18 Noyabr 2015 13:05
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının sədri, partiya daxilində yaradılan “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Ədalət Yusubov suallarımızı cavablandırıb. Hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin təşkilati məsələlər üzrə sədr müavini olan Ə.Yusubov təmsil olunduğu hərəkatın fəaliyyətindən də danışıb.

- Ədalət bəy, Klassik Xalq Cəbhəsi Partiyası ilə yanaşı, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunursunuz. Hərəkat parlament seçkilərinədək sürətlə təşkilatlanmağa başladı, bəs hazırda vəziyyət nə yerdədir?
- Azərbaycan Demokratiya və Rifah Hərəkatı hazırda da təşkilatlanma mərhələsini yaşayır. Rayon təşkilatları mövcud olmayan yerlərdə aktiv olaraq təşkilatlanma prosesi gedir. Bu ay ərzində 4 rayonda təşkilat komitəsi yaradılacaq. Qarşımıza qoyduğumuz əsas məqsəd təşkilatlanmanın sürətlənməsidir. Nizamnaməyə görə qurultaylar və ya qurultay səlahiyyətli konfranslar 2 ildən bir keçirilir. Açığı, bu məsələ müzakirə olunmayıb. Seçkiyə qədərki fəaliyyətimizin sürəti seçkidən sonra da davam edir. Bir neçə nəfər müstəqil şəkildə seçki prosesinə qoşulmuşdu. Fəaliyyətimiz təkcə təşkilatlanma ilə məhdudlaşmır. Respublika və dünyada baş verən bu və ya digər məsələlərlə bağlı müntəzəm olaraq yığıncaqlarımız olur, məsələlər qoyulur və münasibət bildirilir.

- KXCP sədrinin müavini idiniz, rayon təşkilatına rəhbərlik edirsiniz, müavinlikdən istefa verib yeni yaranan hərəkata getdiniz. Necə oldu belə addım atdınız?
- Hazırda KXCP-nin Salyan rayon təşkilatının sədriyəm. Öz siyasi fəaliyyətimi həmin partiyanın sıralarında davam etdirirəm. ADR ictimai hərəkatdır, hər bir partiya üzvünün, siyasi fəaliyyəti olan şəxsin ictimai fəaliyyətlə məşğul olması da heç bir qanunla qadağan olunmayıb. Bunu əsas götürərək ictimai fəaliyyətimi ADR sıralarında davam etdirməyi hədəflədim. Bunu qəbahət də saymıram. Müəyyən məsələlər var, onu siyasi müstəvidə ifadə etmək olmur, hesab edirəm ki, bir çox məsələləri ictimai fəaliyyətdə təmin etmək daha rahatdır. Bu baxımdan, ADR-də də təmsil olunuram.

- KXCP-nin Salyan rayon təşkilatının sədri kimi fəaliyyətinizi davam etdirirsiniz?
- Bəli, KXCP-nin Salyan rayon təşkilatının sədriyəm, öz siyasi partiyama sadiqəm. Orada nə baş verməsindən asılı olmayaraq, bəzi qəbul olunmuş qərarlar, atılmış addımlar siyasi düşüncələrim və mövqeyimlə ziddiyyət təşkil etsə də, KXCP üzvü olaraq qalıram.

- ADR-də təmsilçiliyiniz KXCP rəhbərliyində birmənalı qarşılanmadı, rəhbərliklə görüşüb məsələlərə aydınlıq gətirmisiniz?
- Bununla bağlı hər hansı bilgi sahibi deyiləm. Dediyiniz münasibətlərdən məlumatsız olsam da, rəsmən mənimlə hər hansı fikir bölüşülməyə təşəbbüs göstərilməyib. Bununla bağlı kimləsə görüşməmişəm və fikir bölüşməmişəm.

- Müntəzəm olaraq partiya qərargahına gedib-gəlirsiniz?
- Partiya qərargahında olmağım təxminən 2 il yarım bundan əvvələ təsadüf edir.

