1955-ci il martın 6-da, saat 22:50-də vəfat edən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə martın 8-də dəfn olunur. Cənazə mərasimi Ankarada yüksək səviyyədə təşkil edilir, mücadilə yoldaşları, dostlarının iştirakı ilə son mənzilə yola salınır. Türkiyə qaydalarına uyğun olaraq sadə formada hazırlanan məzar daşında adı, soyadı, doğum və ölüm tarixləri qeyd olunur.
Sinə daşının sağ tərəfində Azərbaycan Cümhuriyyətinin İstiqlal bəyannaməsinin iki bəndi yazılır, sol tərəfində isə iğdırlı şair, Azərbaycan istiqlal mübarizəsinin simalarından Kərim Yaycılının “Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal; Onun məfkurəsiydi – Haqq, Müsavat, istiqlal” misrası qeyd olunur. Daşın ön hissəsində isə Rəsulzadənin iki məşhur şüarı qeyd olunur: “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Bir dəfə yüksələn bayraq, bir daha enməz!”.
Məzarı qorumaq üçün üzəri bir müddət dəmir çərçivə ilə də əhatə olunur.
1990-cı ilədək bu məzar Türkiyədəki azərbaycanlıların müqəddəs ziyarət yeri olub. Azərbaycan Kültür Dərnəyi doğum və anım günlərində məzarın başında tədbirlər keçirib. 1989-cu ildən sonra sərhədlər açıldığı zaman Azərbaycandan Türkiyəyə yola düşənlər də bu məzarı ziyarət etməyə başlayıblar. Sara Aşurbəyli, Hacı Hacıyev, Qafar Kəndli, Şirməmməd Hüseynov, Nəsiman Yaqublu kimi tarixçilərin, jurnalistlərin bu məzar önündə hələ o illərdə çəkilmiş fotoşəkilləri var.
1992-ci ilin yanvar ayında prezident Ayaz Mütəllibov Rəsulzadənin məzarını ziyarət edib. Yazıçı Anar, müğənni Polad Bülbüloğlunun da qatıldığı mərasimdə Azərbaycan prezidentini Ankarada qarşılayan Milli Mərkəzin sədri Məhəmməd Kəngərli olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 22 mart 1992-ci ildə Əsri məzarlığını ziyarət edib, Rəsulzadənin məzarına əklil qoyub. Bu ziyarətlə bağlı bir neçə fotoşəkil mövcuddur.
1 noyabr 1992-ci ildə prezident Əbülfəz Elçibəy dövlət başçısı kimi Rəsulzadənin məzarını ziyarət edib. Həmin ziyarətdə şair Bəxtiyar Vahabzadə də iştirak edib.
O illərdə digər dövlət rəhbərləri, partiya sədrləri, Türkiyədə təhsil almağa gələn tələbələr də mütəmadi şəkildə məzarı ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 90-cı ildönümündə - 2008-ci ildə Azərbaycan Kültür Dərnəyi qəbri anıt məzar şəklində yenidən hazırlayıb. Həmin ilin 28 mayında saat 11:30-da Anıt məzarın açılışı olub. Tədbirdə Azərbaycan hökumətinin üzvləri də iştirak ediblər.
Anıt məzarın dizaynı Azərbaycan Kültür Dərnəyinin katibi, rəssam Tuncer Kırhana aiddir. Anıt 26 kv.m mərasim ərazisində yerləşir. 4 bərabər ölçüdə olan sütunların yükəskliyi 285 sm-dir. Bu rəqəm simvolikdir: 28-ci gün, 5-ci ay kimi, yəni Cümhuriyyətin qurulduğu tarix. Sütunlarda türk kilim motivləri və Qafqaz xalqlarının ortaq mədəni dəyərlərini əks etdirən naxışlar əks olunub. Sütunun üzərini əhatə edən daşda bayraq və gerbimiz verilib.
Qəbrin ölçüləri isə 34x71 sm-dir. 34 Rəsulzadənin Cümhuriyyəti elan etdiyi vaxtdakı yaşı, 71 isə vəfat etdiyi yaşıdır.
Anıt məzarda traverten daş və qırmızı qranitdən istifadə olunub.