17 İyul 2014 13:07
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin kliniki əlamətləri Azərbaycanın Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında da qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Baytarlıq Xidməti (DBX) məlumat yayıb.

Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik müalicə tədbirləri (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) aparılır. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonda heyvan bazarları bağlanıb, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirləri görülür.

“Nodulyar dermatit” xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib.

Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.

Hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.

DBX əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatlıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Teleqraf.com-a açıqlamasında bildirdi ki, qurum vəziyyətə tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər, dezinseksiya (çimizdirilmə) işləri görülür: “Hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Olsa belə ölmüş heyvanlar yerindəcə yandırılacaq. Onların bazara çıxarılması qeyri-mümkündür. Çünki xidmətin bütün regional bölmələri tam hazırlıq vəziyyətində prosesi nəzarətə götürüb. Bütün xidmət əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, yəni əlimizdən gələn qədər çalışacağıq ki, xəstə heyvan əti bazarlara ayaq açmasın. Əgər fermer gizlin şəkildə xəstə heyvanını satışa çıxararsa, bu artıq onun vicdanına aid olan məsələdir”.

Xəstə heyvanın ətindən istifadə nəticəsində insanların “Nodulyar dermatit”ə yoluxması mümkün olmasa da, belə heyvanların satışa çıxarılması qadağandır. Bununla belə, fermerlərin ölmüş heyvanın ətindən gəlir götürmək məqsədilə satışa çıxaracağına da heç kəs zəmanət vermir.

Buna görə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhalini ət alarkən ehtiyatlı olmağa, təsadüfi yerlərdən ət və ət məhsulları almamağa çağırdı: “Dövlət qurumları nə qədər ayıq-sayıq olsalar belə, xəstə heyvanların əti bazara çıxarılacaq. Bu, birmənalı şəkildə olacaq. Çünki dəfələrlə müşahidə olunan prosesdir. Xəstə heyvan əti açıq satışda olmasa da, kolbasa sexlərinə, restoranlara yol tapacağı məlumdur. Odur ki, bu günlərdə insanlar mətbəxinə yaxından bələd olduqları yerlərdə qidalanmaları məsləhətdir”.

Naibə


Müəllif:

Oxşar xəbərlər