5 Sentyabr 2019 18:40
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir toplumu dəyişmək, dəyişdirə bilmək üçün nələr lazımdı, nə etmək vacibdi? Hansı faktorlara əsaslanaraq toplum səviyyəsində çiçəklənməyə nail ola bilərik? Mən bu suala valideyn olduqdan sonra daha əsaslı cavablar tapdım, özlüyümdə kəşf etdim.

Ana olduqdan sonra özümlə bərabər tərbiyə etmək məcburiyyətində olduğum bir fərd daha yaranmışdı. Bir insan daha böyüyürdü, öyrənirdi, dəyişirdi, inkişaf edirdi. Və bu dəyişiklikdə, inkişafda mənim əməyim qaçılmaz idi. Bir növ mən rəssamam, övladım rəsm əsəri. Əsəri dolğun, tələbə uyğun, faydalı, çəkici, ən önəmlisi lazımlı və gərəkli – subliminal mesaj verə biləcək qədər bacarıqlı yaratmaq mənim vəzifəmdi. Buradan belə nəticəyə gəlinir ki, toplumun istədiyi toplumu, toplum özü yarada bilər. Çünki “pult” fərdlərin əlindədi. Onu hansı tərəfə, necə dəyişmək də həmçinin.

Anladıq ki, toplumu təşkil edən fərd ilk öncə valideynin “ələyindən” keçməli olur. Valideyn övlada nə versə, övlad da onu təqdim edəcək bizlərə - topluma.

Qızım iki yaş doqquz aylıqdır. Gözünü açan bir gündən hər yerə birlikdə gedirik. Gəzməyə, şəhərə, alış-verişə, market-bazara, əyləncə mərkəzlərinə, kitab təqdimatlarına, imza günlərinə, kitabxanalara, muzey və tarixi yerlərə, konsertə, təbiətə-meşədə piknikə, uşaq etkinliklərinə, kurslara, təlimlərə və ağlınıza gələn hərə yerə. Ona görə yox ki, qızımı etibar etməyə kimsə yoxdu. Xeyr! Ona görə ki, görərək, kəşf edərək yaşamasını istəyirəm. Mən kursa gedəndə onu nənəsinin yanında qoyub getsəm, öyrənəcəyi nə ola bilər, kuklalarıyla evcilik oynamaqdan başqa? Mənimlə “Ebru” sənətini öyrənməyə getdiyi kursda rəngləri öyrənmiş oldu. İzah edə bilirəm? Mən başqa bir şey öyrəndiyim halda, o da bir başqa şey kəşf edir, öyrənir. Saysız imza günlərinə qatılmışıq qızımla, hər il yaşadığımız şəhərdə - Antalyada keçirilən kitab yarmarkalarına gedirik. Kitablarla böyüdü qızım. Bu nə deməkdir, bilirsinizmi? Kitab istəyən, kitab sevən, kitab axtaran bir fərd var artıq toplumda. Bir də qızımın böyüdəcəyi övladları düşünün. Sizcə də, toplum dəyişmirmi?!

Bu günlərdə qızım kitabxananın uşaq bölməsinə üzv oldu. Kitabxanada uşaqlar üçün oturub rahatlıqla öyrənəcəkləri, oxuyacaqları şərait var. Onlar üçün ayrılmış zallar, hər yaş kateqoriyasına uyğun kitablar mövcuddur. Çox kiçik yaşlılar valideynləri ilə, nisbətən böyüklər tək də oturub mütaliə edə bilir. Həmçinin kitabxanada kampaniyalar təşkil edilir. Yaş qruplarına görə müəyyən say məhdudiyyətli etkinliklərə internet üzərindən müraciət edib, qeyd olub, qatıla bilirlər.

Qızımdan öncə 2-ci sinif şagirdi bir oğlan yaxınlaşdı bələdçiyə. Əlindəki kitabları uzatdı. Bələdçi kimlik nömrəsini soruşdu. Uşaq isə, “bilmirəm, yadımda qalmır nömrə” dedi və çantasını açdı. Kimliyini çıxarıb təqdim elədi. Bələdçi kitabları qeydə saldı və geri verdi. Gülümsəyərək oğlana eynilə bunları söylədi:
“TC kimlik numaranı ezberlesen sana rahat olur, her yerde kimliğini çıkarmak zorunda kalmazsın. Ama ezberleyemesen de gel, isim ve soyisminden de buluruz. O da olmadı her türlü kitabı ben sana kendi kaydımla veririm. Yeter ki, sen gel, yeter ki, sen okumak iste”.

Uşaq təşəkkür edib, sevincək ayrıldı yanımızdan. Dənizin növbəsi çatdı. Kitablarını uzatdı, kimliyini verdi. Bələdçi xanım, üzvlüyü üçün Dənizi təbrik edib, təşəkkürünü bildirdi. Kitablarını özəl paketlədi və təqdim etdi. Kitabxananın ən kiçik üzvü (2 yaş 9 ay) Dəniz olduğu üçün kitabxana heyəti toplandı və Dənizin anasına bu addımdan dolayı təşəkkür etdilər, atasına sevgi və sayğılarını çatdırmağımı istədilər.

Ortam da böyük rol oynayır.

Məsələn, mən Azərbaycanda belə bir kitabxana tanımıram. Ümumiyyətlə, oradakı kitabxana sistemi çox bərbaddı. Hətta, bir ara, kitabxanaların ləğv edilməsi haqında bir şeylər oxumuşdum. Dəhşətə gəlmişdim. Necə ola bilər? Kitabxana insan yetişdirən ən önəmli yerdi. Kitab kafelər də təqdirəlayiqdi, amma olmayan yerdə. Kitabxanalar, hər hansı məmurun açdığı modern “book coffee”nin üstündə bir məkandı, yetişdirmə yurdudu. Bunu ləğv etmək nədir? Əksinə, bərpa etmək, yeniləmək, böyütmək lazımdı. Ana-uşaq zalları açmaq, kampaniyalar təşkil etmək, uşaqlar üçün kitablı şərait lazımdı.

Dildə deməklə deyil, əməllə icra gərəklidir. Ancaq bu şəkildə nələrəsə nail olmaq mümkündü. Analara (atalara) səslənirəm, övladlarımızı bizim nəslin böyütməsi onların şansıdır. Bu şansı dəyərləndirmək üçün onlara kömək edin, lap kiçik yaşlarından başlayın hər şey üçün. Övladınızı teatrlara aparın, canlı çizgi filmləri izlədin. Dil öyrədin, masalarına daim qələm qoyun, otaqlarında dəftər-kitablar olsun. Bunlar kiçik kimi görünən, fəqət böyük şeylər yaradan addımlardı.

Nə qədər ki, kitablar var, dünya gözəlliklərə bürünəcək. Biz görməsək də olar, övladlarımız gözəl dünyada yaşasın, yetərli!

Aysel Ateş Abdullazadə

Türkiyə-Antalya


Müəllif: Səbinə Şükürova