“Qara qutu”ların açılması ilə faciənin bütün mənzərəsi də məlum olacaq. Proses artıq balanmışdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, proses Azərbaycanın təkidi ilə Braziliyada həyata keçirilir:
"Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq".