15 Avqust 2019 12:26
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atdığı daş səmaya çatsaydı, sanki hər şey düzələcəkdi...

Qarğayır, nifrin yağdırır, dünyanı xaraba qoyanı Əzrayıla tapşırır. İçindən qopan hıçqırtını sinəsinin altında sıxıb ürəyinə ötürür, boğur özünü. İçindəki hikkə, nifrət əllərində titrəyir, dizlərində əsir, saxlaya bilmir özünü. Ürəyi soyumaq bilmir, qolunun yumşaq yerindən bir çimdik ət qoparmaq istəyir, qopara bilmir, ağrıyır, sığal çəkir qolunun ağrıyan yerinə.

Titrəyir...

Məşğul olduğu iş başını qatmır, aldada bilmir özünü. O nədirsə yadından çıxmır, qarğayır, qarğayır, söyür, başa qayıdıb yenidən qarğayır.

Büzüşmüş keşniş dəstələrini bir-bir bağlayıb vedrəyə atır.

Ürəyi dözmür, bu dəfə ayağına bir çimdik atıb kəlbətin kimi dartır, ət qopara bilmir. Bir də sıxır, dartır, qaxaca dönmüş ət ələ gəlmir, dərisini dartır. Gözləri yaşarır, ağlamır, ağrının bulandırdığı gözlərdir.

Burnundan su axır, əliylə silib keşniş dəstəsinə sürtür. İçindəki nifrin sakitləşmir, küçük kimi zingildəyir, dişini-dişinə sıxıb başını divara çırpır, beyni silkələnir, saçını yolur, dünyanı xaraba qoyana olan bütün hikkəsini öz canından çıxarmaq istəyir qadın.

Ayağa qalxır, həyət boyu qaçır deyinə-deyinə. Qaçır, qaçır, qaçır, dayana bilmir...

Özünü böyürtkən kolunun içinə atır. Bir neçə dəqiqə belə qalır, sakitləşənə oxşamır, çırpınır, çıxmağa çalışır kolun içindən. Dartıb bədənini çıxarır, gözünün üstünə batmış tikan dərisini cırır, nazik bir dəri sallanır gözlərinin üstünə. Göz çuxuru qanla dolur, yanaqlarından boynuna süzülür. Sakitləşmir, böyürtkən kolunu qoluna dolayır, qolunu çəkir, al-qana boyanır qolu, tikanlar ətini cırır.

Bədəninin hər yeri tikanla doludur...

Qaçır, düz keşniş dəstələrinin üstünə. Çatıb keşniş dolu vedrənin içinə tüpürür, vedrəni boşaldıb başına keçirir. Başında vedrə özünü divara çırpır, çırpır, çırpır.

Sakitləşmir qadın...

“Ölməyəcəm, ölməyəcəm, dünyanı xaraba qoyan, sən ölmədən, öz əziz balam kimi arxanca ağlayıb səni birdəfəlik bu dünyadan yola salmadan ölməyəcəm”...

Vedrə keçirdiyi başını daş divara çırpır. Qışqırır, qışqırır, qışqırır...

Can çəkişir ölümlə həyat arasında keşniş dəstələyən qadın. Başını divara çırpır, çırpır, çırpır - boğazı yarıyadək kəsilmiş öküz xırıltısına oxşar fəryad bölür bürkünü.

Vedrəni başından çıxarıb lüt-üryan həyətin ortasında ilan kimi sürünür, düz gicitkən kollarının üstünə. Bədəni dalanır, dalanır, dalanır. Arxası üstə uzanıb qollarını yanlarına açır, səmaya zillənir, sanki indi uçacaq birbaşa Allahın hüzuruna...

Ayağa qalxır, dalanan bədənini qaşıyır, ağrısı dinmir, suya qaçır, özünü kanala atır, qalır suyun altında. Çıxmaq istəmir, son nəfəsi ağzından çıxanadək çıxmaq istəmir, çırpınır, əl-qolunu özü bağlayıb, dözmür nəfəssizliyə, çıxıb birbaşa paltar asılan məftilin üstünə qaçır, geyinir əynini.

Sinəsinin altında hıçqırığa oxşar bir qəhqəhə qopur. Əlləriylə ağzını yumur, saxlaya bilmir özünü, gülür, gülür, gülür...

İki barmağını ağzına salıb cırmaq istəyir, qulaqlarının dibinədək, ağrıya dözmür, əl çəkir özündən. Yerə tökdüyü keşniş dəstələrini vedrəyə yığır, bir-bir, iki-bir.

Ayağını vedrəyə salıb keşnişləri tapdalaya-tapdalaya dünyanı xaraba qoyanı qarğayır. Boğazını yırta-yırta anlaşılmaz sözləri çıxır içindən, özü də anlamır. Dizinə-dizinə döyür, qulağından tutub yerindən çıxarmaq istəyir, bacarmır, əllərini ombalarına çırpır. Üzü üstə keşniş səpilmiş stolun üstünə sərilir, gözü ən yaxındakı keşniş yarpağına zillənib qalır eləcə, tərpənmir.

Sakitlikdir...

Əlini ürəyinə aparıb yoxlayır, bəlkə ölüb deyə. Yaşayır, bu pis xəbəri özünə verib qollarını yanına sallayır. Keşniş yarpağı alatorana qovuşur, qonşuluqdakı evin damına zillənib.

Dibsiz bir boşluq...

Düşünmək istəmir, amma hər saniyə beyninin içindən nəsə keçir, xəyal qura bilmir, başını xəşil qazanı kimi qarışdırır, heç nə çıxmır. Çömçə boşdur, qara qan laxtasına çevrilmiş nöqtə boyda beyin ləkəsi, vəssalam...

Üzü üstə yerə düşüb otağa sürünür, sandıqdakı kəfənə bürünüb geri qayıdır. Həyətin ortasında arxası üstə uzanıb ölümü gözləməyə başlayır. Dəqiqələr keçir, ölə bilmir, gözlərinə səmaya - Əzrayılın yoluna zillənməkdən qaranlıq çökür.

Səntirləyə-səntirləyə aya qalxır, ağırlaşmış ayaqları bədənini güclə sürüyüb ağacın qaranlıq kölgəsinə atır, nəbzini yoxlayır, hər şey qaydasında deyil – hələ yaşayır. Amma bayaq kəfənə bürünüb həyətin ortasında uzananda qollarının Əzrayılın qanadlarına toxunub onu qaçırdığına inanmışdı. Bu dəfə Əzrayılı qarğayır, qarğayır, qarğayır...

Səmaya zillənib qalır, gözləri mavi boşluqdan asılıb qalır, elə bil dünyanı xaraba qoyan orda gizlənmişdi – səmada...

Sanki haradasa, lap uzaqlarda Əzrayılın ona xısın-xısın güldüyünü görüb özündən çıxır. Səmanı daşlayır – Əzrayılın gizləndiyi yeri...


Müəllif: Mənsur Rəğbətoğlu