Sülhdən danışa-danışa Ermənistan növbəti dəfə hərbi təxribata əl atır. Məqsəd sülh müqaviləsinin imzalanmasının uzadılmasıdır. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, ya sülh müqaviləsi imzalanmasın və yaxud qeyri-müəyyən vaxta qədər təxirə düşsün.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın şərtləri var: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Nikol Paşinyan 2027-ci il üçün konstitusiya dəyişikliyi elan edib. Amma 2027-ci ildə də erməni tərəfinin konstitusiya dəyişikliyi ilə bağlı referenduma hansı məsələləri çıxaracağı bəlli deyil. Həmin vaxta qədər isə erməni cəmiyyətini hansısa məsələlərlə aldatmaq lazımdır. Həmçinin dünya ictimaiyyətinə də yanlış informasiyalar ötürmək istəyirlər. Ona görə də hərbi təxribatlara əl atırlar. Günahı isə Azərbaycanın üzərinə atmaq niyyətləri var. Elə bir görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan sülhə hazır deyil və s”.
Vitse-spiker hesab edir ki, bunlar Ermənistan tərəfindən edilən növbəti manipulyasiyadır: “İrəvana verilən silahlar və pulsuz göndərilən hərbi vasitələr məhz bu məqsədlərə xidmət edir. Halbuki bir müddət öncəyə qədər Ermənistan tərəfinin özü də etiraf etdi ki, sülh sazişi layihəsinin 15 maddəsi üzrə razılıq əldə edilib. Digər şərtlər təmin edildikdən sonra Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə edilməsi mümkün olacaq”.
Ziyafət Əsgərov bildirib ki, bu gün Ermənistanda Paşinyana qarşı olan qüvvələr, revanşistlər sülhün əldə edilməsini istəmir: “Sözsüz ki, indiki hərbi təxribatlarda da mümkün qədər diqqəti başqa səmtə yönəltmək cəhdləri var. Təbii ki, erməni tərəfinin bütün təxribatları onun ziyanına olacaq. Ermənistanın gələcəyini istəyənlər ilk növbədə Azərbaycanla münasibətləri sahmana salmalıdır. Regional kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması tezləşdirilməlidir. Bu proseslərin əksinə olan hadisələr Ermənistana zərbə vuracaq”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Həmçinin yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqeləri yenidən atıcı silahlardan atəşə məruz qalıb.