Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Rusiyanın Yaxın Şərqdəki nüfuzuna ağır zərbə oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə “Global Affairs” yazır.
Rusiyanın Suriyadakı hərbi bazalarına diqqət çəkən nəşr bildirir ki, Xmeymim və Tartusdakı obyektlər Şimali Afrika və Sahel bölgələrindəki əməliyyatlar üçün kritik logistik mərkəzlər rolunu oynayır:
“Xmeymim olmadan Rusiya təyyarələrinin Liviya, Mərkəzi Afrika Respublikası, Mali, Niger və Burkina Faso kimi ölkələrə yanacaq doldurmadan çatmaları mümkün deyil. Aralıq dənizində daimi dəniz qüvvəsi bu bazalar olmadan saxlanıla bilməz”.
Liviyanın Tobruk və Benqazi bölgələri Suriyadakı bazalara alternativ olaraq diqqət çəkir. Amma Rusiyanın Liviyada hərbi mövcudluğun hüquqi əsaslarının zəifliyi və Qərbin qiyamçı qüvvələrin lideri Xəlifə Haftara təzyiqi bu variantları riskə atır.
İran nəzəri alternativ kimi ön plana çıxsa da, Rusiyanın 2016-cı ildə Həmədan bazasından qısamüddətli istifadə təcrübəsi göstərir ki, bu cür əməkdaşlıq həm mübahisəli, həm də davamlılıq baxımından zəif olacaq. Misir, Əlcəzair və Sudan digər potensial alternativlər arasında regional qeyri-sabitlik və ya Qərblə münasibətlərə görə uyğun variantlar hesab edilmir.
Həmçinin məqalədə vurğulanır ki, Rusiyanın Suriyadakı hərbi bazalarının Əsədi devirən “Heyət Təhrir əş-Şam” (HTŞ) tərəfindən hücuma məruz qalmaması diqqətçəkən bir detaldır.
Analizdə Türkiyənin roluna yer verilərək, bu məsələdə Ankara ilə HTŞ arasında gizli razılaşmanın ola biləcəyi qeyd edilir. Ayrıca, Suriyanın yeni lideri Əhməd Şəranın Rusiyaya Dəməşqlə münasibətlərini yenidən qiymətləndirmək şansı verdiyi bildirilir.
Məqalədə yeni rəhbərliyin gələcək güc dinamikası ilə bağlı bəzi risklərinin olduğu vurğulanır və Suriyanın bütün bölgələrində müxtəlif maraq qruplarına xidmət edən yüz minlərlə silahlı insanın mövcudluğuna işarə edilir. Nəşr bu kontekstdə yazır ki, yeni administrasiya ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin qarşısını ala bilməsə, Rusiya bazalarından istifadə çətinləşəcək.
Məqalədə vurğulanan digər ssenari Latakiyada meydana çıxan ələvi qrupunun “muxtariyyət və ya müstəqillik” iddiası irəli sürə biləcəyi ilə əlaqəlidir. Belə bir vəziyyət Suriyada məzhəb və etnik zəmində parçalanmaya səbəb ola bilər.
Təhlildə Türkiyə-Rusiya münasibətləri ilə bağlı aşağıdakı ifadələrə yer verilir:
“Türkiyə NATO üzvüdür və onun münaqişələrə baxışı Rusiyadan çox fərqlidir. İqtisadi əməkdaşlıq intensiv olsa da, bu, Türkiyəni (Rusiya üçün) strateji tərəfdaşa çevirmir”.
Nəhayət, məqalədə Rusiyanın Suriyadakı itkiləri etiraf olunur və bu vəziyyət belə şərh edilir:
“Əsəd rejiminin devrilməsi Rusiya üçün ciddi zərbədir. Bu durum həm region, həm də onun hüdudlarından kənarda bir çox problemlər yaradıb. Amma Rusiya Yaxın Şərqdə tələlərlə üzləşən ilk güc deyil və sonuncu da olmayacaq.
2011-ci ildən bəri amerikalılar, fransızlar, səudiyyəlilər, türklər və iranlılar acı məğlubiyyətlər yaşayırlar. Amma Vaşinqton, Paris, Ər-Riyad, Ankara və Tehran bu mənfi təcrübələrdən öz siyasətlərini tənzimləmək və yenidən strukturlaşdırmaq üçün istifadə ediblər və edəcəklər. Bu baxımdan Moskva da istisna olmamalıdır”.