2 İyul 2014 12:03
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əri olanlardan, amma əri var ikən, özü dul kimi bir zad olanlardan danışmaq istəyirəm. Belələri varmı, sizcə? Var, özü də az deyil. Onlar dul deyillər. Onların ərləri sap-sağlam buz baltası kimi kişilərdi. Amma varlıqları ilə yoxluqları bilinməz. Xəstədirlərmi? Hansı mənadasa kişilikdənmi düşüblər? Hər halda normal kişi deyillər. Normal kişi belə olmur. Qeyri-normallardan danışaq. Məzmunca xırda və az olsalar da, sayları təəssüf ki az deyil.

***

Problemə münasibətim birmənalı olmasın deyə dostlardan, tanışlardan xəbər alıram. Belələri varmı ətrafınızda - ərdə ikən dul taleyi yaşayanlar? Toyda-bayramda bir şəngülüm sevinci ilə qoşa görünüb başqalarına göz dağı versələr də, adi həyatda bir dam altda yaşasalar belə, ayrı-ayrılıqda gün keçirən, bir-birindən bixəbər ailələr, bədbəxt cütlüklər? Bəli, var. Və çox zaman belə ailələrdə yükün ağırını məhz qadın çəkməli olur - zərif və gücsüz çiyinlərinə böyük bir külfətin yükünü götürür. İstəsə də, istəməsə də.

***

Övladlarının ikisi də böyükdü. Biri ali məktəbdə oxuyur, o biri orta məktəbin son sinfində. Ana - çəlimsiz, balaca bir qadındı, yaşlı anasını da yanına alıb ev-ev, küçə-küçə gəzir, əlində sənəti-filanı olmadığından əlacı qalıb biləyinin gücünə. İki qadın - ana-bala birləşib bir evin işini görürlər. Biri vedrə doldurur, biri şüşə silir, biri çilçiraq sürtür, alın tərilə, qol qüvvəsilə evi-eşiyi bir parıldadırlar, gəl görəsən. İşi tamamlayıb gedəndə də əlidolu gedirlər - ev sahibəsinin payından-puşundan, köhnə pal-paltarından, işlətmədiyi qab-qaşığından, azuqəsindən-filandan ipiri bağlamaları bellərinə yükləyib yola düzəlirlər.

Əslən Şəkidəndirlər. Bakının hansısa uzaq qəsəbəsində ucuz ev kirayələyib yaşayırlar. Qadının əri də var, amma olmaması daha yaxşı. İşi-gücü, şakəri divanda oturub televizora zillənmək və soyuducuda əlinə keçənləri bala-bala, xırda-xırda həzm-rabedən keçirməkdir. Bir gözü də saatın əqrəbində. Axşam düşəcək, uşaqların anası evə gələndə bu kişi qırığına bir siqaret pulu da verəcək. Yad evlərdə qulluqçuluq edib də alnının tərilə qazandığı pullardan.

Həyatının acı olaylarını dilə gətirdikcə “niyə boşanmırsan? Belə də ər olar?” deyə xəbər alıram, onu bir az da iradəsizlikdə, zəiflikdə qınayıram. Mənim zərif qəhrəmanımsa danışır ki, tək bunlar olsa - dərd yarıydı, kişiciyəz hirslənib hövsələdən çıxanda çirmələnib bu zəhmətkeş qadını kötəkləyir də, lap döyüb şilküt də eləyir. Niyə boşanmır? Bircə cavabı var - “Camaat nə deyər? Qızımı alan olmaz”. Bax budur zehniyyət. Bərəkallah qabiliyyətinə!

***

Tək ədəbiyyatdan yox, elə həyatdan da görüb tanıdığım Azərbaycan kişisi! Torpağın işğal olununca, evindən-eşiyindən didərgin düşüncə, düşmənə təslim olunca, mənəvi sarsıntı keçirincə - ağlın damı çaşdı, özünü də mi itirdin? Bizim kişilər qadının pul dalınca getməsinə pis baxardılar axı. İndi nə oldu? Niyə belə oldu? Nə dəyişdi?

***

Həmsöhbətlərimdən birinin bu mövzuya baxışı bir az fərqlidi. Nə mənada? Ailəli xanımın dul qadın yükünü daşımasında o da günahkar kişiləri bilir. Bu, şəksizdir. Amma görün həm də nə deyir? Vaxtilə tələbəm olmuş bu cavan həmkarım hesab edir ki, insanların belə deqradasiyasının bir səbəbi də əcnəbi seriallardır. Maraqlı versiyadır, deyilmi? Deyir, seriallarda həyat, yəni ailə həyatı həddindən artıq ideal, ütülü bir formada təqdim olunur. Burada hər kəs bir-birinə güzəştə gedir, bütün münasibətlər incədən incə, əladan əla. Həyatda isə belə deyil. Belə ideal münasibətləri görən kişi də, qadın da qeyri-şüuri istəyir ki, öz da həyatı o cür olsun - ideal, nəvazişli, sığallı. Olmayınca hərə bu nəvaziş və sınağı bir yerdə arayır. Kişi - kənarda. Qadınsa övladlarda, dostlarda, işdə.

***

Tələbəmin dediklərilə, bəlkə də, qismən razılaşmaq olar. Qadını kişiyə, kişini də məzmunsuz, faydasız ünsürə çevirənsə, görünür, tərbiyə qüsurudur. Analar oğullarını düzgün böyütmədikcə, bax belə kişilər peyda olur, ailə-uşaq sahibinə çevrilir, amma kişi ola bilmirlər. Özləri bir zad olmayınca qadınları da diriykən ölü olanların övrətinə çevrilir, sağ ərin dul xanımı olurlar. Allah uzaq eləsin.

P.S. Oğul anaları! Övladlarınızı düzgün tərbiyə edin. Yazıqdı bu millət.


Müəllif: Afaq Vasifqızı