Yəmənin “Ənsarallah” (husilər) üsyançı hərəkatı ötən ildən başlayaraq, Rusiya və Çinin ticarət gəmilərinə hücum etməmək barədə qərar verib. Husilərin nümayəndələri bildiriblər ki, Rusiya və Çin gəmiləri təhlükəsiz şəraitdə Qırmızı dəniz və Babül-Məndəb boğazından keçə bilərlər. Bununla bağlı razılaşma üç ölkənin diplomatları arasında Omandakı danışıqlarda əldə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri ABŞ kəşfiyyatının məlumatına istinadla bildirirlər ki, İranın dəstəklədiyi husilər Çin gəmilərinə hücumlardan çəkinmək müqabilində bu ölkənin istehsalı olan silahlarla təhciz ediliblər:
“ABŞ kəşfiyyatının hesabatında husilərin yüzlərlə qanadlı raket istehsalı üçün Çin komponentlərindən istifadə etdiyi qeyd olunur. Bu arada, husilər vədlərinə sadiq qalaraq, Rusiya və Çinin ticarət gəmilərinə toxunmurlar, ancaq bəzən səhvən bu iki ölkənin gəmilərinə də atəş açılır.
Husilərin əsas hədəfi Qərb dövlətlərinə məxsus gəmilər və İsraildir. Qrupun İsrailə zərbə endirmək üçün daha çox raketə ehtiyacı var. Husilər İranla yanaşı, Rusiya və Çinin də alətinə çevriliblər. Yəmən qruplaşması bölgənin əsas dövlətlərinə, xüsusən də böyük neft-qaz ehtiyatlarına malik varlı Bəsrə körfəzi ölkələrinə təzyiq göstərməklə əhəmiyyətli qlobal iqtisadi qeyri-sabitlik yarada bilirlər. Amerikalı ekspertlərin fikrincə, Pekinin husilərə gizli dəstəyi bölgədə Qərb dövlətlərinin maraqlarını sıxışdırmaq məqsədi daşıyır”.
“Atlas” vurğulayır ki, Pekinlə husilər arasında gizli ittifaq ABŞ-la yanaşı, İsraili də ciddi narahat edir: “Çünki bu ittifaqdan ən çox zərər görən ölkə İsraildir, husilərin raketləri və dronları məhz bu ölkəyə tuşlanıb”.