9 Avqust 2018 08:15
7 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbrahim Badal 1911-ci il mayın 11-də Salyan şəhərində doğulub. Atası Məhəmmədəli, anası Nisa xanım olub. Orta məktəbi bitirdikdən sonra tibb təhsili alan Badal Azərbaycanın bir sıra bölgələrində xəstəxanalarda çalışıb.

1941-ci ildə Almaniya ilə SSRİ arasında müharibə başladığı zaman İbrahim Badal da cəbhəyə göndərilir. Müharibə bitdikdən sonra Almaniyada qalan Badal əvvəlcə Frankfurta, sonra Münhenə gedərək özəl müayinəxana açır, həkimlik fəaliyyətini davam etdirir.

1946-cı ildə Mittenvald Birləşmiş Millətlər Qaçqınlar Düşərgəsi Səhiyyə Qurumunda həkimlik edir.

Almaniyada evlənən Badalın 3 oğlan övladı, üç nəvəsi olub.

1948-ci ildə Türkiyəyə köçən Badal əvvəlcə Kayseridə, daha sonra Ankara xəstəxanasında baş həkimin müavini və dermotologiya klinikasında müdir vəzifəsində çalışıb, 1974-cü ildə təqaüdə çıxıb.

İbrahim Badal 22 dekabr 1984-cü ildə saat 18-də vəfat edib, iki gün sonra dəfn edilib.

***

Badal Türkiyəyə gəldikdən sonra Ankarada qurulmuş Azərbaycan Kültür Dərnəyi ilə münasibət saxlayıb. Dərnəyin rəsmi orqanı olan “Azərbaycan” dərgisində verilən məlumata görə, Məhəmmədəmin Rəsulzadənin ölüm anında yatağının baş ucunda olan şəxslər arasında İbrahim Badal da olub. Mühacir Qurban Biter “Məhəmmədəmin Rəsulzadənin cənazə törəni” adlı məqaləsində yazır: “Martın 6-sı, Ankara Universiteti xəstəxanasında yatan əbədi öndərimiz Rəsulzadə Məhəmmədəmin bəy yanında həyat yoldaşı Leyla xanım, əmisi oğlu Məhəmmədəli Rəsuloğlu, dost və həmyerlilərdən Vahab Yurdsevər, Kərim Odər, Dr.İbrahim Badal və xanımı, Dr. Sultan Hacıoğlu, Ənvər Dadaş və xanımı vardı”.

İbrahim Badalın şəxsi keyfiyyətləri haqqında Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Məhəmməd Kəngərli yazır: “Əziz İbrahim, sənin Türkə, Türk dünyasına necə bağlı olduğunu bilirik. Azərbaycan sənin hər şeyin idi. Folkloru, klassik musiqisi, oyunları, xalq mahnıları, teatrı, şeiri, ədəbiyyatı, atalar sözləri, ümumilikdə nəyi varsa sənin həyatının ayrılmaz bir parçası idi. O sevgili vətənin adını eşitmək belə sənin həyat qaynağın, mənəvi qidandı. Axı andımız vardı?! Birlikdə o müqəddəs torpaqlara dönəcəcəkdik. Bizi tərk edib getdin. Rahat ol, sən yenə bizimləsən, cismən aramızdan ayrıldın, mənən yerin daim qəlbimizdədir. Səni hər zaman yaxşı duyğularla xatırlayacaq, dostluğunu yaşadacağıq”.

Yazı müəllifin hazırlamaqda olduğu “Unudulmuş mühacirlər” kitabındandır.


Müəllif: Dilqəm Əhməd