25 İyul 2014 11:46
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi və “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi əlilliyi olan 10 gəncə müxtəlif istiqamətlərdə sahibkarlığın inkişafı və fərdi biznesin qurulması üçün avadanlıqların verilməsi mərasimini keçirib. Mərasimdə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru cənab Giorgi Devidze, layihə rəhbəri Vuqar Əhmədov, Qəbələ Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Arzu Məmmədov, Qəbələ Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Qəbələ RİH-i nümayəndəsi Tural Bağırov və KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, təşkilat “Əlilliyi Olan Şəxslərin Həyatında Müsbət Dəyişikliklər” layihəsi çərçivəsində Azərbaycanın Şimal-Qərb regionunda əlilliyi olan şəxslər üçün “Biznesin Qurulması Xidməti Təlimləri” həyata keçirib. Qəbələ, Qax, Oğuz və Şəki şəhərlərində ümumilikdə 87 əlilliyi olan gənc fərdi sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes planlarının hazırlanması, sahibkarlıq fəaliyyəti və xidmətin təşkili haqqında ilkin məlumatlar alıb.

Təlimlərin yekununda əlilliyi olan gənclərin biznes təkliflərinə baxılıb. “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyininin seçim komissiyası tərəfindən Qəbələ rayonundan təqdim olunmuş 21 biznes təklifindən 10 təklif dəstəklənib. Dəstəklənən biznes təkliflərinin 6 nəfəri Qəbələ şəhərindən, 1 nəfəri Bum qəsəbəsindən, 1 nəfəri Vəndam qəsəbəsindən, 1 nəfəri Həmzəlli kəndindən və 1 nəfəri Dızaxlı kəndindən olan gənclərin təklifləridir.

Seçilən təkliflərin 2 nəfəri mühasibatlıq, 1 nəfəri hüquqşünas, 2 nəfəri kompyuter proqramlarının tədrisi, 1 nəfəri mebel sexinin təkmilləşdirilməsi, 1 nəfər avtomobil təmiri sexinin genişləndirilməsi, 2 nəfəri plastik sexinin genişləndirilməsi, 1 nəfəri səyyar qaynaq xidmətinin göstərilməsi istiqamətində olub.

Qeyd edək ki, “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 1994-cü ildən başlayaraq fəaliyyət göstərir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirib. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş məcburi köçkün və qaçqınlara “Ümumdünya Ərzaq Proqramı”nın ərzaq yardımı ilə başlamış, sonralar sığınacaqların tikilməsi və bərpası, icmaların təşkilatlanması, mikro-maliyyə, inkluziv təhsil və digər inkişafyönümlü layihələrlə davam etməkdədir.

Naibə QURBANOVA


Müəllif: