiyyətini bir daha nəzərdən keçirməlidir.

- Bu arada Ermənistanda sosial narazılıq, etiraz aksiyaları səngimək bilmir. Necə düşünürsünüz, sosial narazılıq gələcəkdə siyasi aksiyalarla, nəhayət, hakimiyyət dəyişikliyi ilə əvəzlənə bilərmi?
- Ermənistan cəmiyyəti öz hakimiyyətlərinin yarıtmaz siyasətinin əsirinə çevrilib. Ermənistan hakimiyyətinın apardığı hərbi siyasət iflasa uğrayıb. Bu mənada düşünürəm ki, Ermənistanda gərginlik getdikcə artacaq. Bu isə Sərkisyan rejimi üçün müsbət heç nə vəd eləmir. Artıq insanlar başa düşürlər ki, Ermənistan uçuruma gedir, aclıq, səfalət gözlənilir. Ermənistanın bu günə düşməsinin əsas səbəblərindən biri, şübhəsiz, Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində sanksiyalarla üzləşməsidir. Ermənistan inkişaf edən Azərbaycan və Türkiyə tərəfindən haqlı olaraq blokadaya alınıb və bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də, indi iqtisadi və sosial böhran içərisindədir. Bu isə əlbəttə, siyasi gərginliyə gətirib çıxarır.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər