Azərbaycan Basketbol Federasiyası (ABF) XI turun oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən edilən etirazlarla əlaqədar açıqlama yayıb.
Teleqraf.com federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunların izlənilərək yenidən təhlil edildiyi bildirilib.
ABF-nin açıqlaması:
"XI turun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən Azərbaycan Basketbol Federasiyasına (ABF) etirazlar daxil olmuşdur. Bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları Azərbaycan Basketbol Liqasının (ABL) mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilmiş və yenidən təhlil edilmişdir. Aparılmış təhlilin yekun nəticəsi olaraq isə oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır. Sonda cənab Zeytingöz Azərbaycan Basketbol Federasiyası (ABF) adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləmişdir.
Qeyd edək ki, mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilmiş və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilmişdir".