7 Yanvar 10:10
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paraqvay Edmundo Qonzalesi ötən ilin iyul ayının 24-də keçirilən prezident seçkilərinin qalibi kimi tanıdığına görə Venesuela hökuməti ölkə ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil teleqram hesabında yazıb: "Venesuela Paraqvayın bəyanatlarını qəti şəkildə rədd edir. Paraqvayın ölkə siyasətini xarici güclərin maraqlarına tabe etməkdə davam etmələri təəssüf doğurur. Demokratik prinsipləri pozan bu cür gündəliyi dəstəkləmirik. Venesuela Paraqvay ilə diplomatik əlaqələri kəsmək və dərhal akkreditə olunmuş diplomatik heyətini bu ölkədən çıxarmaq qərarına gəlib".

Bu arada Paraqvay hökuməti də Venesuela ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Hökumət Venesuelanın Asunciondakı səfiri və diplomatik heyətindən 48 saat ərzində ölkəni tərk etmələrini istəyib.

“Paraqvay Venesuela xalqının demokratiya şəraitində, qanunun aliliyinə əsaslanan dövlətdə, onların fundamental azadlıqlarına və təminatlarına tam hörmətlə yanaşmaq hüququnu qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyir”, - bəyanatda belə deyilir.

Qeyd edək ki, Paraqvay prezidenti Santiaqo Pena Qonzaleslə son telefon danışığında ölkəsinin dəstəyini ifadə edib və onu 28 iyul seçkilərinin qalibi kimi gördüklərini bildirib. Mətbuata açıqlama verən Venesuelanın daxili işlər və ədliyyə naziri Diosdado Kabello hazırda İspaniyanın paytaxtı Madriddə yaşayan Qonzalesin ölkəyə ayaq basan kimi həbs olunacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər