Kir-pasaqlı, nimdaş, yamaqlı, özündən böyük cüssəsiz bədəninə bürüdüyü paltonun içindən başı boylanır. Üzü elə paltonun rəngindədir – bomboz.
Arxa cibindən qatlama bıçağını çıxarıb qəssabın zibil qutusunun yanına atdığı heyvan cəsədinin sür-sümüyünü, içalatını didməyə başladı. Olan-qalan əti bıçağın ağzına verib sıyırır. Güc verib bıçağı dirəyir, sümük qarışıq gəzdirir. Bıçağın ağzına gələn əti barmağıyla sıyırıb torbaya atdı. Yaxınlıqda pişiklər vurnuxur, şaftalı ağacına qonmuş qarağa da bayaqdan gözünü ona dikib, qalxıb getməsini gözləyir. Torbanı ayaqlarının arasına çəkir, bir gözü pişiklərdə dörd gözü də cəmdək tör-töküntüsündə. Ürəyi dözmür, iki pişikdir, hərəsi üçün bir parça kəsib atır.
Ağacın gövdəsinə söykənir, əlinin tərsi ilə alnını silir. Külək çallaşmış saçını yellədir. Nəfəsini dərib yenidən didib-parçalayır, amma kəsdiklərini barmaqlarının ucunda atır torbaya, o boyda cəmdəkdən heç nə qalmayıb. Arada ətrafına boylanır, bozarmış üzünün dərin qırışlarında qalmış balaca qızartı tapır, əli yavaş tərpənir – gələn olur, utanır deyəsən bir az, gözləri çiyninin üstündən zillənir. Gedirlər, yavaş-yavaş uzaqlaşır adamlar, əli hərəkətə gəlir, qırğı kimi didir cəmdəyin içalatını kor bıçaq. Bıçağı atıb əliylə girişir, bıçaqdan daha tez qoparır.
Paltosunun boyunluğunu bir az qaldırır, başı da yoxa çıxır. Görünməz olur. Ruha bənzəyir indi. Sanki bir ruh dolub bu paltonun içinə - gözəgörünməz bir güc idarə edir onu. Bir dəst insansız libas…
Amma tərpənir, həyat eşqi qaynayır – o libasın içində insan gizlənib. Hələ ölmək vaxtı deyil, nə qədər gec deyil, əcəl gəlib bıçağı əlindən almayıb yaşamaq lazımdır. Parçalayır, yaxınlaşdırıb baxır, lazım olmayanları zibil qutusuna, olanları torbaya atır. Arada burnuna yaxınlaşdırır, qoxlayır, hələ heç nə bitməyib, yemək olar.
Torbaya baxır, bir xeyli nəsə yığa bilib. Torbanın ağzını bağlayıb, yerdə qalanları pişiklərin sərəncamına verir. Ağaca yastlanıb siqaret yandırır, axşam onu gözləyən ətli yeməyin ləzzətini içinə çəkib buraxmaq istəmədiyi tüstüdən dadır.
Hər gün qəssabın bıçağı heyvanın boğazına uzanmamış zibil qutularının yanında peyda olur. İri tiyəli bıçaq uzanıb heyvanın gözlərindən işığı çıxardıqca, onun gözlərində nəm işıq peyda olur. Onda əllərini ovuşdurur, isti nəfəsini üfürür ovuclarına. Yəni hələ vaxta var, hələ cəmdək öz dərisini soyunmayıb, lüt-üryan asılmayıb qırmaqdan. Zibil qutularına cumur, bir gözü qəssabın dərisini çıxardığı heyvanda, dörd gözü də qutularda olur. Əyilib baxır, əlinə keçəni doldurur kisəyə.
İlıq bir bahar küləyi əsib keçir küçədən, bir də qol-qola, gülümsəyən qadınlar. Qaranquşlar, onlar da buradadır, haça quyruqları arxalarında qanad çırpırlar göy üzünə. Haradasa uzaqlarda yoxa çıxıb yenidən qayıdırlar. Uşaqlar da var – səsləri binaların damlarına ucalan balaca adamlar. Bəs o? O, hələ ki, bu dünyadan deyil, şaftalı ağaclarının çiçəklərini udub üfunət qaynadan zibil qutularına püskürür. Uşaqkən meyvələrinin bədənini, çiçəklərinin burnunu dalayan şaftalı ağaclarının çiçəklərindən həzz ala bilmir. Ara-sıra ağacların yuxarısına boylanır, harasa uzaqlara baxır, nədəsə ilişib qalır gözləri, amma tez qayıdır, qala bilmir orada. Bu il də bu yaz, bu günəş, yaşamağa çağıran arzuları onun olmayacaq. Bu il də o arzularını təxirə salmalı olacaq, bu il də xəyallarını qatlayıb ürəyinə atıb.
