1 Sentyabr 2014 17:36
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşad Eyvazlı: “Belə müşavirələr tez-tez keçirilməlidir ki, mətbuatımız milli maraqlarımıza qarşı çıxış etməsin”

“Müşavirənin milli təhlükəsizliyin, dövlətin informasiya təhlükəsizliyinin güclənməsinə xüsusi təsiri olacaq. İndiyədək heç bir məsuliyyət düşünmədən, milli təhlükəsizliyimizə xələl gətirən yazıları gözüyumulu verən saytlarımız, qəzetlərimiz bundan sonra nələr etdiklərini dərk edəcəklər. Hesab edirəm ki, onların əvvəlki fəaliyyəti Azərbaycan üçün əlinə avtomat götürüb azərbaycanlılara qarşı vuruşan ermənidən də təhlükəlidir. Çünki avtomatla azərbaycanlılara qarşı vuruşan artıq sənin gözünün qabağındadır, informasiya müharibəsində ölkəmizə qarşı vuruşan isə göz önündə deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib.

E.Eyvazlı bildirib ki, müasir dövrümüzdə əsas müharibə informasiya sahəsində gedən müharibədir: “İnformasiya sahəsində bu şəkildə başıpozuqluq əslində informasiya müharibəsində ermənilərə dəstək olmaq deməkdir. Konkret olaraq bunun cəzası, cinayət məsuliyyəti yaratdığı da müşavirədə dövlət rəsmiləri tərəfindən dilə gətirildi”.

E.Eyvazlı həmçinin deyib ki, bütün bu inzibatçılıqlardan başqa bu məsələnin həllinin sadə bir yolu var: “Hər kəs sadə azərbaycanlı olmalıdır. Sadə azərbaycanlı rəhbərlik etdiyi media orqanında Azərbaycan dövlətinin, xalqının maraqları əleyhinə bir cümlə, bir söz belə getməsinə yol verə bilməz. Bu məsələ müzakirə olunarkən mən ortaya konkretliyin qoyulmasına tərəfdaram. Konkret olaraq dövlətin informasiya təhlükəsizliyinə hansı saytların, qəzetlərin, televiziyaların xələl gətirdiyi, qanunvericiliyə zidd hərəkət etdiyi, millətə qarşı çıxdığı göstərilməlidir. Konkretlik olmasa, bu problemlərin uzanacağı, təkrarlanacağı mümkün haldır. Amma konkretlik olsa, bundan sonra həmin KİV orqanı həm ictimai qınağa çevrilər, həm də məsuliyyətə cəlb olunar. Digərləri də görərlər ki, bu məsələ şou məsələsi deyil. Şoudan yazan jurnalistin hərbidən, dövlətin təhlükəsizliyi məsələsindən yazması düzgün hal deyil. Hər halda hesab edirəm ki, bu müşavirənin böyük əhəmiyyəti var və bu müşavirədən sonra bu kimi tədbirlər tez-tez keçirilməlidir ki, heç olmasa mətbuatımız Azərbaycan daxilində milli maraqlarımıza qarşı çıxış etməsin. Çıxış etmək istəyərkən də bilsin ki, onun qarşısında ictimaiyyət var və bu ictimaiyyətlə hesablaşmaq lazımdır”.

Səxavət


Müəllif: