25 Yanvar 16:34
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə (“Sakpatenti”) müraciəti əsasında bu ölkənin İctimai, “İmedi” və “Rustavi 2” telekanallarında “Basqalı” rəqsi və “Bu qala, daşlı qala” mahnısının müəllif hüquqlarının pozulması faktları ilə bağlı araşdırmalar davam etdirilir.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, “Sakpatenti”nin məsələyə dair televiziya kanallarından hərtərəfli araşdırma və cavab məktubu gözlədiyi bir vaxtda “İmedi” telekanalında “Basqalı” rəqsinin musiqisi ilə bağlı növbəti müəllif hüquqları pozuntusu halına yol verilib.

Belə ki, kanalda yayımlanan “Mənim üçün oxu” müsabiqəsinin ötən gün efirə gedən buraxılışında “Basqalı”nın musiqisinə bəstələnmiş gürcü dilində mahnı təqdim olunub. Ana və oğulun birgə ifa etdiyi mahnının müəllifi kimi Buka Kartoziya göstərilib.

B.Kartoziya Gürcüstanda daha çox musiqi prodüseri və konsert təşkilatçısı kimi tanınır. O, son illərdə mahnı müəllifi kimi də çıxış edir.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Gürcüstanın Birinci kanalında yayımlanan “Natalia & Datuna” şou proqramında “Basqalı” rəqsinin musiqisinə yazılmış mahnı “Somxuri şalaxo” (erməni şalaxosu) adı altında təqdim edilmişdi. Proqramda iştirak etmiş B.Kartoziya bildirmişdi ki, mahnı erməni bəstəkarı Karo Ayrapetyanın musiqisi əsasında hazırlanıb. Mahnının sözlərinin də müəllifi B.Kartoziyadır. Maraqlıdır ki, o, kompozisiyanı Gürcüstan ermənisinin Tbilisi haqqında oxuduğu mahnı adlandırıb.

Xatırladaq ki, “Basqalı” Azərbaycanın ən məşhur rəqslərindən biridir, müəllifi və ifaçısı mərhum Xalq artisti Aftandil İsrafilovdur. 26 rəqs havasını bəstələmiş qarmon ifaçısı “Basqalı”nı 1970-ci illərdə yazıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər