7 Yanvar 12:17
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yanvarın 5-6-da Gorus, həmçinin Laçın rayonu Zabux kəndi istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması növbəti hərbi təxribat cəhdidir. Görünür, bəzi dövlətlər Ermənistanı bu kimi təxribatlara çəkməklə, onu nəyə isə həvəsləndirirlər. Son dövrlər rəsmi İrəvana göndərilən silahlar, verilən “dəstək” bu kimi halların ortaya çıxmasına səbəb olur. Sözsüz ki, Ermənistanın daxilində də bu halların olmasında maraqlı qüvvələr az deyil.

Bu sözləri Teleqraf.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülhlə bağlı optimist fikirlər səslənsə də, kənar qüvvələr prosesin irəliləməsinə imkan verməyəcəklər:

“Bölgədə qarşıdurmanın, gərginliyin alovlanmasında maraqlı olan qüvvələr var. Onlar sülhün əldə edilməsində maraqlı deyillər. Ona görə də şərti sərhəddə təxribatların olması qaçılmazdır. Həmçinin Ermənistanın əli ilə açıq və gizli təxribatların olması da mümkündür”.

Ekspert hesab edir ki, Qarabağ və Naxçıvan istiqamətində baş verən bu təxribatlar həmin ssenarinin tərkib hissəsidir:

“Sözsüz ki, Azərbaycan dövləti bütün bu prosesləri diqqətdə saxlayır. Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi hazırda vəziyyətə nəzarət edir. Erməni tərəfinin bütün addımlarına qarşı adekvat cavab veriləcək. Amma buna baxmayaraq, təxribatlar da davam edəcək”.

Üzeyir Cəfərovun fikrincə, bəzi qüvvələr Qarabağın Azərbaycanın nəzarətinə keçməsini istəmirdilər:

“Bu gün Ermənistan daxilində baş verənlər də həmin proseslərin tərkib hissəsidir. Hazırda Ermənistan ordusundakı qruplaşmalar təxribatların daha da alovlanmasına cəhdlər edirlər. Əslində isə, erməni tərəfi Azərbaycanın nəzarətində saxladığı 4 kəndini (Qazaxın 3, Naxçıvanın 1 kəndi) qısa zamanda geri qaytarmalıdır. Məhz bu məsələ gündəmə gələn kimi müəyyən qüvvələrin əli ilə sərhəddə gərginlik yaradılır. Çünki sərhədlərin dəqiqləşməsi ilə hər iki tərəfdən formalaşdırılmış komissiya iş aparır. İndiki halda təxribatların baş verməsi həm də bu prosesi yubatmaq üçündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər