1 İyul 2014 11:04
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dünya çempionatı bir ayrı aləmdir. İzlədiyim 5-ci mundialdır ki, həm həyəcanı, həm də qeyri-adi nəticə və sürprizləri ilə digərlərindən fərqlənir.

Futbolsevərlərin Braziliyada izlədikləri komandalar sanki kim daha çox sürpriz edəcək deyə bir-biriləri ilə bəhsə giriblər. Həm yaxşı, həm pis mənada... Bu söhbətə yazının sonlarında yenidən qayıdacağıq. İndi isə müşahidələrimə görə mənimçün sürpriz komandaları qeyd eləmək istyirəm.

İlk olaraq 1998-ci ildə Fransada keçirilən mundialdan başlayaq. Bu, həm də mənim futbolu anlamağa başladığım zamanlarda tamaşasına durduğum ilk böyük futbol yarışı idi. Mənə görə "Fransa 98"in ən böyük sürprizi Xorvatiya millisi oldu. Böyük uğurlar gözlənilməyən "şahmatçılar" qrupdan çıxdıqlarında belə sensasiya yaratdılar. Daha sonra üst-üstə gələn qələbələr, keçilən mərhələlər bu komanda haqqında azarkeşlərdə təəccüb qarışıq xoş duyğular oyatdı. Yalnız yarımfinalda gələcək çempiona - Fransa yığmasına məğlub olan xorvatlar üçüncülük uğrunda oyunda Hollandiyanı yenərək qatıldıqları ilk turniri mükafatla başa vura bilmişdilər.

2000-ci ildə Yaponiya və Cənubi Koreyanın birlikdə təşkil elədiyi mundial da maraqlı nəticələrlə zəngin idi. O turnirin sürprizi kimi ilk öncə Fransa yığmasını qeyd eləməliyik. "Xoruzlar" turniri qrup mərhələsindən tərk eləməklə pis mənada yadda qaldılar. Yaxşı mənada gözlənilməzlikləri isə Türkiyə və ev sahiblərindən biri Cənubi Koreya yığması eləmişdi. Hər iki komandanın yarımfinala kimi irəliləməsi onlar üçün çox böyük uğur idi.

Türklər bu uğuru daha çox bəxtlərinin sayəsində qazanmışdılarsa, koreyalılar İspaniya və İtaliya kimi nəhəngləri yollarından kənarlaşdırarkən hakimin köməyindən istifadə eləmişdilər. Ancaq yarımfinalda hər iki "qoçaq" super komandalara yenilmiş, öz aralarındakı üçüncülük matçını isə Türkiyə millisi qazanaraq tarixindəki ən böyük nəticəyə imza atmışdı.

Sürprizlər baxımından ən kasad çempionat Almaniyada keçirilən 2006-cı il dünya çempionatıdır desək yəqin yanılmarıq. Təsəvvür eləyin, 1/8 finala cəmi iki-üç "yad" komanda qalmışdı. Növbəti mərhələdə isə onların sayı 1-ə endi. O da Ukrayna. Yarımfinal və final isə böyüklərin çarpışmasından ibarət idi.

İlk dəfə Afrikada keçirilən 2010-cu il mundialı isə maraqlı başlasa da, ənənəvi sonluqla bitdi. Qrupdan çıxan və qrupda qalan komandalara baxanda 1/8 finalda kifayət qədər gözlənilməz komanda adı sadalamaq olar. Məsələn, Fransanın olduğu qrupdan Meksikanın çıxması, Serbiyanın Qanadan geri qalması, Danimarka və Kamerunun olduğu qrupdan Yaponiyanın mərhələ adlaması, İtaliyanın qrupda qalması və həmin qrupdan Slovakiya və Paraqvayın növbəti mərhələyə keçməsi kifayət qədər sürpriz nəticələr idi.

1/4 finalda isə yeganə özünü qərib hiss eləyəcək komanda Qana yığması idi. Asamoa Qyan və yoldaşlarının gücü isə bundan o tərəfə çatmadı.

Və nəhayət, hazırkı turnir. Hələ 1/8 final mərhələsinin oyunları tamamlanmasa da, kifayət qədər gözlənilməz məqamı qeyd eləmək olar. İngiltərə, İspaniya, İtaliya, Portuqaliya kimi nəhənglərin qrup səddini belə adlaya bilməmələri sensasiya sayıla bilər. Daha hansı sürprizlərlə qarşılaşacağımızı zaman göstərəcək. Hər halda, Kosta Rika və Kolumbiya milliləri buna əsas namizədlərdir.


Müəllif: Zaur Xudiyev