6 Mart 12:48
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müharibə əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Keçirilən sorğular da bunu təsdiqləyir. Ermənistan əhalisinin 60 faizindən çoxu yenidən müharibəni istisna etmir. Bu cəmiyyət “nostalji” hislərlə yaşayır. Nikol Paşinyan və onun komandası da maskalanmış revanşistlərdən ibarətdir.

Bunu Teleqraf.com- a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail ağamalı deyib.

O qeyd edib ki, Ermənistan Fransa, Hindistan və Yunanıstandan ibarət “alyansı” nə məqsədlə yaratdığına aydınlıq gətirməlidir:

“Hərbi-texniki əməkdaşlıq haqqında imzalanan razılaşmalar, Ermənistana hücum silahlarının hansı məqsədlə verildiyi açıqlanmalıdır. İrəvan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb torpaqları işğal etmək niyyətini gizlətmir”.

Partiya sədri hesab edir ki, Ermənistan iddialarından əl çəkmirsə, Azərbaycan işğaldakı 8 kəndlə bağlı hərəkətə keçməlidir:

“Erməni tərəfi 4 kəndi azad edəcəyi və qarşılığında Azərbaycanın şərti sərhəddən geri çəkilməsini iddia edir. Fakt odur ki, rəsmi İrəvan 8 kəndi geri qaytarmaq niyyətində deyil. Ona görə də, 8 kəndlə bağlı Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçməlidir”.

Millət vəkili parlamentdə 8 kəndin azad edilməsi ilə bağlı vaxt itirmədən hərbi əməliyyatlara başlanılması üçün etdiyi çağırışa görə, erməni cəmiyyətində və onların maraqlarına xidmət edən qütblərdə ünvanına səslənən fikirlərə də münasibət bildirib:

“Həmin adamlar reallığı anlamaq istəmir. Biz 8 həmin kəndi tələb etməməliyik? Bu nə anlayışdır? Batumi müqaviləsi imzalanan vaxtı Ermənistan ərazisi 9 min kv.km idi. Sovet hakimiyyəti dövründə onların ərazisi 29 min kv.km oldu. Həmin ərazilər Azərbaycan torpaqları hesabına genişləndirildi. Azərbaycan torpaqlarının Ermənistana necə təhvil verilməsi ilə bağlı ictimai rəydə aydın təsəvvür olmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı