Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Suriya və Türkiyə vasitəsilə Avropaya mümkün qaz nəqli ilə bağlı məlumatları şaiyə adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, TASS-a bildirib.
“Mediada bu qaz kəməri ilə bağlı spekulyasiyalar gördük, bu, sadəcə KİV-in uydurmasıdır”, - rəsmi vurğulayıb.
2024-cü ilin dekabr ayında Suriyada hakimiyyət dəyişikliyindən sonra mediada Qətərdən Türkiyə, Suriya və digər ərəb ölkələrindən keçən qaz kəməri layihəsinin bərpa olunması barədə məlumat yayılıb. Qətər-Türkiyə qaz kəmərinin tikintisi məsələsi 2009-cu ildən bəri müzakirə edilir, amma layihənin həyata keçirilməsi Suriyanın keçmiş hakimiyyətinin müqaviməti səbəbindən təxirə salınıb.
Yanvarın 4-də Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Qətər qazı Suriya və bölgədə təhlükəsizlik sisteminin yaradılması və sabitliyin təmin olunması şərtilə Türkiyə ərazisindən Avropaya tədarük edilə bilər.
2009-cu ildən gündəmdə olan layihənin 2011-ci ildə Suriyada başlayan və Bəşər Əsəd rejiminin devrilməsi ilə yadda qalan vətəndaş müharibəsinin əsas səbəblərindən biri olduğu ehtimal edilir.