28 Oktyabr 2016 11:26
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet Azərbaycanı qəzetlərini vərəqlərkən. 24-29 oktyabr...

1924-cü il

Həmin il Rusiyanın Volqaboyu ərazilərində məhsul qıtlığı minlərlə adamı ev-eşiyini tərk edərək iş və ərzaq dalınca Bakıya gətirir. Bu, Bakı üçün əlavə problemlər yaradır. Bu məsələ ilə bağlı “Bakinski Raboçi” 28 oktyabr sayında yazır:

“Bakının özündə də işsizlik problemini və mənzil çatışmazlığını nəzərə alsaq, Volqaboyu rayonlardan şəhərimizə gələnlər özlərini burada aclığa və yeni məhrumiyyətlərə məhkum etmiş olurlar. Yaranmış şəraiti nəzərə alaraq Bakı Əmək bazarı şöbəsi Volqa ətrafındakı şəhərlərə teleqramlar göndərərək oradakı işsiz kütləni şəhərimizdəki vəziyyətlə bağlı xəbərdar etməyə və onların Bakıya köçünün qarşısını almağa çağırıb”.

Həmin sayında qəzet Bakıda yoluxucu xəstəliklərlə bağlı statistikaya da yer ayırıb. Qəzetin yazdığına görə, son 1 həftədə Bakıda epidemioloji xəstəliklərin aşkarlanma sayı bu cürdür: qarın yatalağı - 15, səpgili yatalaq - 2, skarlatina - 5, difterit - 11, dizenteriya - 6, Sibir xorası - 4 nəfərdə.

1926-cı il

Ölkədə sənayeləşmə prosesi gedir. Fəaliyyətini bərpa edən zavodlardan biri də Vazelin zavodudur. Fəaliyyəti 1918-ci ildə dayandırılmış zavod yenidən işə salınıb və Georgi Pyatakovun (məşhur bolşevik, dövlət xadimi, 1937-ci ildə güllələnib - Red.) adını daşıyır.

“Bakinski Raboçi” 27 oktyabr nömrəsində yazır: “Vazelinə ehtiyac ildən ilə artır. Azneftin qarşısında köhnə zavodu yenidən işə salmaq vəzifəsi qoyulub. 1925-ci ilin yayında ABŞ-dan floridin alınıb və zavoda çatdırılıb. 1926-cı ilin yanvarında zavod işinə başlayıb. Suraxanı mazut zavodunda olan ehtiyatlar hesabına bir neçə növ vazelin istehsal olunur. Oktyabrın 1-nə qədər zavod 9000 kiloqram vazelin məhsulu hazırlayıb”.

Elə həmin sayında qəzet balıq ovunda maraqlı yenilikdən yazır: “Balıq ovunda... traktorlardan istifadə olunmağa başlayıb. Bu, işçi qüvvəsinə və vaxta qənaət məqsədi daşıyır. Nərimanov adına balıq yataqlarında balıq torlarını traktorlarla çəkib çıxarmaq üçün təcrübələr keçirilir. Təcrübələr müsbət nəticə verib və balıq təsərrüfatında dönüş yaradıb. “Azbalıq” traktorları siyənək yataqlarında geniş miqyasda istifadə etmək niyyətindədir, çünki nəhəng balıq torlarını dartıb çıxarmaq böyük fiziki qüvvə tələb edir”.

Bəli, balıqlı Xəzər də vardı...

1927-ci il

Sovet hökuməti 7 ildir qurulub, ancaq ucqarlarda maarifçilik və səhiyyənin inkişafı işləri böyük vüsətlə aparılır, sənayeləşmə start götürüb. Qəzet 24 oktyabr nömrəsində əyalətlərdə görülən işlərdən geniş danışır.

Məsələn, Quba şəhərində maarif evi, kəndli evi və kərpic zavodu açılıb. Nügədi kəndində kəndli gənclər məktəbi işinə başlayıb. Xaçmazda qiraətxana təşkil olunub.

Yaxud, Ağdamda cərrahiyyə, yoluxucu xəstəliklər və ginekologiya şöbələri olan 70 çarpayılıq, Bərdədə isə 30 çarpayılıq xəstəxana işə başlayıb. Şuşada kəndli evi, Lənkəran qəzasının Budar kəndində isə qiraətxana təşkil edilib.

1936-cı il

Bakıda yeni saatların düzəldilməsinə başlanılıb - qəzet bu barədə 27 oktyabr nömrəsində yazır. Moskva saat zavodları Bakıya cib, stolüstü və divar saatlarının detallarını yollayır və “Soyuzyuvelirtorq”un emalatxanalarında onlardan saatlar yığılır. Beləliklə, “Soyuzyuvelirtorq”un Bakı şöbəsi hər kvartalda 2000 ədəd cib, 500 ədəd isə stolüstü və divar saatları buraxacaq.

