15 İyul 2014 15:05

Büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi faktları ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirəbədil və Çuxurzəmi kəndllərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsənilməsi faktı aşkar olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:
Загрузка...