Karantin günlərində xatirələr 1
Həyatımızda 3 “y” hərfi ilə başlayan feillərin - yemək, yatmaq və yazmaq – bir-birini təkrar etdiyi bu zamanlarda anidən keçmişin xatirələri canlanır, sanki çöldə fiziki hərəkət etmədiyimizdən beynimizin bu günlər üçün saxladığı bu anılar parlaq şəkildə üzə çıxır.
Eləcə də bu gün baş vermişcəsinə yenidən sevindirir və ya kədərləndirir.
Yəqin ki, sizlər də düşünmüsünüz. Dünyaya gəldikdən sonra yadınızda qalan ilk hadisə nədir? Bu fərdin fiziki durumuna görə 3 və ya 4 yaşdan etibarən mümkün olur.
7 yaşıma qədərki xatirələr qırıq-qırıqdır. Bəzi epizodlar daha aydındır, bəziləri isə qəfil şəkildə yoxa çıxır. Amma onların ortaq bir nöqtəsi var: pis hadisələr, pis xəbərlər.
... İrəvanda taxtadan bir qapı xatırlayıram. Sarı rəngdə. Ondan sonra içində də ailəmizin olduğu bir maşın. Pəncərədən baxıram, uzaqdan bir çay axır. Sonralar adının Araz olduğunu öyrəndiyim. Şəhərin mərkəzindəyik. Əlində qılınc bir heykəl yadıma düşür. Ona heyrətlə baxıram. Ardınca xatirələr yola çıxır.
Sonralar öyrənirəm ki, İrəvandan köçdüyümüz zaman bir müddət Naxçıvandakı qohumlarımızın yanına sığınmışıq.
5 yaşındayam. Aradan iki il keçib. Sumayıtda yaşayırıq. Səhərisi küçələrdə vahiməli xəbər dolaşır: Bakıda hamını qırıblar. Qaçqın olduğumuz üçün onsuz da tədirgin həyatımıza daha bir ağır zərbə gəlir. Səhərisi gün atamın bir qohumumuzla Bakıya doğru yola düşməsi indi də film lenti kimi yadımdadır...
Televizorun qarşısındayam. Ağ-qara rəngli geyimdə olan insanlar əsəbi şəkildə nəyisə müzakirə edirlər. Evdəki həyəcana qapılıb baxırıq, yoxsa bir şey anlamırıq. Mənə elə gəlirdi ki, bu dəqiqə hər kəs yalnız bir şeyə baxır – sonradan adının Milli Məclis olduğunu öyrəndiyimiz yerdəki çıxışlara...
Gecə saat 4-dür. Evdən kimsə hövlnak qalxıb yola düşür. Səhər üzü stolun üstündə iki çörək görürəm. Artığını vermirlərmiş. Artıq ələ düşəndə də dilimlənir, suxari edirir, daha sonra şorbanın içinə atılır...
Olduqca kök, yaşlı bir adam qardaşımla birgə əlimdən tutub Sumqayıtın səkilərində gəzdirir. Daşın içindən su çıxır. Qəribə şəkildə bir bulaqdır. Ağzımızı dayayıb su içirik. Babam olan bu yaşlı adam sonra vəfat edir, çoxlu insan arasında ora-bura vurnuxuram.
Məhəllədə əyləşmişəm. Qışqırıq qopur. Raminin qardaşını öldürüblər. Snayper başının arxasından vurub. İlk dəfə vay-şivən, üzünü cıran qadınlar görürəm. Kimsə o vurhavurda “məhəllədə şəhid bulağımız” olacaq deyə sakitcə pıçıldayır.
Alt qonşuda yaraşıqlı bir gənc. Xərçəng olduğu deyilir. Hər gecə düşünür ağlıma sığışdıra bilmirəm. Xərçəng dənizdən çıxıb onun bədəninə necə girib?