- Buna ehtiyac görmürsünüz? Yoxsa rəhbərliklə aranızda dilə gətirilməyən soyuqluq, uçurumla bağlıdır?
- Açığı, partiya qərargahına getməyə zərurət duymuram. Çünki qərargaha konkret tapşırıqlar, məsələlərin müzakirəsi ilə bağlı getmək olar. Hər hansı məsələnin müzakirəsi ilə bağlı qarşılıqlı olaraq həm Salyan rayon təşkilatı, həm də partiya rəhbərliyi tərəfindən lüzum görülmədiyindən 2 il yarımdır ki, qərargaha getmirəm.

- Bəs partiyanın qurultayda iştirak etdiniz?
- KXCP qurultayına hazırlıqla bağlı partiya rəhbərliyi tərəfindən rayon təşkilatına hər hansı bir təlimat, sənəd daxil olmadığından qurultaydan kənarda qalmalı olduq. Amma Nizamnamə tələblərinə uyğun olaraq Salyan rayon təşkilatı özünün növbəti konfransını keçirdi və bu konfrans qurultayla eyni günə təsadüf etdi. Çox möhtəşəm konfransımız oldu.

- Rəhbərliyin qərarları ilə razılaşmayan bir qrup KXCP üzvü “Demokratik Birlik” fraksiyası yaratmışdı. Bu fraksiya fəaliyyətini davam etdirirmi? Bəlkə bu fraksiyadan dolayı soyuq münasibətlər yaranıb?
- Fraksiyanın yaranmasına partiya rəhbərliyi qısqanclıqla yanaşdı. Fraksiyada zaman-zaman məsələlər çözülüb, partiyanın fəaliyyəti, qurultayı ilə bağlı müəyyən təkliflər səsləndirilib. Təəssüf ki, KXCP rəhbərliyi bizim təkliflərimizi, fikirlərimizi qulaqardına vurdu, qəbul etmədi. Partiya ilə fraksiya arasında münasibətlər 2-3 il bundan əvvəl necə idisə, bu gün də o cür qalmaqdadır.

- “Demokratik Birlik” fraksiyası qurultayda Mirmahmud Mirəlioğluna qarşı rəqibinin olacağını bəyan etmişdi. Amma faktiki fraksiya qurultaydan kənarda qaldı.
- Fraksiya üzvü olan rayon təşkilatlarının heç biri qurultaya qoşulmadığına görə o imkandan da istifadə edə bilmədik.

- KXCP sədri Mirmahmud Mirəlioğlu ilə münasibətləriniz necədir? Onunla sonuncu dəfə nə zaman görüşmüsünüz?
- Şəxsi münasibətlərimiz çox normaldır. Mən Mirmahmud bəyi həm də partiya sədri olaraq qəbul edirəm. Ancaq siyasi münasibətlərimizdə kifayət qədər fikir ayrılığı var. Hesab edirəm ki, zamanı gələndə partiya mənafeyi xatirinə Mirmahmud bəy konkret təşəbbüs göstərib məsələlərin çözülməsi ilə əlaqədar münasibətini ortaya qoyacaq. KXCP sədri ilə müxtəlif tədbirlərdə bu və ya digər formada görüşürük.

- Yəni Mirmahmud Mirəlioğlunu partiya sədri kimi qəbul edirsiniz...
- Təbii, KXCP üzvüyəm və partiyamızın qurultayında iştirak edib-etməsək də, Mirmahmud Mirəlioğlunu partiya sədri kimi qəbul edirəm. Baxmayaraq ki, fraksiya partiyanın sonuncu qurultayı ilə bağlı qəbul etdiyi qərarları qeyri-legitim hesab edib.

- Bu baxımdan fikirləriniz tam aydın deyil...
- Mirmahmud bəy sonuncu qurultaya qədər də partiya sədri idi, bu gün də mənim üçün partiya sədri kimi qalır.

Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər