29 İyun 2017 11:43
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kitabı əldə eləməyimin özü qəribə oldu.

Monitorun bəri üzündən utana-utana o üzünə yazıb göndərdim ki, mümkünsə, çətin deyilsə – adam qeyri-standart vəziyyətlərdə, adətən, hər ehtimala qarşı ehtiyatla və xüsusi ehtiramla davranır – toya mənə kitabınızı gətirərsiz. Çox sağ olsun, müəllif çal-çağırlı tünlükdə, şıdırğı nağara zərbələrinin sədası altında kitabı oxucusuna çatdırdı; ancaq bu iddiasız, təvazölkar kitabın ilk səhifəsini mən bir müddət sonra açdım.

Bilmirəm, bu fürsətgir fikir beynimə hansı məqamda girib, guya tərif yazıçının həmişə əleyhinə işləyir, halbuki əleyhinə işləyə bilər, amma həmişə yox. Xüsusən, şöhrətin dadından xəbərdar, gəncliyin havalı dönəmlərini, əyri-üyrü dolaylarını yola vermiş təcrübəli yazıçıya tərif bir stimul da ola bilər və bu, əslində ona dərman kimi lazımdı da...

Şair Səhər Əhmədin “Həyatın təkrar nəşri” nəsr kitabını oxumağa tələsmədim, çünki onun məni bu qədər heyrətə salacağını, açığı, düşünməmişdim; mən o kitabı hələ də bitirməmişəm, bunun artıq başqa izahı var.

“Həyatın təkrar nəşri”nə salınmış bəzi köşələrləsə az-çox tanışıydım, ancaq onları kitab nizamında, kitab məntqində, cildlərin “hökmü altında” təkrar oxumaqla duyduğum təzə zövqü həmin əsərlərin reinkarnasiyası – təkrar doğuluşu anlamına bağlamaq düzgün çıxmaz, əzəl başdan çatdırılmalı olan, sadəcə, ünvana indi yetişdi, vəssalam.

Bəlkə də ruhuma, qəlbimə endirilən təsir dolu zərbələrin məndə doğurduğu emosional təəssürat ilk növbədə mənim özümün hazırda kökləndiyim subyektiv kriteriyayla əlaqədardı. Çünki həmin zərbələri vicdanlı bir yazıçı dünyasının səs-sədası kimi dəyərləndirir və bu neməti bu dəfə böyük şükranlıqla qarşılayıram. Dünyanın o başından üzübəri, üstümüzə yeriyən nəhəng bir “texnika”nın çarxları arasından yalnız vicdanımızı ala-birtəhər salamat çıxaracağımıza ümidliyiksə, onda izn verin sözümü deyim:

Mən haqlıyam!

***

Səhərin qəhrəmanları heç bir ideolojini, missiyanı təmsil eləməyən, vəzifəsi az-çox insan kimi qalıb yaşamaq olan adi adamlardı – qatıqsatan, konduktor, xadimə, məktəbli, müəllim... Yaxşı hekayə haqda nəinki yazı-pozu adamının, lap sıravi oxucunun da, məncə, ilk qənaəti bu olur: necə olub, mən bu hadisəni görməmişəm, niyə mən bu hadisəyə diqqət yetirməmişəm... Məsələn, “Qara qızın ən yaraşıqlı oğlana vurulması” hekayəsini (yeri gəlmişkən, məncə, kitabda janrlar bəzi hallarda qarışdırılıb, bir çox köşələr, yaxud esseləri də hekayə saymaq olar) məmnuniyyətlə yazardım. Elə bil, bu haqda həmişə düşünmüşəm, amma düşündüyüm həmişə yarımçıq qalıb.

