İndiki Avropa Birliyinin sələfi olan Avropa İqtisadi Birliyinin ilkin təməlinin atıldığı həmin tarixin 1985-ci il Milan Zirvəsində “Avropa günü” olaraq qeyd olunması qərara alınır.
Ötən gün təhsil aldığım Türkiyə Marmara Universitetində keçirilən Avropa günü tədbirləri çərçivəsində Türkiyənin tanınmış kino aktyoru, keçmiş millət vəkili, ekologiya üzrə mütəxəssis Ediz Hunun çıxışını dinlədik.
Açığı, Ediz Hunu sadəcə Yeşilcamın sevgi filmlərində rol alan bir aktyor zənn edirdim, ona görə də onun həyatı haqqında danışdıqları, ekologiya ilə bağlı fikirləri təəccübümə səbəb oldu.
***
Ediz Hunun atası mühəndis, anası fəlsəfə müəllimi olub. 1940-cı ilin 20 noyabrında doğulub. 22 yaşında “Səs” jurnalının müsabiqəsində birinci yeri tutaraq kino həyatına başlayıb. Filmlərə çəkildiyi üçün Almaniyada qazandığı universitetə getməyib. Lakin bir müddət sonra film sektoru böhran keçirdiyi üçün 1975-ci ildə 32 yaşında ikən yenidən həmin universitetə müraciət edib. Amma aradan 12 il ötdüyünə görə qəbul edilməyib.
Yenə də təhsildən vaz keçməyib, evli və bir yaşında qızı olmasına baxmayaraq, Norveçə gedərək Oslo ve Trondheim universitetlərində biologiya və ekologiya fakultəsinə daxil olub, dəniz bioloqu ixtisasına yiyələnib.
1991-1993-cü illərdə Ekologiya Nazirliyində müşavir olub, 1999-cu ildə ANAP-dan millət vəkili seçilib.
1985-ci ildən etibarən universitetlərdə müəllim olaraq işləyir.
***
İstanbulda vaxt olduqca konfranslara dinləyici olaraq qatılıram. Son dönəmlərdə professor ünvanı daşıyan şəxslər arasında da heyrətedici çıxışlara rast gəlirəm. Xüsusilə, ABŞ və Avropa Birliyi əleyhinə danışan kifayət qədər elm adamlarına təsadüf edilir. Düzdür, ilk baxışda burada qəribə bir şey yoxdur. Amma bu şəxslərin ABŞ və AB-ni tənqid etdikdən sonra Rusiyanı və Avrasiya Birliyini müdafiə etmələri işin içində başqa işlərin olduğunu göstərir. Təəssüf ki, qarşımızda özünü doğrultmuş, 50 illik tarixi olan bir qurum tənqid edilir, amma təkcə Rusiyanın hegemonluğuna xidmət edəcək, heç bir ciddi dəyər və iqtisadi təməl əsasında birləşməyəcək bir qurum təbliğ edilir. Türkiyə ilə Avropa Birliyi arasında son 15 il içində yüksələn bir xətt də oldu, tamamilə münasibətləri bitirmə mərhələsinə gətirən hadisələr də. Amma ortada gerçək, Avropa Birliyi üzvü olmayan dövlətlər üçün də keçərli olan bir dəyər var: insan hüquqları.
Ediz Hun haqlı olaraq söylədi ki, kostyum geyinib, qalstuk taxmaqla avropalı olunmur. Avropada bir ağacın budağını kəsəndə də müvafiq qurumdan icazə almalısan.
Ediz Hun haqlı olaraq “Kopenhagen kriteriyaları” kimi tarixə keçən Avropa Birliyinin kriteriyalarını xatırlatdı.
Bu kriteriyalardan ən önəmlisi siyasi kriteriyalardır.
1993-cü ilin 22 iyununda Kopenhagen Zirvəsində qəbul olunan siyasi kriteriya bu şəkildə göstərilir: “Demokratiyanı, hüququn üstünlüyünü, insan haqlarını və azlıqların hüquqlarını güvən altına alan qurumların varlığı”.
Həm Türkiyə, həm bizim üçün, həm də AB üzvü olmaq istəyən dövlətlər üçün çox mühüm məsələdir bu.
Ediz Hun konfransda təkamül nəzəriyyəsindən danışdı. Var olan bir şeyi dəstəkləmək üçün yox, inkişaf edən texnologiyanın güclənən insan beyni sayəsində olduğunu izah etmək üçün. Təkamüllə bağlı bir vaxtlar dərs verdiyini də qeyd etdi.
Ekoloq kimi İstanbulun timsalında iri şəhərlərin necə bərbad hala düşdüyündən də bəhs etdi, plansız şəkildə tikilən binaların zərərlərindən də.
Konfransa sadəcə hər kəs kimi uşaqlıqda seyr etdiyimiz Yeşilcamın tanınmış aktyorlarından birini görmək məqsədilə getmişdim. Amma qarşımda müasir texnologiyalardan, təkamül nəzəriyyəsinin incəliyindən, Almaniya, Avstriya, Norveçin timsalında ekologiya siyasətindən danışan bir dahiylə tanış oldum.
Tanımadığım Ediz Hun tanıdığım Ediz Hundan daha maraqlı şəxsiyyət imiş.
Dilqəm Əhməd