Qəzetin elə həmin sayında özünəməxsus rekorddan söz açılır. NKVD-nin (Daxili işlər Xalq Komissarlığı - Red.) hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin döyüşçüsü Podorojnı 504 saat ərzində əleyhiqazı çıxarmayıb. Daha doğrusu, gündə 3 dəfə yemək üçün (hər dəfə 20 dəqiqə) əleyhiqazı çıxaran Podorojnı bu vəziyyətdə düz 21 gün qalıb. Qəzet yazır: “Yoldaş Podorojnının səhhətinə Əzizbəyov adına neft yatağının ambulatoriyasının həkimi nəzarət edib. Bu uzun sınaqdan sonra Podorojnının səhhətində heç bir problem yaranmayıb, sadəcə bir qədər çəkidə itirib”.

1938-ci il

Oktyabrın 28-də “Bakinski Raboçi” Mirzə Fətəli Axundovun Azərbaycan xalqları tarixi muzeyinə hədiyyə olunan yeni şəxsi əşyalarından bəhs edən yazı dərc edir. Axundovun nəvəsi Aliyə Hüseynova muzeyə babasına məxsus bəzi əşyaları təqdim edib. Onların arasında “Bürhan Qati” (fars dilinin izahlı lüğəti) kitabı da var. Kitabın titul vərəqində Axundovun öz əli ilə yazdığı azəricə şeir yer alıb. Bundan əlavə, kitabın səhifələrində mütəfəkkirin çoxsaylı qeydləri də var.

Hədiyyələr sırasında Con Levokun 1871-ci ildə nəşr olunmuş “Sivilizasiyanın əvvəli və insanın ibtidai dövrü” kitabı da yer alır. Kitabda Axundov qara karandaşla öz qeydlərini edib. Nəhayət, muzeyin yeni eksponatları içərisində Axundovun böyük qızı Nisə xanıma məxsus fotoşəkil də yer alacaq. Foto Nisə xanım 15 yaşında olarkən çəkilib.

1939-cu il

Bütün ölkənin diqqəti Samur-Dəvəçi kanalının tikintisindədir. Bu çox mühüm tikintiyə ölkənin hər yanından yardım dolu maşınlar yollanır. “Bakinski Raboçi” mütəmadi olaraq yardım kampaniyasını işıqlandırır.

Oktyabrın 29-da qəzet tikintiyə yardım karvanlarından bir daha yazır. Məsələn, Sabirabad rayonunun suvarma sisteminin işçiləri Samur-Dəvəçi kanalının tikintisinə 1 avtomaşın, 2 traktor, daşdoğrayan və beton hazırlayan maşın, 100 külüng və 80 bel yola salıb. Üstəlik, kollektiv kanalın tikintisinə kömək üçün 100 min rubl pul ayırıb - bu, üçüncü kvartalda əməyin maya dəyərinin azaldılması hesabına qənaət olunmuş puldur.

Beriya adına Bakı ət kombinatından isə kanalın inşaatçılarına hər gün 500 kilo kolbasa və 20 min ətli piroq göndərilir. Bundan əlavə, kombinatın işçiləri tikintiyə 50 dəmir bel, 100 kilo mismar, 20 rulon tikinti tolu yola salıb. Torpaq komissarlığının baytarlıq idarəsi də yardımlardan kənarda qalmayıb - onlar kanalın tikintisində 1 həkim və 2 feldşer baytarlıq məntəqəsi təşkil edib.

Bir sözlə, əsl ümumxalq tikintisi və kollektivçilik nümunəsi...

1942-ci il

Qəzet 24 oktyabrda müharibə dövrünün Bakısının istilik və yanacaq problemindən yazır:

“Payız yağışlarının və soyuğun gəlişi ilə Bakıda və onun neft rayonlarında əhalinin məişət ehtiyaclarını ödəmək üçün kerosin satışı genişləndirilib. Əhalinin kerosinə olan yüksək tələbatını ödəmək üçün Bakı şəhər Sovetinin icraiyyə komitəsi bütün lazımlı tədbirləri görür. O cümlədən, “Bakı neft satışı” şəbəkəsinin dükanlarına kerosinin çatdırılması gücləndirilib, yanacağı küçələrdə satmaq üçün kerosin daşıyan maşınların sayı artırılıb.

