Azərbaycanın müstəqillik dövründə qüdrəti artdıqca, fransız siyasətçilər bundan hiddətlənirdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, 2017-ci ildən etibarən Emmanuel Makron Azərbaycana qarşı açıq siyasət apararaq, münasibətlərin gərginləşməsinə səbəb olub.
"Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolunu bir neçə perioda ayıra bilərik. Birinci period SSRİ-nin süqutu dövrünə təsadüf edir. Bu dövrdə Fransa neytral mövqeyini qoruyub saxlamağa çalışırdı. Lakin Azərbaycanın qüdrəti artdıqca, vəziyyət də dəyişməyə başladı. Bu, fransız siyasətçilərdə hiddət yaratmağa başladı. 2003-cü ildən sonra bu özünü açıq şəkildə göstərməyə başladı",- deputat qeyd edib.
O, həmçinin Emmanuel Makronun prezidentlik dövründə Azərbaycan-Fransa arasında münasibətlərin inkişafının iflasa uğradığını vurğulayıb: "Onun hakimiyyəti dövründə Fransa Ermənistana açıq dəstək nümayiş etdirməyə başladı. Fransanın həmişə Azərbaycana qarşı gizli gündəliyi olub. Ümid edirəm ki, Makrondan sonrakı dövrdə Azərbaycan və Fransa siyasi elitası arasında əlaqələr yenidən normal vəziyyətə qayıdacaq".