Kisə - onu doldurmaq lazımdır. Nə qədər qəssab o biri cəmdəyin dərisini dartıb boğazından çıxarmayıb doldurmaq lazımdır. Əliboş qayıtmaq, ac qalmaq deməkdir – bu gecəni də mədəni qarnına sıxıb yatmaq olmaz. Bu gün yox, bəlkə sonra, amma indi yox...
Gəzişir, ikiqat olub. Görmək üçün bir az da əyilir, dəli kimi o qutudan bu birinə keçir, zibil maşını gəlməmiş işi qurtarmaq lazımdır. Deyəsən, ağrı duyur canında, qalxıb kürəyini ağaca yastlayır, dikəlir. Kürəyindəki ağrı bülbül nəğməsi kimi sürüşüb çıxır canından. Ağzını göyə açıb dərindən nəfəs alır.
O, əlində nə keçdi kisəyə doldururdu. Sanki içində böyüyən qəzəbini, hirs-hikkəsini bununla soyutmağa çalışırdı. Bir dəfə boş yağ qutusuna əli ilə qazdığı torpağı doldurmuşdu, sonra aparıb zibil qutularından birinə boşaltmışdı. Onda qəzəbini boğa bilməmiş, zibil qutularından o tərəfə - şaftalı ağaclarının tünd qoxusunun burun qıcıqlandıran uşaqlığına adlaya bilməmişdi.
Zibil qutuları onun həyatı və arzuları arasında nəhəng Çin səddi kimi uzanırdı. Hun döyüşçüsü kimi vurnuxur, yuxarı can atır, yarıyadək dırmaşır, hər dəfə də bu səddin dibində çömbəlib cəmdəyin sümüyündən ət didirdi.
Hansı zamanda yaşayırdı, nə vaxt doğulmuşdu – bilmirdi. İndi ona hansı yaşı desən vermək olardı, əsrlərdir yaşayırdı sanki. Allah bilir neçə yaşı vardı. Nə vaxt doğulmuşdu, anası onu harada doğub yaddan çıxarmışdı? Sanki hansısa gözəgörünməz bir qüdrətli güc bu kimsəsiz körpəni böyütdüyü kimi də qocaltmışdı, hansısa möcüzə sayəsində indiyədək sağ qalmışdı.
Diblərinə torpaq səpilmiş, seyrək, çallaşmış saçı vardı. İllər ətini korkəsməz bıçağının qabağına verib bütün ətini sümüklərindən sıyırıb atmışdı. Arıqdı, dizləri titrəyirdi, ayaq üstə güclə dayanırdı. Səntirləyərək yeriyir, ayaqlarını bir-birinə dolaşmaqdan zorla saxlayırdı.
Gözləri dalğın baxır, iki-bir, üç-bir yanında ötən adamları etinasız süzürdü. Dərin çuxurlara yuvarlanmış bu gözlər tünd bataqlıq palçığı rəngindəydi.
Həyat ona üzündə utanmağa yer qoymamışdı. Həyat ondan elə bir qisas almışdı ki, bu nifrətə görə danışmağı özünə qadağan etmişdi. Bəlkə də etmədiyi günahlara görə. Kim bilir. Dodaqları bir-birinə kip sıxılmışdı, onu açmağa heç allahların da gücü çatmazdı. Boğazından yapışıb boğsan, ağzını açıb nəfəs almağa ehtiyac duymazdı sanki. Pandoranın qutusu kimi bağlıydı ağzı, Allah bilir nə kövşələyir içində, nəyi danışa bilmir.
Onun ovurdları köhnə qəbir kimi öz dibinə çöküb. Bu boşluğu doldurmaq, arada qızarmaq üçün onun üzündə ət qalmayıb. İmkan tapan kimi irəli şütüyən almacıq sümükləri, gözlərini bir qədər də çəkib çuxurun dibinə aparıb. Bu gözlər nə vaxt qayıdacaqdı? Nə bilsin...
Gözləri dərin quyunun dibində günəş işığı düşən bulanıq su kimi parıldayırdı. Bu nəmli işıq ondakı yeganə həyat əlamətidi.
Dişləri sanki anadangəlmə yox idi, damaqları bərk görünürdü. Güləndə dili bu damaqların arasında qurbağa dili kimi uzanıb, tez də yoxa çıxırdı. Bəzən bu dil o damaqların arasından uzanıb çirkli ağzının qıraqlarını yalayırdı. Bu vaxt ağzından açılan su çənəsinin şırımından axıb sinəsinə yönələndə cəld əlini uzadıb silirdi.
O heç vaxt danışmırdı. Ona pul, bəzən çörək, bəzən də su uzanan əllərə eləcə baxırdı. Gülümsəyərək cavab verirdi. Bəzən iki qaşını alnına doğru çəkərək yanından ötüb keçən adamlara ac köpək yaltaqlığı ilə baxırdı. Onda gözlərindəki parlaqlıq tündləşib yoxa çıxırdı. Udduğu siqaret tüstüsünü sanki unudur, sirli şəkildə harasa yoxa çıxarırdı.
