30 Sentyabr 2016 10:50
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevincin şəklini çəkmək çətindi... Epizodlardan ibarətdi həyatımızda. Gəlir, gedir. Sanki heç sifəti yoxdu. Ona görə çəkə bilmirik şəklini...

Sevincin yaxınlığı, uzaqlığı bilinməz...

Kədərsə insanın ruhuna daha yaxındı, doğmadı, canından bir parçadı.

Bəlkə ona görə ki, dünya fanidi, biz də gəldi-gedərik, müvəqqətiyik bu işıqlıda. Bizi bu aləmlə əbədi bağlayan heç bir bağ yoxdu...

Bütün bağlar bir gün qopur...

Sonda Ölüm var...

Bunun özü bir ədalətsizlikdi əslində. Nə gəlişimizin, nə də gedişimizin qərarını özümüz veririk...

Amma Tanrının verdiyi qısa ömrü Adam kimi yaşamaq haqqımız var...

Var əlbəttə!

Ənində-sonunda biz də insanıq...

Qoysalar, yaşayaq...

Əslində hər şey çox daha gözəl ola bilərdi. Elm, texnologiya, saniyə-saniyə həyatımıza daxil olan ixtiralar, kəşflər, yeniliklər, gözəlliklər...

İnternet, feysbuk, instaqram, tvitter...

Ayfon, vatsap, vayber, skayp...

Uzaqlar nə qədər yaxın...

Dünya sanki ovcumuzda...

Nə gözəl yaşaya bilərik...

Necə xoşbəxt ola bilərik...

Amma...

Ola bilmirik.

Heç bizdən çox yox, 400-500 kilometr uzaqlıqdakı Şuşaya əlimiz çatmır...

Adam onda elə yazıq olur ki!

Bir qadın var. Mən onu ilk görəndə yəqin 40 yaşı olardı. Elə gözəl, elə şahanə, elə xanım-xatındı, elə bil padşah qızıydı... Gözəl olduğu qədər də güclü zəkası vardı. Mən bu qadına Tanrı mələyinə heyran olduğum kimi heyrandım...

Bir neçə gün öncə xatırladım birdən-birə. Səsini duymaq istədim. Telefondan gələn səsdən qorxdum. Danışmırdı, zarıyırdı. Dedi ki, ağır xəstəliyə tutulub... Qısa söhbətimizi heç zaman unutmayacam. Sanki vidalaşırdı...

O gözəl qadın xoşbəxt olmağa, yaşlanmağa, gözəl-gözəl qocalmağa, öz əcəli ilə bu dünya ilə vidalaşmağa nə qədər layiqdi, bir bilsəniz!

O qadını yaşlanmağa, qocalmağa, xoşbəxt olmağa, öz taleyini yaşamağa Qarabağ qoymadı. Bir yandan müharibə həyatını alt-üst etdi, bir yandan da ətrafındakı insanlar...

Mən elə bir dünya istəyirəm ki, orda insanlar, xüsusən qadınlar aclıqla, ölümlə, səfalətlə, amansız xəstəliklərlə üz-üzə, göz-gözə dayanmasın. Kişilər yazıq, qadınlar bədbəxt, çarəsiz, köməksiz görsənməsin. Qadınlar yalnız sevgi acısı çəksin, sevgi həsrəti, sevgi vüsalı yaşasın. İllah ağlamalıdırlarsa, bir qəmli musiqiyə, bir şeir parçasına bürünüb ağlasınlar...

Hələ uşaqlar...

Elə ürəkdən istəyirəm ki, çocuqlar hər zaman gülsünlər, oyuncaqları ilə oynasınlar, ata-analarının himayəsində xoşbəxt böyüsünlər. Uşaqların acı çəkməsi, xəstələnməsi, ac qalması, müharibələrin şahidi, iştirakçısı, zərərçəkəni olması ağır dərddi... Onların – Allah iraq eləsin - xəstəlikdən, aclıqdan, partlayışdan, terrordan ölməsi çox dəhşətlidi, fərdlərin yox, bütövlükdə bəşəriyyətin faciəsidi...

Mən elə istəyirəm ki, insanlar məhz yaşlanıb, qocalıb ölsünlər...

Onda Allahı bağışlamaq nə qədər Asan olar!

Dünyamız elə dəyişib, elə təhlükəli, elə dağınıq, elə qorxunc olub ki, səhər başına nə gələcəyini bilmirsən. Dünən olan bu gün yoxdu. Daha rejissorlar Qorxu filmi çəkməsinlər. İŞİD boyda film kimi, amma real Dəhşət var dünyamızda; insanları diri-diri yandırırlar, başını kəsirlər, insanlığa sığmayan işgəncələr verirlər, qadınları seks-köləyə çevirirlər, zorla hicaba bürüyürlər...

Axırımız noolacaq? Bu dünyanın sonu hara gedir? Bizim günahımız nədir ki, bir daha görməyəcəyimiz, bir daha gəlməyəcəyimiz bu dünyanı belə görək, belə yaşayaq, belə əzab çəkək?...

Bir azərbaycanlı gənc qız tanıyıram. İsveçrədə iqtisadiyyat üzrə təhsil alıb, indi Londonda çox məşhur bir şirkətdə çalışır. Ağıllıdır, peşəkardır, karyerası indidən parlayır, yüksəlmək şansları böyükdür. Amma anası qızının işdən ayrılıb Bakıya qayıtmasını tələb edir. Bilirsiz niyə? O qız işi ilə bağlı həftədə ən azı 2-3 dəfə təyyarə ilə başqa ölkələrə, şəhərlərə getməli olur. “Hər dəfə o, təyyarəyə minib-düşənədək mən burda ölüb dirilirəm” – deyir ana.