Neft şəhərində kerosinin ehtiyatı yetərincədir. Zəhmətkeşlərin qışda kerosinə olan tələbatı fasiləsiz ödəniləcək. Odur ki, əlavə yanacaq ehtiyatı yaratmaq, bununla da yanğın təhlükəsini artırmaq məsləhət görülmür”.

1966-cı il

25 oktyabrda qəzet “23 il sonra” adlı yazısında Böyük Vətən Müharibəsi veteranı Həsən Nəcəfovdan söz açır. O, 1941-ci ildə savaşa yollanıb, 1943-cü ilin oktyabrında isə döyüşlərdən birində ağır yaralanaraq tərxis olunaraq doğma Qasım İsmayılov (indiki Tərtər - Red.) rayonuna qayıdıb və orta məktəbdə müəllim işləməyə başlayıb.

Həsən Nəcəfovu son illər onu ayağındakı güllə yarası narahat etməyə başlayıb. O, tibbi yoxlama üçün Qasım İsmayılov rayon polikliinikası tərəfindən Mingəçevir şəhər poliklinikasına göndərilir və burada ayağındakı mərmi qəlpəsinin yerini dəyişdiyi müəyyən olunur. 23 il sonra Həsənov yenidən cərrahiyyə masasına uzanır və Mingəçevir şəhər xəstəxanasının cərrahı Məmməd Hacıyev uzun illər ayaqda ilişib qalmış qəlpəni çıxarır. Əlbəttə ki, pulsuz...

1968-ci il

Qəzet 29 oktyabr nömrəsində rayonlardakı yeni tikinti işlərinə geniş yer ayırır. Məsələn, Horadiz bəndinin tikintisi barədə qəzet yazır:

“Horadiz bəndinin inşaatçıları lap yaxınlarda Arazın yolunu kəsərək çayın axınının çoxəsrlik istiqamətini dəyişmişdilər. İndi isə onlar artıq bəndin dəmir-beton özüllərinin quraşdırılmasına başlayıblar. Yaxın zamanlarda burada 53 suçəkmə nasosu da yerləşdiriləcək. Tikintidə daha bir mühüm hadisə də baş verdi - yeni beton zavodu istifadəyə verildi. Zavodun özülü cəmisi 5 ay əvvəl qoyulmuşdu. 5 ay ərzində boş ərazidə iri zavod peyda oldu. Onun gücü - hər növbəyə 500 kubmetr beton olacaq”.

Daha bir yeni müəssisə Puşkində (indiki Biləsuvar - Red.) istifadəyə verilib. Söhbət məişət xidməti kombinatından gedir. Burada 10 fərqli xidmət göstəriləcək - tikiş atelyesi, zərgərlik şöbəsi, televiziya emalatxanası və s. nəzərdə tutulub.

1969-cu il

Oktyabrın 28-də dərc olunmuş bu xəbər dövrləri müqayisə etmək üçün bol şans verir. Xəbərin başlığı bu cürdür: “Mükafat olaraq ADR-ə səyahət”. Söhbət, Almaniya Demokratik Respublikasından gedir. Oraya səyahətə yollanacaq adamlar isə alim, yaxud məmurlar yox, sadə Bakı bərbərləridir.

Xəbərdə oxuyuruq: “Azərbaycanın ən yaxşı bərbəri seçilmiş Aydın Əhmədov və Rahil Qasımovanı Almaniya Demokratik Respublikasına maraqlı səyahət gözləyir. Onlar bu haqqı Azərbaycan bərbərləri arasında keçirilmiş saç düzümü ustalarının müsabiqəsinin qalibi olaraq qazanıblar. Müsabiqə oktyabrın 25-də Bakıda baş tutub. Jüri və hakimlər kollegiyasının üzvləri ən yaxşı ustaları müəyyənləşdirmək üçün xeyli çətinlik çəkiblər. Müsabiqənin qalibləri həmçinin gələn ilin mayında Moskvada keçiriləcək ümumittifaq yarışmasına qatılacaqlar”.

1980-cı il

“Bakinski Raboçi” 28 oktyabr tarixli yazılarından birini Xəzər dəniz gəmiçiliyi idarəsinin (“Kaspar”) uğurlarına həsr edib. “Dəniz növbəsi” adlanan yazıda idarənin kollektivinin dəniz yük daşınmaları üzrə on aylıq planı vaxtından əvvəl yerinə yetirdiyindən söz açılır. Xəzər dənizçiləri oktyabrın sonuna qədər daha yarım milyon ton müxtəlif xalq təsərrüfatı yüklərini daşıyacaqlarına söz veriblər. Fərqlənənlər sırasında “General Aslanov”, “Həmid Sultanov”, “Ulyana Qromova” və digər gəmilərin ekipajları var...


Müəllif: Məmməd Süleymanov