Qəribə yerişi vardı, ayaqları həmişə ondan arxada qalırdı. Kisəyə güc verib çiyninə atanda bir az da əyilir, başı özündən irəli qaçırdı. Buzqıran gəmi kimi asta-asta irəli sürünürdü. Döngədə yoxa çıxanda birinci başı görünməz olurdu, sonra arxasınca güclə çəkib apardığı ayaqları.
Siqaret elə bil dodaqlarına yapışırdı. Siqareti dartsaydın, dodaqları rezin kimi dartılıb uzanacaqdı. Tüstünü çəkəndə ovurdları damaqları arasında sovrulur, hər iki üzündə böyük çuxur əmələ gəlirdi. Bu vaxt qabağa dartılan dodaqları və enli burnu bu iki çuxuru bir-birindən ayıran lək tirəsinə oxşayırdı.
Siqaret fasiləsinə çıxanda həmişə kürəyini şaftalı ağacına yastlayırdı, onda tamamilə yoxa çıxırdı, heç buralarda olmurdu. Bostan qorxuluğu kimi donurdu yerində. Amma ən kiçik mehin müqavimətinə tab gətirmir, çallaşmış saçı ilə birlikdə yellənirdi. Buna saç da demək olmazdı. Qalınlaşmış, barmaqla sayılacaq qədər bir çəngə qarğıdalı saçağına oxşayan qıl topası.
Həyat onunla yaxşı davranmamışdı, əməlli-başlı əl gəzdirmişdi. Həyat əlinə aldığı qayçıyla əvvəlcə arzularını kəsib atmış, sonra bədəninə cummuşdu. Sadəcə sümüklərinə dəyməmişdi, ətini kəsib atdıqdan sonra bir dəri çəkmişdi üstünə. Elə bil bu qırışmış dəri də onun deyildi, nə vaxtsa ölmüş bir insanın bədənindən oğurlayıb geyindirmişdi. İndi də özünün olmayan bu dəriyə ögey münasibət bəsləyir, ona sadəcə lüt-üryan qalmasın deyə bürünürdü. Nə həyat, nə də özü bu dəriyə doğmalıq edirdi.
Boynuna, başına daraşan milçəklərdən də xəbəri olmurdu. Tamam əldə düşmüşdü, yalnız zibil qutuları arasında vurnuxanda hələ də nəyəsə ümid etdiyini, buna görə canında təpər saxladığını görmək olardı.
Çəhrayı şaftalı çiçəkləri, qayğılardan uzaqlardan qanadlanan yüksələn uşaq səsləri, şən-şən gülümsəyən qadınların dikdaban taqqıltısı, zarafatlaşan gənclərin həyat dolu gülüşləri qocada özünə qarşı istehza oyadır. Amma nə qoca bunun fərqindədir, nə həyat. Şaftalı çiçəklərinin tünd qoxusu burnunu qıcıqlandıranda əl atıb zibil qutusundan götürdüyü bir cüt nimdaş ayaqqabını burnuna yaxınlaşdırdı. Əyilib ayaqlarına tutdu, ora-burasını gözdən keçirib kisəyə atdı.
Nəm işartı gözlərinə qayıdır, içindən yeni ümidlər boylanır. Düşünür, ətrafına boylanır. Qarşısında parıldayan bu işıqlı həyat şaftalı ağacının çiçəklərinin tünd qoxusuna qarışır. Dərindən nəfəs alır, sümükləri görünən sinəsi qabarır. O, udduğu həyat dolu bu havanı geri vermək istəmir, yumulmuş gözləri altında dolaşan səadət dolu günlərə cumur. Xatirələri onu geri səsləyir, o bir an gözləmədən geri tələsir, tələsdikcə də kiçilir, balaca bir uçaq qalanadək küçə boyunca qaçıb özünü anasının ağuşuna atır, bu qadın onun balaca alnında parıldayan tər damlalarını silir, anasının əlindən çıxıb atasına sığınır. Gülümsəyir, gülür, qayğısız həyatın ağuşunda qıvrılıb bir az da balacalaşır. O bu səadətli günlərdən geri qayıtmaq istəmir, çiçək açmış şaftalı ağacları arasında qaçır, gah anasına, gah atasına boylanır – öz balaca boyu ilə. Bu tünd qoxu onu keçmişinə qaytarır, ən xoş xatirlələrə çevrilib onu həyatın o tərəfinə səsləyir. Öz anasının dilində. Amma bayaq udduğu çiçək qoxulu nəfəs siqaret tüstüsünə qarışıb burun dəliklərindən havalanıb yoxa çıxanda yenidən çallaşmış saçı, batıq ovurdları, bir dəri, bir sümüklə güclə özünü saxlayan dizlərinin üstündə peyda olur. Zibil qutularının arasında...