10 May 2019 22:54
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə təhsillə bağlı İstanbula gəldiyim zaman Fətullah Gülənin həyata keçirdiyi 15 iyul hərbi çevrilişə cəhddən cəmi iki ay keçmişdi. Şəhərdə hələ də qorxu mühiti hakimdi, insanlar narahat şəkildə küçədə, səkilərdə addımlayırdılar.

Həmin vaxt “Ərdoğanı yaxşı gördüm” adlı yazı yazaraq, Türkiyə prezidentinin bu prosesi mükəmməl idarə etdiyini, türk millətinin onu sevdiyini qeyd etmişdim.

Bəzi fikirlərimdə yenə də qalıram, aradan Türkiyə siyasi həyatı üçün böyük bir vaxt olan üç il keçdiyi üçün müəyyən dəyişikliklərin olduğunu da hesab edirəm.

Bu dəfə isə İmamoğlunu yaxşı gördüm deyə bilərəm.

15 iyul hadisəsindən sonra əziyyət çəkən türk milləti və seçilmiş hökumət idisə, 6 may 2019-cu il hadisəsində əziyyət çəkən yenə də türk milləti, yenə də seçilmiş şəxsdir.

Əgər 15 iyuldan sonra əsas qəhrəman çevrilişçilərin planını vaxtında ifşa edib, hadisənin daha geniş miqyas almasının qarşısını alan R.T.Ərdoğan idisə, 6 maydan sonra bu cəngavərlik sırası Əkrəm İmamoğlundadır.

Niyə?

Ötənlərdə Türkiyənin ən böyük qəzeti olan “Hürriyyət”in köşə yazarı Ərtuğrul Özkök haqlı olaraq yazdı ki, 71 yaşıma qədər xeyli hərbi çevriliş, keçid hökumətləri görsəm də, həmişə inandığımız bir qurum vardı: YSK (Yüksek Seçim Kurulu).

6 may hadisəsi isə ilk dəfə olaraq Türkiyədə bu seçki orqanının tərəfsizliyini şübhə altına aldı, millətin böyük hissəsi bu hadisəni qınadı.

İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğluna qarşı edilən bu haqsızlığa Türkiyənin məşhur sənətçilərindən tutmuş Ərdoğanın vaxtilə ən sadiq adamları olan Abdullah Gül və Əhməd Davudoğluna qədər etiraz edildi.

Dörd gün ərzində İstanbulda olduğum müxtəlif yerlərdə də ancaq bir şəxs haqqında danışılırdı: Əkrəm İmamoğlu.

Qəribədir ki, hətta dünən Qaraca Əhməd məzarlığında azərbaycanlı məşhurların məzarlarını axtararkən hicablı bir qadının “Allahım, sən İmamoğluna yardım et” deyə dua oxuyarkən gördüm. Bərbəri, baqqalı, çayçısı... hər kəsin gündəmində yalnız İmamoğlu var.

Niyəsinə gəldikdə.

Əkrəm İmamoğlu seçki başlayarkən CHP-nin namizədi idisə, seçkinin ortasında mühafizəkar kəsimin namizədinə çevrildi. Rəqibləri onun özəl həyatı ilə bağlı hər hansı bir mənfi informasiya istehsal edə bilmədilər. İmamoğlunun rakı içərkən, qumsallıqda əylənərkən çəkilən fotoşəkilləri iqtidar mediasında dərc edilə bilmədi. Çünki bu dəfə namizəd eynilə Abdullah Gül, Davudoğlu kimi mühafizəkar biri idi, üstəlik kifayət qədər xarizmatik, birləşdirici şəxs idi.

Belə bir şəxsə qarşı edilən haqsızlıq onun nüfuzunu ikiqat artırmış oldu.

Əlbəttə ki, iqtidar İstanbulun gəlirini yenidən öz çevrəsinin xidmətinə vermək istəyir. Bunun qarşısını alacaq tək güc isə millətin səsi və bu səsi doğru şəkild sayacaq və təsdiqləyəcək YSK idi. Hadisə bu şəkildə də cərəyan etdi və millət bu dəfə müxalifətin namizədinə səs verdi.

Təbii ki, iqtidarın çevrəsi bu məğlubiyyəti həzm edə bilməzdi. Amma vaxtilə onların da önünə çəkilən sədləri aşmalarında ən önəmli faktor millətin səsi və YSK olmuşdu. İndi isə bu gücün də üstündə bir güc sərgilənir.

Əgər İmamoğlunun nüfuzu bu şəkildə davam etsə, 23 iyunda keçiriləcək təkrar seçkilərdə yenidən qalib gələcək. Bu isə Türkiyədə erkən prezident seçkiləri deməkdir.


Müəllif: Dilqəm Əhməd