4 dekabr 1919-cu il.
Bakıda Həzrət Məhəmməd peyğəmbərin mövludu ilə bağlı rəsmi qəbul keçirilir. Qəbulda iştirak edən Qacar nümayəndə heyətinin rəhbəri Seyid Ziyaəddin Təbatəbai bu ölkənin baş nazirinə yazdığı raportunda bildirir:
“...Məhəmmədəmin Rəsulzadə də nitq söylədi. Həzrət Peyğəmbər (s.ə.s)-in fəzilətləri sırasında bu məsələni də xatırladı ki, Həzrət Peyğəmbər(s.ə.s)-in təvəllüdünün xoş nəticələrindən biri də Kəsra sarayının tağı idi. Belə ki, Kəsra sarayının tağının yerə düşməsi ilə zəif millətlər zülmkar bir dövlətin əsarətindən xilas oldular. İndi də şimal imperiyası dağılıb və digər bir Kəsra sarayının tağı da üzü üstə yerə gəlmişdir. Onların əsarəti altında olan millətlər üçün yeni bir xoşbəxtlik dövrü başlayıbdır. Nitqi əsnasında müxtəsər formada iranlı nümayəndələr haqqında da danışdı.
Rəsulzadənin nitqi bizim məzhəbi adət-ənənəmizə uyğun olsa da, amma fikrimcə burada İranın tarixi keçmişi və milliyyəti haqqında kinayəli formada nə isə çatdırmaq istədi. Xüsusilə də Kəsra tağının tarixi hissəsinin arxasıyca türk milləti və türkün birliyindən söhbət açdı. Onun bu nitqi məni qəmgin etdi. Lakin xoşbəxtlikdən orada iştirak edənlərin bəlkə də heç 10 nəfəri onun bu sancmasını başa düşmədilər. Bu nitqə cavab verməyim üçün şərait, münasib deyildi”.
Rəsulzadə niyə belə çıxış etmişdi?
Çünki təxminən 12-13 il əvvəl bu ölkədə aktiv fəaliyyət göstərən, partiya quran, qəzet çıxaran Rəsulzadə Qacar dövlətinin politikasına dərindən bələd idi. Ona görə də dövlətin adı “Azərbaycan” qoyularkən Qacarların iddialarına ən peşəkar cavabı da qəzetlərdə o vermişdi. Bu baxımdan Qacarlar da Rəsulzadəni yaxşı tanıyırdılar, bu da təsadüfi deyil ki, Qafqazdakı İran nümayəndəsinə mərkəzdən gələn məktubda Rəsulzadə pislənilirdi:
“... İran xeyriyyə cəmiyyətində Məhəmmədəmin Rəsulzadənin etdiyi nitq də, son dərəcə təəssüf hissi doğurur. Fikrimcə, yaxşı deyil ki, bu şəxsləri azad qoyasan və onlar da qərəz və səthi məlumatlar üzündən hər bir mövqedən istifadə edərək, ümum kütləni həqiqət yolundan ayrı salıb öz pis niyyətlərini həyata keçirə bilsinlər. Əlbəttə, həmin gün cənab alinin Rəsulzadəyə cavab verməsi münasib olmazdı. Lakin indidən tərəflərin gözəl münasibətlərini korlamaq üçün addım atan bu kimi şəxsləri narahat etmək lazımdır. Bunun tətbiqi yolunu isə orada olan durumu və bu şəxslərin keçmişini bilən cənab alinin öhdəsinə buraxıram”.
Rəsulzadə çıxışında “Kəsra tağı” deyərkən Çar Rusiyasını nəzərdə tutsa da, Qacar dövlətinin nümayəndəsinin bunu öz üzərinə götürməsi Sasani mirasına iddialı olmalarına görə idi. Qəribədir ki, bu çıxışdan cəmi 6 il sonra Qacarların tağı Sasanilərin həqiqi davamçıları tərəfindən yıxıldı.
Azərbaycan-İran ziddiyyətlərinin kökü 1918-ci ildən başlayır. 1918-ci ildə İstanbulda Rəsulzadənin tanınma ilə bağlı bəyanatına Qacarların mənfi cavab verməsi, daha sonra Cümhuriyyət hökumətinin təzyiqlərinə tab gətirə bilməyərək, Qafqaza nümayəndə heyəti göndərməsi bu problemlərin başlanğıc nöqtəsidir. İrandakı indiki islam rejimi də Qacarları özlərinin tarixi keçmişi hesab etdikləri üçün 1828-ci ildən öncəki sərhədlərə iddialıdır və ən son Ruhaninin timsalında bunu açıq şəkildə bəyan etdilər. Qacar, Əfşar xanədanlıqlarına indiki İranınmı, yoxsa Azərbaycanınmı daha mənəvi haqqının olduğu başqa müzakirə mövzusudur. Amma bu gün tarixi Azərbaycan torpaqlarını əlində saxlamaqla yetinməyən İranın müstəqil Azərbaycanın da ərazilərinə iddia etməsi həyasızlıqdan başqa bir şey deyil.
Son aylar bölgəmizdə nələrsə baş verir və ya gözlənilir. Bu baxımdan İranın açıq şəkildə ermənipərəst mövqe tutması, hətta Xocalı soyqırımı günü Paşinyana qucaq açması, ermənilərin “Qarabağ bizimdir” iddiasını söyləmələrinə şərait yaratması bizə qarşı təxribatdır.
Amma bu hadisənin müsbət tərəfi də oldu. Ötən günlərdə sosial şəbəkədə bununla bağlı bəzi təsbitlərimi yazmışdım. Onları bir daha təkrarlayıram:
- Artıq bu hadisədən sonra Güney Azərbaycanla bağlı görüşlər ətrafındakı ən ideal variant ayrılmaqdır. İranda bir gün türklərin hakimiyyətə gələcəyi və İranın türk dövləti olacağı kimi düşüncələr tamamilə xəyaldır.
- İrandakı türklər bizdən də qat-qat millidirlər və Təbrizdə səslənən şüarlar bunu bir daha sübut etdi.
- İranın Ermənistana illərdir açıq və gizli olan dəstəyi, Azərbaycandakı şiə müsəlmanları qətlə yetirən, məscidləri donuz axuruna çevirən bir rejimin təmsilçisinə qucaq açması iranyönümlü dindarları da ayıldacaq. Əks halda Xocalı günündə Sərkisyandan da qəddar mövqe sərgiləyən Paşinyana qucaq açmaq kimi bir hadisəni özlərinə yaraşdırıb bu mövqeni qəbullanmaları vətənə xəyanətdən başqa bir şey deyil.
Tarix göstərdi ki, gün gəldi, Pəhləvilərin də Kəsra tağı yıxıldı. Gün gələcək bugünkü İranın da Kəsra tağı yıxılacaq və orada türklərin yeni mövlud günü qeyd olunacaq.