16 İyul 2014 20:11
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan gömrüyündə içində dəyəri yüz milyonlarla dollarla ölçülən 3 tona yaxın heroin olan yük maşınının saxlanması faktı ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze həmin narkotikin əfqan mənşəli olduğunu, Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini demişdi. Gürcü nazirin sözlərinə görə, narkomafiya 3 tonadək heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıbmış, lakin aylarla davam edən əməliyyat buna mane olub.

Aleksandr Çikaidze onu da bəyan etmişdi ki, iri partiyadakı bu narkotik maddə Azərbaycan sərhədindən “əməliyyat tədbirləri çərçivəsində” buraxılıb.

Bu gün - iyulun 16-da isə Gürcüstan Maliyyə Nazirliyi yanında Vergilər İdarəsinin (bu idarə Gürcüstanın vergi sisteminin formalaşdırılması və ona nəzarət üzrə ən əsas qurum, baş idarə sayılır-red.) rəsmi saytı sensasion məlumat yayıb. Gürcüstanın Vergilər İdarəsi bəyan edir ki, həmin narkotik maddənin Azərbaycan sərhədlərindən keçirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması barədə bundan əvvəl yayılan xəbər yalandır və dezinformasiya xarakteri daşıyır.

Gürcüstan Maliyyə Nazirliyi yanında Vergilər İdarəsinin yaydığı rəsmi press-relizə istinadən bildirilir ki, bu cinayətin üstü Vergilər İdarəsi əməkdaşlarının Gürcüstan Daxili İşlər Nazirliyinin dəstəyi ilə və birgə apardıqları təhqiqat zamanı açılıb. Nəticədə beynəlxalq narkotik tranziti üzə çıxarılıb. Baxış üçün saxlanılan yük maşınından maye halda olan 2 ton 790 kiloqram heroin aşkarlanaraq götürülüb.

Vergilər İdarəsinin yaydığı sənəddə o da vurğulanır ki, Gürcüstanın hüquq-mühafizə orqanları hələ indiyədək bu həcmdə narkotik maddə aşkarlaya bilməmişdilər. Gürcüstan tərəfinin bəyan etdiyinə görə, təhqiqat zamanı o da məlum olub ki, heroin yüklənmiş yük maşını Gürcüstan ərazisinə qonşu Ermənistandan keçib. Maşın yüklə birgə son təyinat yeri olan Türkiyəyə gedirmiş.

Xəbərdə o da deyilir ki, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları maşından hər birində 30 kiloqram maye heroin olan 93 çəllək aşkarlayaraq götürüblər. Təhqiqatın ilkin nəticələri göstərib ki, götürülən narkotik maddənin 80 faizi təmiz heroin olub, onun bazar dəyəri isə yüz milyonlarla dollarla ölçülür. Narkotik maddələrin beynəlxalq tranzit yolla qanunsuz dövriyyəsi faktı üzrə araşdırma başlanıb.

Sonda isə təəssüf hissi ilə o da vurğulanır ki, Gürcüstanın daxili işlər naziri öz işinə səhlənkar və məsuliyyətsiz yanaşaraq bəyanat verərkən yoxlanılmamış və səhih olmayan faktlara əsaslanıb.

Virtualaz.org


Müəllif:

Oxşar xəbərlər