10 Dekabr 2017 19:42
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Elçin Aslangilin yeni şeiri “Şeirimdə saçlarını öpdüyüm...”

Teleqraf.com təqdim edir:

Şeirimdə saçlarını öpdüyüm,
Bir ayrılıq gəldi bizə yağışla.
Çətirimiz də olmadı, deyə ki:
- Atam yağış, sevənləri bağışla.

Sən üzü göylərə göz yaşım haqqı,
Bilirsən, nə təhər sevmişəm səni?
Bir öpüb, üç dişləm alandan bəri,
Külbaşlı, birtəhər sevmişəm səni.

Bir qarğış tökərəm dilimdən qadın,
Dilimdən yıxılsan, əlin quruyar.
Qocalıb düşərsən heydən, amandan,
Yaylığın altında telin quruyar.

Aman yağış, aman yağış, yamandı,
Bu ayrılıq, yatağıma dadandı.
Yuxum gözlərindən tökülən qadın
bu sabah yuxudan mənsiz oyandı.

Günəşin altından baxan gözlərin,
Üfüqə boylanır dənizlər kimi.
Həsrətim jalədir yanaqlarında,
Uzaqdan baxmağın incidir məni.

Sıxılmış ruhumun viranəsində,
Sahibsiz bir koma, dilsiz bir ağız.
Qurumuş dodaqda nəmli gözlərim,
Bir yazan qələmim, bir də ağ kağız...

Gül qızı, gül qızı sevdiyim əhsən,
Kirpiyim jalələr yükünə bənddir.
Elçinə öyrətmə ayrılıqları,
Elçin o zəhərə çoxdan bələddir...


Müəllif: Teleqraf