Deyir ki, mən bu cür yaşamaq istəmirəm, daim nigaran, narahat, səksəkəli...

Onu elə gözəl başa düşürəm...

Hamımız sevdiklərimizdən, doğmalarımızdan arxayın olmaq istəyirik; Hamımız təhlükəsiz Dünya istəyirik.

Heç kəs istəməz ki, İş, Səyahət niyyətilə bilet alıb sərnişini olduğu təyyarə tabutuna çevrilsin. Amma heç kəs əmin deyil ki, onun təyyarəsi vurulmayacaq...

Dünya nə acınacaqlı duruma düşdü...

Kosmosu belə ram etmişkən... Bəşər Əsədi aradan götürmək bu qədər çətindirmi ki, bir onunla baş edə bilmədiklərinə görə Suriya boyda ölkəni humanitar fəlakətə sürüklədilər? Suriya məhz humanitar fəlakət yaşayır... Lokal və ya vətəndaş müharibəsi ölkənin müəyyən bir ərazisində gedirsə, müharibədən kənar bölgələrdə gərginlik, müharibə ab-havası hiss oluna bilər, ancaq savaşın izləri görünməz. Yəni ərzaq mağazaları işləyər, çətinliklə də olsa, evinə ən azı bir parça çörək ala bilərsən... Amma Suriyada həyat yoxdur, hər yerdə kamikadzelər peyda olur, partladılır, dağılır, ölkə xarabazara çevrilir... Və insanlar buradan qaçıb canını qurtarmağı da bacarmır, böyük əksəriyyət yollarda, sularda həlak olur.

Və yaxud Taras Şevçenkonun “O gözəl Ukrayna”sı... Bir göz qırpımında böyük güclərin “əzələ nümayişi”nə Maydan oldu... Və ya Rusiya... Putinlə haqq-hesab çəkmək üçün nefti bu qədər ucuzlaşdırmaq, neft ölkələrini süni surətdə yoxsullaşdırmaq, bütün dünyanı faktiki iqtisadi böhranla üz-üzə qoymaq... yeganə çıxış yolumuydu?

Ərəb ölkələrinə demokratiyanı bu şəkildə gətirmək... kiçik mənada sadə yəmənliyə, liviyalıya, misirliyə, tunisliyə, böyük mənada Yəmənə, Liviyaya, Tunisə, Misirə lazımıydımı? Axı ənində-sonunda bu müharibələrdən, kataklizmlərdən, inqilablardan əziyyət çəkən İnsandır...

Qovğa, cəhalət, qaçhaqaç, qovhaqov, bədxahlıq, siyasət... insanların canını yaxır...

İnsanlar ölür... Arzular ölür...

Gözlərdəki Dəhşəti və... Vəhşəti görmürsünüzmü?..

Fars körfəzi ətrafında gedən müharibələrlə bağlı söhbətləşdiyim bir dostum deyir ki, mən bilirəm bu müharibələri niyə başladıblar: Dünya əhalisinin sayı sürətlə artır. İnsanların hamısını qida ilə təmin etmək ildən-ilə çətinləşir. Müharibələrlə, kataklizmlərlə, inqilablarla əhalinin sayını azaltmaq istəyirlər...

Əlbəttə, Rokfellerin etiraflarına görə belə düşünənlər az deyil. Ancaq bu səbəbə heç inanmaq istəmirəm...

Yəni bu faciələrin sadəcə dünya əhalisinin sayının azaldılması üçün törədilməsinə inanmaq olarmı? Ağlım almır...

Bu ölkələrə təhsili, elmi gətirmək gərəkdi öncə. Maarifləndirmək gərəkdi. Elmsiz-təhsilsiz insanlara Demokratiya yox, İŞİD cəlbedici görünür. O yerlərdə uşaqlar oyuncaqla deyil, silahla oynayır. O ərazilərdə azyaşlı uşaqlar fotoaparatı silah sanıb əllərini göyə qaldırır...

O ölkələrə təhsil və mədəniyyət gəlsə, neftdən gələn milyardları qızıldan təyyarə düzəltdirməyə xərcləməzlər, bəlkə də aclıqdan və xəstəlikdən can verən “somalili uşaqlar”ın xilasına sərf edərlər.

Gözəl Amerika, təhsillə sahiblən dünyaya. Maarifləndirərək insanlara anlat durumu...

Necə ki, Çin şüurlu şəkildə anladı ki, əhalinin say artımı ölkəni fəlakətə aparır.

Əgər doğrudan da İnsan artımını Dünya götürə bilmirsə, bir ailə - iki uşaq siyasətini yay! Sən bacararsan bunu... Bəlkə o yollarda, o sularda tələf olan çocuqların içərisindən elə bir alim, bilici çıxacaqdı ki, bütün dünyanı məhz o xilas edəcəkdi?!

Dünyanı insan artımından xilas etmək üçün dünyanı cəhənnəmə çevirmək, yeni silahların tətbiqi ilə fəsilləri dəyişmək və ümumiyyətlə, Dünyanı məhv etmək lazımdırmı?

Mən artıq qorxmağa başlamışam...

Qorxu ilə yaşamaq istəmirəm mən...

Musiqiyə qulaq asmaq, şeir oxumaq istəyirəm:

“Götür o çapma stəkanı,

İçək,

Yağış içəcəyik bu gün... İstanbul” demək istəyirəm...

İstanbulun küçələrində arın-arxayın gəzib-dolaşmaq istəyirəm...

Qarabağ ağrısının həmişəlik bitməyini istəyirəm...

Bütöv Vətən, Xoşbəxt Yurd – Bəxtəvər Dünya istəyirəm...


Müəllif: Aynur Camalqızı