Almaniya və Fransa xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro əvvəldən hazırlanmış şərtlərlə Suriyaya gediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.
Nəşr bildirir ki, Avropa İttifaqı dövlətləri Suriyaya gələcək yardımı bu şərtlərin yerinə yetirilib-yetirilməyəcəyi ilə əlaqələndirirlər:
“Nazirlər Dəməşqdə “Gözləntilərimiz doğrulanmasa, Suriyaya kömək etməyəcəyik” , - mesajını verdilər. Bu, 12 illik vətəndaş müharibəsindən çıxmış yorğun cəmiyyətə ilk mesajınızdırsa, buna şantaj deyilir.
Belə görünür ki, Almaniya və Fransanın Suriyadan iki əsas tələbi var. Biri azlıqlar məsələsidir. Onlar bütün qrupların hökumətdə iştirakını istəyirlər. Ankara da bu yanaşmanı bölüşür. Amma bunun bir kisə ənciri məhv etmək potensialı yüksəkdir. Bəs bu mesaj niyə “Avropa Suriyanı dəstəkləyəcək, amma islamçı administrasiyanın qurulmasına sponsorluq etməyəcək” kimi bölücü bir cümlə ilə verilir?
İkilinin ikinci istəyi PKK/SDQ terror təşkilatının mövqeyi ilə bağlıdır. Berbok deyir ki, kürdlərin təhlükəsizliyi dinc Suriya üçün vacibdir. Məlumdur ki, “kürdlər” dedikdə, PKK/SDQ terror təşkilatını nəzərdə tuturlar. Fransa naziri Barro da söyləyir ki, ölkənin şimalında silahlar susmalı, səssizlik olmalı və siyasi həll yolu tapılmalıdır. Ardınca da həmin terror təşkilatının lideri Mazlum Abdi ilə telefonla danışıb.
Suriya lideri Əhməd əş-Şəra isə bütün qruplardan silahlarını yerə qoymasını tələb edib və PKK/SDQ-yə də bu kontekstdə mesaj verilib. Terror təşkilatı danışıqlar çərçivəsində silahı yerə qoymağa hazır olduğunu, amma status istədiyini bildirir. Bu statusun nə olduğunu hamımız bilirik. Meydanda əldə edə bilmədiklərini masa arxasında əldə etməyə çalışırlar. Bu, iki nazirin Şama sürpriz səfərinin ən mühüm səbəblərindən biri olmalıdır. Yoxsa, o iki naziri Suriyaya ABŞ göndərib?”.