Gəldik çatdıq UEFA Avropa Liqasının play-off mərhələsinin astanasına. Bu dəfə uzun Avropa yolçuluğuna dörd klubla başlasaq da, məlum səbəblərdən iki təmsilçimiz yola davam eləyir.
Onlardan biri, ölkə çempionu “Qarabağ” mübarizəyə Çempionlar Liqasında start versə də, üçüncü tur oyununda Avstriya təmsilçisi “Zalsburq”a yenilərək Avropa Liqası ilə kifayətləndi.
Sabah çempionumuz Avropa Liqasının qruplarına düşmək üçün son maneə olan play-off-un ilk oyununda Hollandiya təmsilçisi “Tvente”ni qəbul edəcək. Bu oyunda təmsilçimizin şanslarından danışarkən çox da nikbin ola bilmirik. Ancaq aşırı bədbinliyə də gərək yoxdur. Ümumilikdə götürdükdə bir neçə nüansa nəzər salmaqla oyundan gözləntilərimiz haqqında təsəvvür yarada bilərik.
“Zalsburq”la ilk oyunda qırmızı vərəqə alıb, cəzalı duruma düşərək cavab qarşılaşmasından məhrum olan Reynaldo bu dəfə meydana çıxacaq. Nəzərə alsaq ki, “Qarabağ”ın bütün hücum xəttinin lideri odur və Qurban Qurbanov bütün taktikasını onun üzərində qurur, bu zaman azarkeşlərin ümidlənməsini anlamaq olar.
Reynaldosuz “Qarabağ”ın necə əksik və hücum xəttində nə qədər “dişsiz” olduğu səfərdəki “Zalsburq” oyununda üzə çıxdı. İrəli ucda top saxlamaqda çətinlik çəkən, müdafiədən hücuma çıxarkən çaşqınlıq yaşayan bir komanda görüntüsü verən təmsilçimiz, demək olar ki, məhz braziliyalı oyunçunun yoxluğunun qurbanı oldu. Bu dəfə isə “9 nömrə” öz yerindədi və məşqçisinin tapşırıqlarına canla-başla əməl etməyə hazırdı.
Dörd il bundan öncə bir dəfə də eyni mərhələdə qarşılaşmış rəqiblər bir-birilərinə artıq tanışdırlar. O vaxtlar olduqca güclü heyətə malik hollandiyalılar qarşısında təmsilçimiz asan təslim olmuşdu. Ancaq məğlubiyyətə baxmayaraq, yaxşı təsir bağışlayan “Qarabağ”ın o zamankı futbolçusu Vaqif Cavadov hollandiyalıların diqqətini çəkmiş, “Tvente”nin baş məşqçisi Stiv Maklarenin təşəbbüsü ilə Hollandiyaya transfer olunmuşdu.
Qeyd elədiyim kimi, dörd il bundan öncə bizdən çox güclü olsalar da, indiki zamanda bu komanda o komanda deyil. Ötən vaxtda bir sıra dəyişikliyə uğramış Enshede təmsilçisi artıq əvvəlki əzəmətindən çox-çox uzaqdır. Hazırda davam edən Hollandiya çempionatında da işləri yaxşı getməyən “Qarabağ”ın rəqibi heç də yenilməz komanda deyil. Hər nə qədər asan olmayacağını düşünsək də, hər halda qalib gəlib mərhələni adlamaq üçün şanslarımız var.
Milli çempionatın oyunlarında bizim təmsilçimizin də işləri yaxşı getmir. Qurban Qurbanovun yetirmələri başa çatan iki turdan sonra mümkün olan 6 xaldan sadəcə birini toplaya biliblər. Maraqlıdır ki, baş məşqçi ikinci turun “İnter”lə oyunundan sonra açıqlamasında bildirmişdi ki, bizim bütün fikrimiz Avroliqa oyununda idi, ona görə də bu oyuna yaxşı adaptasiya ola bilmədik.
Bu açıqlamalar özü də kifayət qədər mübahisəli və müzakirəyə açıq açıqlamalardı. Peşəkar bir məşqçi heç vaxt qarşıdakı oyunu boş verib, bir sonrakı, növbəti oyunu düşünməz. Düşünsə belə, bunu yetirmələrinə aşılamaz. Yox, əgər bunu da eləyibsə, heç olmasa geniş ictimaiyyət qarşısında belə açıqlama verməz.
Ancaq açıqlama verilib və görünür ki, bu oyuna ağdamlılar daha önəmli və daha həyati məsələ kimi yanaşırlar. Deməli, bu, özü də bizdə əlavə ümid yarada bilər.
Hər şeyin necə sonuclanacağını isə meydanda görəcəyik.