Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol qəzası törətməkdə təqsirli bilinən Xalid Mədətovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu ilin mayın 15-də Zığ şossesində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. “VAZ-2106”-ya çırpılan “Mercedes” aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb.
Xalq artisti, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi “VAZ 2106”-nı, 90 FE 007 nömrə nişanlı, “Mercedes Galenvagen G55 AMG” markalı lüks avtomobil vurub.
Həmin avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbail rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub.
Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xalid Mədətovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Xalid Mədətovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 7-nə təyin olunub.
Hacı Zeynalov