“Əməliyyatdan bir gün keçirdi”. Müəllifin belə bir sadə cümləylə başladığı, ancaq dəbdəbəli, aristokratik ad qoyduğu (“Həyat simfoniyası”) hekayənin real süjeti xəstəxana palatasından xəstəxana mətbəxinəcən və əks istiqamətə sürünür – əslində, burda diqqətəlayiq heç bir hadisə baş vermir, olan-olub, bitən-bitib; şükür, xəstənin əməliyyatı uğurla başa çatıb və o, bərpa dövrünü keçirir. Müəllifin ixtiyarında zəngin material da yoxdu; mətbəxdə çay qaynadan iki qadının söhbətinə, davranışına şahidlik eləyən oxucu üçünsə alt qatda incə bir fon var – narkozun canlandırdığı dumanlı xatirələr, hisslər aləmi... Və yazıçı ustalıqla, bəlkə də sırf intuisiya hesabına əyalətdən ilk dəfə şəhərə gəlmiş bir qadınla şəhərdə artıq əməliyyat masasından keçmiş başqa bir qadının dünyasını qarşılaşdırıb...

Hər şey zərif, incə dünyada, xəyallar, arzular aləmində, mətbəxdəki pəncərə qarşısında başlayır, təəssüf ki (bu, artıq oxucu təəssüfüdü), elə oralarda da bitir.

***

“Onu ən çox gülüşünə görə yadda saxlamışdım. Raya beş-altı il əvvələ qədər mənimlə işləyirdi. Amma müəllimə yox, xadimə”. Səhərin bütün başqa hekayələri kimi bu hekayəsi də qısadı, iki səhifə ola-olmaya, məzmun da mürəkkəb, dolaşıq hadisələrin od-alovundan keçmir. Məktəbdə xadimə işləmiş həmin bu Raya yenidən köhnə işinə bərpa olunmaq istəyir və əhvalatı nəql eləyən şəxslə o, əvvəl müdirin yanına xahişə gedə-getdə, bir də işi düzələndən sonra – hər ikisində dəhlizdə qarşılaşır.

Çox yox, cəmi iki görüş, cəmi iki əsas epizod...

Bütün mətni ifadə eləyən cümləni yazmaq asan deyil. Nəinki mətninin özünü, müəllifin hədəf aldığı mətndənkənar dünyanı bir cümləyə sığışdırmaq da ayrıca bacarıqdı, istedaddı, bəlkə də bir qismətdi. Xadimə işə düzələndən sonra ikinci qarşılaşmadakı sehirli cümlə budu: “Qadın yenicə ölkə fəth etmiş sərkərdə kimi şəstlə yeriyirdi, “şvabranı” elə tutmuşdu ki, sanki əlindəki “pol” ağacı deyil, bütün bağlı qapıların açaradı”.

Hətta müəllifçün, mətnçün olmasa belə, oxucuya görə bu cümlə qayət əhəmiyyətlidi; oxucu bu cümlənin qəfil işıqlanmasında öz həqiqətini tapır və “şvabra”nı əlində hiss eləyir...

***

Neçə müddətdi kitabdakı o hekayənin adı haqda düşünürəm. Hekayənin və onun baş qəhrəmanının adı eynidi: “İlahə” və İlahə. Nə üçün bu ad?.. O, şeir vurğunu, istədiyi kimi yaşayan, hislər aləminin cəsur sakini olan qadındı, ancaq özü də etiraf elədiyi kimi fahişədi və nədənsə hekayədə məhz həmcinsiylə – şairəylə tərəf-müqabildi. Müəllifin bununla, bu paralellə (bəlkə kəsişməylə?) nəyə işarə vurduğunu da deyə bilmirəm, yaxşı əsər cavab yox, sualdı...

***

Səhər Əhmədin “Həyatın təkrar nəşri” kitabını hələ oxuyub başa çatdırmamışam. Belə kitabların sanki sonu olmur. Oxuyursan, oxuyursan. Bu kitab şöhrət, mənsəb, maliyyə vasitəsinə çevrilən qışqırıqçı mətbəə məhsullarından fərqli, sözünü sakit və təmkinlə deyir, bəlkə də pıçıldayır.

Görünür, müəlif inanır ki, pıçıltı qışqırtıdan daha tez eşidiləcək...


Müəllif: Qurban Yaquboğlu